Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 83

Maddə 83. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

83.1. Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:

83.1.1. sərbəst dövriyyəyə buraxılanadək;

83.1.2. məhv edilənədək;

83.1.3. dövlətin xeyrinə imtina olunanadək;

83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək;

83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək;

83.1.6. gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar bu Məcəllənin 163.4-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatanadək.

83.2. İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.

83.3. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olurlar.

83.4. Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir.

83.5. Əvvəllər gömrük ərazisindən çıxarılmış malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin şəxslər tərəfindən bu Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər.

83.6. Aşağıdakı hallarda mallar daxili mal statusunu itirir:

83.6.1. daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmədən gömrük ərazisindən aparıldıqda;

83.6.2. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan dövlət xeyrinə imtina edildikdə və ya həmin malların məhv edilməsi zamanı tullantılar və ya qalıqlar yarandıqda;

83.6.3. buraxılışdan sonra malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsinə dair gömrük bəyannaməsi ləğv edildikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver