“Gömrük orqanlarında sınağın keçirilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 20-ci maddəsinin ikinci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası
1. “Gömrük orqanlarında sınağın keçirilməsi Qaydası və şərtləri” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi Təminat İdarəsi bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Komitənin Katibliyi bu Qərarın surətinin Komitənin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2026-cı il 23 yanvar tarixli 3-33/001K nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Gömrük orqanlarında sınağın keçirilməsi Qaydası və şərtləri
1.1. “Gömrük orqanlarında sınağın keçirilməsi Qaydası və şərtləri” (bundan sonra – Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 20-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq hazırlanmışdır və ilk dəfə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) Aparatında, Komitənin strukturuna daxil olan gömrük orqanlarında və tabeliyində olan digər qurumlarda (bundan sonra – gömrük orqanları) xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə xidmətə qəbul edilən şəxslərin (bundan sonra – sınaq müddəti müəyyən edilmiş şəxs) sınaq keçmə qaydalarını və şərtlərini müəyyən edir.
1.2. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə qəbul edilən işçilərin sınaq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun, dövlət qulluqçusu olmayan işçilərin sınaq keçməsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənir.
1.3. Aşağıdakı şəxslər barəsində sınaq müddəti müəyyən edilmir və onlar müvafiq vəzifəyə təyin olunmaqla gömrük orqanlarında daimi xidmətə qəbul edilirlər:
1.3.1. gömrük orqanlarında rəhbər vəzifələrə təyin olunan şəxslər;
1.3.2. dövlət qulluqçusu və ya əvvəllər dövlət qulluğunda işləmiş və müvafiq ixtisas dərəcəsinə malik olan şəxslər;
1.3.3. elmi dərəcəsi olan şəxslər.
1.4. Sınaq müddəti müəyyən edilmiş şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 6 (altı) aya qədər sınaq müddəti müəyyən edilir. Sınaq müddəti müəyyən edilmiş şəxslər xüsusi rütbə verilmədən müvafiq vəzifəyə təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar.
1.5. Sınaq müddəti gömrük orqanına işə qəbula dair əmrdə göstərilir. Sınaq müddəti Komitə tərəfindən qısaldıla bilər.
1.6. Sınaq müddətinin nəticələri sınaq müddəti müəyyən edilmiş şəxsə təyin olunan mentor, habelə ilkin peşə hazırlığı kursunu həyata keçirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (bundan sonra – Akademiya) tərəfindən qiymətləndirilir.
1.7. Sınaq müddəti müəyyən edilmiş şəxs gömrük orqanlarının vəzifəli şəxsləri üçün müəyyən edilmiş müvafiq hüquq və vəzifələrə malik olmaqla, xidmət keçmə şərtlərinə riayət etməlidir və bu şərtlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
1.8. Sınaq müddəti müəyyən edilmiş şəxsin sınaq keçməsi onun vəzifəyə təyin edildiyi gömrük orqanının müvafiq struktur bölməsində həyata keçirilir.
2.1. Sınaq müddəti müəyyən edilmiş şəxsə mentor təyin edilir. Mentorun təyin edilməsi gömrük orqanına işə qəbula dair əmrdə göstərilir.
2.2. Mentor gömrük orqanlarında azı 3 (üç) il xidmət stajına malik olmalı, nümunəvi xidməti fəaliyyəti və yüksək peşəkarlığı ilə fərqlənməlidir. Gömrük orqanlarının (Komitə Aparatına münasibətdə müvafiq struktur bölmələrin) rəhbərləri hər bir struktur bölmə üzrə mentor qismində cəlb edilməsi nəzərdə tutulan namizədlər barədə təkliflərini Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsinə təqdim edirlər.
2.3. Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi daxil olmuş təklifləri təhlil edir və bu Qaydanın 2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla müvafiq struktur bölmələr üzrə mentorların yekun siyahısını hazırlayır.
2.4. Mentor sınaq müddəti müəyyən edilmiş şəxsin fəaliyyətinə nəzarət edir, xidməti vəzifələrinin icrası zamanı onu istiqamətləndirir, müvafiq hüquqi aktların tələblərini və xidməti vəzifələrini ona izah edir, habelə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş istiqamətlər üzrə onun fəaliyyətini qiymətləndirir.
2.5. Sınaq müddəti ərzində mentor vəzifəsindən azad edildikdə, başqa vəzifəyə keçirildikdə və ya bu Qaydanın 2.8-ci bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, mentorun sınaq keçmə ilə bağlı vəzifələrinin icrası mümkün olmadıqda sınaq müddəti müəyyən edilmiş şəxsə müvafiq struktur bölmə üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş əmrdə dəyişiklik edilməklə yeni mentor təyin edilir.
2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq əvvəlki mentor sınaq müddəti müəyyən edilmiş şəxs barəsində həmin dövr üzrə tərtib edilmiş, bu Qaydanın 1 nömrəli əlavəsində nəzərdə tutulmuş qiymətləndirilmə formasını yeni mentora təqdim edilməsi üçün sınaq müddəti müəyyən edilmiş şəxsin bilavasitə rəhbərinə təhvil verir.
2.7. Sınaq müddətinin başa çatmasına 1 (bir) aydan az müddət qaldıqda sınaq müddəti müəyyən edilmiş şəxsə yeni mentor təyin edilmir.
2.8. Mentor üzrlü səbəbdən iş yerində olmadıqda (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlanılan hallarda), bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş halda mentoru sınaq müddəti müəyyən edilmiş şəxsin bilavasitə rəhbəri, o olmadıqda isə bilavasitə rəhbərin vəzifəsini müvəqqəti icra edən vəzifəli şəxs əvəz edir.
2.9. Sınaq prosesinə cari rəhbərlik sınaq müddəti müəyyən edilmiş şəxsin sınaq keçdiyi şöbənin (bölmənin) rəhbəri tərəfindən, ümumi rəhbərlik isə Komitənin Aparatına münasibətdə müvafiq struktur bölmələrin rəhbərləri, Komitənin strukturuna daxil olan gömrük orqanlarına və tabeliyində olan digər qurumlara münasibətdə isə həmin gömrük orqanlarının və qurumların rəhbərləri tərəfindən həyata keçirilir.
3.1. Sınaq müddəti müəyyən edilmiş şəxs vəzifəyə təyin edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində mentor tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq tapşırıqlar müəyyən edilir. Tapşırıqlar ölçülə bilən, icra edilə bilən və sınaq müddəti müəyyən edilmiş şəxsin xidməti vəzifələrinə uyğun olmalı, tapşırıqların icra müddəti müəyyən edilməli, zəruri hüquqi aktların siyahısı sınaq müddəti müəyyən edilmiş şəxsə təqdim edilməlidir.
3.2. Mentor sınaq müddəti müəyyən edilmiş şəxsi tapşırıqlarla tanış edir, onların icrasına nəzarəti həyata keçirir və sınaq müddətinin sonunda bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq qiymətləndirmə aparır.
3.3. Tapşırıqların icrasının nəticələri nəzərə alınmaqla onların yerinə yetirilməsi bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq sınaq müddətinin sonunda mentor tərəfindən aşağıdakı qaydada qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır:
3.3.1. 5 (yüksək) – tapşırıqlar tələb olunan səviyyədən daha yüksək keyfiyyətlə və müəyyən edilmiş icra müddətindən əvvəl yerinə yetirildikdə;
3.3.2. 4 (yaxşı) – tapşırıqlar tələb olunan səviyyədə və müəyyən edilmiş icra müddətində yerinə yetirildikdə;
3.3.3. 3 (kafi) – tapşırıqlar tam həcmdə yerinə yetirilmədikdə və sınaq müddəti müəyyən edilmiş şəxsin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac olduqda;
3.3.4. 2 (qeyri-kafi) – tapşırıqlar yerinə yetirilmədikdə.
3.4. Tapşırıqlar üzrə verilmiş qiymətlərin cəmi onların sayına bölünməklə orta qiymət balı müəyyən edilir.
4.1. Sınaq müddəti müəyyən edilmiş şəxsin peşə bacarıqları həmin şəxsin tutduğu vəzifənin xüsusiyyətləri nəzərə alınmaqla bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq sınaq müddətinin sonunda mentor tərəfindən aşağıdakı qaydada qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır:
4.1.1. 5 (yüksək) – peşə bacarıqları tələb olunan səviyyədən daha yüksək səviyyədə nümayiş etdirildikdə;
4.1.2. 4 (yaxşı) – peşə bacarıqları tələb olunan səviyyədə nümayiş etdirildikdə;
4.1.3. 3 (kafi) – peşə bacarıqları qənaətbəxş səviyyədə nümayiş etdirildikdə, lakin onların inkişaf etdirilməsinə ehtiyac olduqda;
4.1.4. 2 (qeyri-kafi) – peşə bacarıqları tələb olunan səviyyədə nümayiş etdirilmədikdə.
4.2. Peşə bacarıqları üzrə verilmiş qiymətlərin cəmi onların sayına bölünməklə orta qiymət balı müəyyən edilir.
5.1. Sınaq müddəti müəyyən edilmiş şəxsin etik davranış qaydalarına və xidməti intizama riayət etməsi bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq sınaq müddətinin sonunda mentor tərəfindən aşağıdakı qaydada qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır:
5.1.1. 5 (yüksək) – etik davranış qaydalarına və xidməti intizama ardıcıl və yüksək səviyyədə riayət edildikdə, nümunəvi davranış nümayiş etdirildikdə;
5.1.2. 4 (yaxşı) – etik davranış qaydalarına və xidməti intizama tələb olunan səviyyədə riayət edildikdə;
5.1.3. 3 (kafi) – etik davranış qaydalarına və xidməti intizama tam şəkildə riayət edilmədikdə, müəyyən edilmiş tələblərin ayrı-ayrı hallarda pozulmasına yol verildikdə;
5.1.4. 2 (qeyri-kafi) – etik davranış qaydaları və xidməti intizam mütəmadi olaraq pozulduqda, bu barədə edilmiş xəbərdarlıqlardan müvafiq nəticə çıxarılmadıqda.
5.2. Etik davranış qaydalarına və xidməti intizama riayət etmə üzrə verilmiş qiymətlərin cəmi onların sayına bölünməklə etik davranış qaydalarına və xidməti intizama riayət etmə üzrə orta qiymət balı müəyyən edilir.
6.1. Sınaq müddəti ərzində tapşırıqların icrasının, peşə bacarıqlarının, etik davranış qaydalarına və xidməti intizama riayət etmənin qiymətləndirilməsi nəticələri əsasında mentor tərəfindən yekun qiymət müəyyən edilir. Yekun qiymət tapşırıqların icrası, peşə bacarıqları, etik davranış qaydalarına və xidməti intizama riayət etmə üzrə müəyyən edilmiş orta qiymətlərin cəminin üçə bölünməsi yolu ilə hesablanır.
6.2. Mentorun yekun qiyməti 3 (üç) bal və daha yüksək olduqda nəticə məqbul hesab edilir.
6.3. Yekun qiymət nəzərə alınmaqla mentor tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tövsiyə hazırlanır.
6.4. Bu Qaydanın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq tapşırıqların icrasının, peşə bacarıqlarının, etik davranış qaydalarına və xidməti intizama riayət etmənin qiymətləndirilməsi nəticələri və bu nəticələr əsasında hazırlanmış tövsiyə sınaq müddəti başa çatdıqdan sonra 5 (beş) gün müddətində gömrük orqanının (Komitə Aparatına münasibətdə müvafiq struktur bölmənin) rəhbəri tərəfindən Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsinə təqdim edilir.
7. İlkin peşə hazırlığı kursları
7.1. İlkin peşə hazırlığı kursu iki aylıq müddəti əhatə edir. İlkin peşə hazırlığı kursunun keçirilmə vaxtı, proqramı və həmin proqramın mənimsənilmə səviyyəsinin qiymətləndirilməsi forması Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi ilə razılaşdırılmaqla Akademiya tərəfindən müəyyən edilir. İlkin peşə hazırlığı kursunun nəticələrinin qiymətləndirilməsi müsahibə, yazılı imtahan və ya test imtahanı formasında həyata keçirilir.
7.2. İlkin peşə hazırlığı kursu, habelə təkrar qiymətləndirilmə prosesi sınaq müddətinin başa çatmasına ən geci 1 (bir) ay qalanadək başa çatdırılmalıdır.
7.3. Akademiya ilkin peşə hazırlığı kursunun nəticələrini kurs başa çatdıqdan sonra 5 (beş) gün müddətində bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsinə, həmçinin nəticələrə dair məlumatları şəxsin sınaq keçdiyi gömrük orqanına (Komitə Aparatına münasibətdə müvafiq struktur bölməyə) və sınaq müddəti müəyyən edilmiş şəxsə təqdim edir.
7.4. İlkin peşə hazırlığı kursunun yekun qiymətləndirilməsi üzrə mümkün olan maksimal balın azı 60 faizini toplamış şəxslər kursu müvəffəqiyyətlə başa vurmuş hesab edilirlər.
7.5. Yekun qiymətləndirilmə üzrə 35–59 faiz aralığında nəticə göstərmiş şəxslər bir dəfədən çox olmamaq şərti ilə bu Qaydanın 7.3-cü bəndinə uyğun olaraq ilkin peşə hazırlığı kursunun nəticələri təqdim edildiyi gündən etibarən 20 (iyirmi) gün müddətində təkrar qiymətləndirilməyə cəlb edilirlər.
7.6. İlkin peşə hazırlığı kursunun yekun qiymətləndirilməsi üzrə 34 faiz və ya daha aşağı nəticə göstərmiş şəxslər kursu müvəffəqiyyətlə başa vurmamış hesab edilirlər.
7.7. Təkrar qiymətləndirilmə zamanı mümkün olan maksimal balın azı 60 faizini toplamış şəxslərin nəticələri məqbul hesab edilir.
8.1. Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi bu Qaydanın 6.4-cü bəndinə uyğun olaraq sınaq müddəti müəyyən edilmiş şəxsin tapşırıqların icrasının, peşə bacarıqlarının, etik davranış qaydalarına və xidməti intizama riayət etməsinin qiymətləndirilməsi nəticələri və bu nəticələr əsasında hazırlanmış tövsiyə təqdim edildikdən sonra 10 (on) gün müddətində həmin tövsiyəni və ilkin peşə hazırlığı kursunun, habelə təkrar qiymətləndirilmənin nəticələrini nəzərə alaraq aşağıdakı məsələlər barədə Komitə sədrinə məlumat təqdim edir:
8.1.1. sınaq müddətini müvəffəqiyyətlə keçmiş sınaq müddəti müəyyən edilmiş şəxslər barədə – mentorun tövsiyəsi müsbət olduqda və ilkin peşə hazırlığı kursunun yekun qiymətləndirilməsi, habelə təkrar qiymətləndirilmə üzrə bu Qaydanın müvafiq olaraq 7.4-cü və 7.7-ci bəndlərində nəzərdə tutulmuş nəticələr əldə edildikdə;
8.1.2. sınaq müddətinin nəticələrinin qənaətedici olmaması halları barədə:
8.1.2.1. ilkin peşə hazırlığı kursunun və ya təkrar qiymətləndirilmənin nəticəsindən asılı olmayaraq mentorun tövsiyəsi müsbət olmadıqda;
8.1.2.2. mentorun tövsiyəsindən asılı olmayaraq, ilkin peşə hazırlığı kursunun və ya təkrar qiymətləndirilmənin nəticələri bu Qaydanın müvafiq olaraq 7.4-cü və 7.7-ci bəndlərində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
8.1.2.3. sınaq müddəti müəyyən edilmiş şəxs təkrar qiymətləndirilmədə iştirakdan imtina etdikdə.
8.2. Sınaq müddətinin qiymətləndirilməsinin nəticələrinə əsasən sınaq müddətinin nəticəsi qənaətedici olmayan şəxsin xidmətinə Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 7-ci bəndinə uyğun olaraq xitam verilir.
9.1. Sınaq müddətinin qiymətləndirilməsinin nəticələri ilə razı olmayan sınaq müddəti müəyyən edilmiş şəxs həmin nəticələrdən inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.
9.2. Komitənin tabeliyində olan qurumlarda praktiki tibb və ya əczaçılıq fəaliyyəti, habelə tədris fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rütbə nəzərdə tutulan vəzifələrə ilk dəfə təyin olunan şəxslərin sınaq keçməsi Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi ilə razılaşdırılmaqla həmin qurumlar tərəfindən həyata keçirilir.
9.3. Bu Qaydanın tələblərinə uyğun olaraq sınaq müddəti müəyyən edilmiş şəxsin sınaq keçməsinin nəticələrinə dair sənədlər həmin şəxsin şəxsi işinə əlavə edilir və Komitənin müvafiq informasiya sisteminə daxil edilir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2026-cı il 23 yanvar tarixli 3-33/001K nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarında sınağın keçirilməsi Qaydası və şərtləri”nə
Gömrük orqanının struktur bölməsi:
_______________________________________________
_________________________________________________________________
Sınaq müddəti müəyyən edilmiş şəxs:
______________________________________________
_____________________________________________________________________________________
______________________________________
___________________________________________
______________________________________
Xidməti vəzifələrə münasibət - sınaq müddəti müəyyən edilmiş şəxsin xidməti vəzifələrini və ona həvalə edilmiş tapşırıqları müəyyən edilmiş qaydada və vaxtında yerinə yetirməsi, tapşırıqların icrasında məsuliyyət nümayiş etdirməsi, xidməti sənədlərin hazırlanmasında diqqətli olması, xidməti fəaliyyəti zamanı fəallıq göstərməsi, verilən tapşırıqları mənimsəməyə və düzgün icra etməyə çalışması, habelə peşə bilik və bacarıqlarını inkişaf etdirməyə maraq göstərməsi nəzərdə tutulur.
İnnovativlik - sınaq müddəti müəyyən edilmiş şəxsin fəaliyyət sahəsi üzrə yeni biliklər əldə etməyə maraq göstərməsi, yeniliklərə açıq olması, yeni iş üsullarını mənimsəməyə çalışması, müvafiq sahədə tətbiq olunan yenilikləri izləməsi, tapşırıqların icrasında təşəbbüskarlıq nümayiş etdirməsi və xidməti fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş yanaşmaları tətbiq etməyə çalışması nəzərdə tutulur.
Kollektivdə işləmək və ünsiyyət qurmaq - sınaq müddəti müəyyən edilmiş şəxsin komanda tərkibində və həmkarları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi, rəhbər heyət və həmkarları ilə effektiv ünsiyyət qurması, işgüzar və qarşılıqlı hörmətə əsaslanan münasibətlər saxlaması, həmkarlarına dəstək göstərməsi və zəruri hallarda həmkarlarının dəstəyindən istifadə etməsi, habelə iş üzrə hədəflərin icrası məqsədilə digər struktur bölmələrin əməkdaşları ilə əməkdaşlıq əlaqələri qurması nəzərdə tutulur.
Təhliletmə - sınaq müddəti müəyyən edilmiş şəxsin məlumatları və faktları təhlil etməsi, hadisələrin səbəblərini və mümkün nəticələrini müəyyən etməyə çalışması, mövcud vəziyyəti müqayisəli şəkildə qiymətləndirməsi, xidməti fəaliyyəti zamanı yaranan məsələlər üzrə məntiqi nəticələr çıxarması, riskləri müəyyən etməyə çalışması və əldə edilmiş nəticələr əsasında müvafiq təkliflər irəli sürməsi nəzərdə tutulur.
Etik davranış qaydalarına riayət etmə
Sınaq keçdiyi şöbə və ya bölmənin rəhbəri:
___________________________
___________________________________
___________________________
___________________________________
Sınaq müddəti müəyyən edilmiş şəxs:
___________________________
___________________________________
______________________________________
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2026-cı il 23 yanvar tarixli 3-33/001K nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarında sınağın keçirilməsi Qaydası və şərtləri”nə
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
həmçinin _____________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Qeyd olunanlar nəzərə alınaraq
_____________________________________________________________________________________
sınaq müddətinin nəticələri ___________________________________ hesab olunur.
Sınaq keçdiyi şöbə və ya bölmənin rəhbəri:
__________________________________
_____________________________
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2026-cı il 23 yanvar tarixli 3-33/001K nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarında sınağın keçirilməsi Qaydası və şərtləri”nə
İlkin peşə hazırlığı kursu üzrə nəticələrin qiymətləndirilmə forması:
- müsahibə (toplanılması mümkün olan maksimal bal – 20);
- yazılı imtahan (toplanılması mümkün olan maksimal bal – 50);
- test imtahanı (toplanılması mümkün olan maksimal bal – 100).
İlkin peşə hazırlığı kursu üzrə əldə olunan qiymətləndirilmə nəticələri: - 60-100 % - ilkin peşə hazırlığı kursu üzrə müvəffəqiyyət əldə etmiş hesab edilir;
- 35-59 % - ilkin peşə hazırlığı kursu üzrə təkrar qiymətləndirilmədə iştirak etməlidir;
- 34 % və ya daha aşağı – ilkin peşə hazırlığı kursu üzrə müvəffəqiyyət əldə etməmiş hesab edilir;
Təkrar qiymətləndirilmə üzrə əldə olunan nəticələr:
- 60-100 % - təkrar qiymətləndirilmə üzrə müvəffəqiyyət əldə etmiş hesab edilir;
- 59 % və daha aşağı – təkrar qiymətləndirilmə üzrə müvəffəqiyyət əldə etməmiş hesab edilir;
Qeyd: İlkin peşə hazırlığı kursu üzrə sınaq müddəti müəyyən edilmiş şəxslərin qiymətləndirilmə nəticələri azalan ardıcıllıqla tərtib olunur.
_________________________
______________________________________
_________________________
______________________________________
Tarix: _____________________