“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 24 dekabr 2012-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 163.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi qaydasını müəyyən edir.
1.2. Mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış şərti buraxılışdır.
1.3. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər.
1.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir.
1.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar Gömrük Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar.
2.1. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində bu Qaydanın 1.3-cü bəndinə uyğun olmayan məqsədlər üçün sərəncam verilməsi gömrük orqanlarının icazəsi ilə aşağıdakı üsullarla həyata keçirilir:
2.1.1. qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənilərək, mallar sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməklə;
2.1.2. mallar məhv edilməklə;
2.1.3. mallardan dövlətin xeyrinə imtina edilməklə;
2.1.4. mallar gömrük ərazisindən faktiki çıxarılmaqla.
2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan icazənin alınması üçün gömrük orqanına ərizə ilə müraciət olunur.
2.3. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
2.3.1. ərizəçinin müraciət etdiyi gömrük orqanının adı;
2.3.2. ərizəçi fiziki şəxs olduqda, onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
2.3.3. ərizə hüquqi şəxsin adından verildikdə, onun adı və hüquqi ünvanı;
2.3.4. mallara gömrük ödənişləri üzrə güzəştlər verilməsinə əsas verən və gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış malların istifadə məqsədini əks etdirən məlumatlar;
2.3.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
2.3.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
2.3.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
2.4. Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə edilir.
2.5. Gömrük orqanı tərəfindən müraciətə onun daxil olduğu tarixdən 2 (iki) iş günü müddətində baxılır və şəxsə kağız üzərində yazılı formada icazə verilir.
2.6. Gömrük Məcəlləsinin tələblərinin yerinə yetirilməməsi barədə əsas olduqda, icazənin verilməsindən imtina edilir və bu barədə şəxsə əsaslandırılmış səbəb göstərilməklə, kağız üzərində yazılı formada məlumat verilir.
3.1. Gömrük rüsumlarının və vergilərinin ödənilməsi qaydası Gömrük Məcəlləsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə malların şərti buraxılışına dair digər hallar və qaydalar müəyyən oluna bilər.
1. 13 mart 2015-ci il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 05 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 447)
2. 01 may 2015-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 638)
3. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)