Qanunvericilik › “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 12.11.2010) › Tam mətn

“Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 12.11.2010)

“Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 12.11.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1046-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 298 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il

1.1. Bu Qayda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə uyğun olaraq, gömrük orqanlarına xidmətə qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin keçirilməsi qaydasını müəyyən edir.

1.2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

1.3. Gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və mediada elan verilir.

1.4. Müsabiqəyə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən vətəndaşlar buraxılırlar.

1.5. Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri (məlumatları) təqdim etməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd;

- əmək kitabçası (olduğu halda);

- müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;

- sağlamlığının vəziyyəti haqqında tibbi arayış;

- ata (ana), ər (arvad), oğul (qız), doğma qardaş (doğma bacı), yaxud himayəsində olduğu şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar;

- hərbi bilet və ya digər hərbi uçot sənədi.

1.5-1. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müsabiqədə iştirak etmək istəyən namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müsabiqədə iştirak etmək istəyən namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin namizəd tərəfindən təmin edilir.

1.6. Namizədlərin təqdim etdiyi sənədlər (məlumatlar) qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılır.

1.7. Kiçik heyət, orta və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə şəxslər müsabiqə əsasında qəbul edilirlər.

1.8. Aşağıda göstərilən namizədlər test imtahanından azad edilirlər və onlarla yalnız müsahibə keçirilir:

1.8.1. kiçik heyət və baş rəis heyəti (gömrük xidməti mayoru və tibb xidməti mayoru xüsusi rütbələri nəzərdə tutan vəzifələr istisna olmaqla) üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən namizədlərlə;

1.8.2. prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslərlə;

1.8.3. digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularla;

1.8.4. hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslərlə;

1.8.5. gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik mütəxəssislərlə.

2.1. Müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq olunur.

2.2. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və digər mütəxəssislər cəlb edilə bilərlər.

2.3. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.4. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.

3.1. Namizədlərin müsabiqəyə buraxılması, müsabiqənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur və ictimaiyyətə çatdırılır.

3.2. Müsabiqənin müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədi ilə digər müvafiq dövlət qurumları cəlb oluna bilərlər.

1. 18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355)

2. 31 may 2023-cü il tarixli 2157 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 may 2023-cü il, “Xalq” qəzeti, 1 iyun 2023-cü il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 661)

3. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)

4. 12 avqust 2024-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 13 avqust 2024-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 943)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver