“Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 900 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 9 yanvar 2006-cı il
1. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir.
2. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir:
gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti;
gömrük orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarında hüquq mühafizə orqanlarının təşkilati və qanuni təminatı ilə bağlı işə keçmiş və bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri;
ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət;
Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;
hakim vəzifəsində işlədikləri müddət;
digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;
xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının gömrük orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət;
Dövlət Gömrük Komitəsinin tədris müəssisələrində və Dövlət Gömrük Komitəsinin göndərişi ilə xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət;
əməkhaqqının saxlanılmaması şərtilə gömrük orqanının vəzifəli şəxslərinin vəzifədən kənarlaşdırıldıqları müddət;
təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifədən azad edilərək, əməkhaqqı saxlanılmaqla, Dövlət Gömrük Komitəsinin sərəncamında saxlanılma müddəti;
hər il verilən əsas, əlavə, ödənişsiz və sosial məzuniyyətlər, təhsil almaq və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyətləri dövrləri, Dövlət Gömrük Komitəsinin tədris müəssisələrini bitirməklə əlaqədar müdavimlərə verilən tətil müddəti, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər ödənişli məzuniyyət və işçinin iş yerinin və orta aylıq əməkhaqqının saxlanıldığı hallarda işdən ayrılma dövrləri;
gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət;
dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.
3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gömrük orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə məhkəmənin və Dövlət Gömrük Komitəsinin qərarı əsasında xidmətə bərpa edilmiş vəzifəli şəxslərin xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin verildiyi günədək olan gömrük orqanlarında xidmət etmədikləri müddət xidmət illərinə daxil edilir.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik gömrük orqanlarının vəzifəli şəxslərinin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət xidmət illərinə daxil edilir.
5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə digər hüquq mühafizə orqanlarında xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar, gömrük orqanlarında fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır.
6. Bu Qayda təsdiq edilən günədək gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün hesablanmış xidmət illəri dəyişdirilə bilməz.
7. Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə verilən əlavələr onların orta əməkhaqları hesablanarkən nəzərə alınır.
8. Vəzifəli şəxslərə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illəri Dövlət Gömrük Komitəsi tərəfindən yaradılmış komissiyaların rəyi əsasında müvafiq əmrlə təsdiq edilir.
1. 8 oktyabr 2010-cu il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 907)
2. 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)
3. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
4. 14 fevral 2019-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 fevral 2019-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 351)
5. 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)
6. 3 noyabr 2025-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 noyabr 2025-ci il, “Xalq” qəzeti, 6 noyabr 2025-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1080)