Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndinə əsasən qərara alır:
1. “Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin rəisi Sənan Muxtarov təsdiq olunmuş qaydam 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Dövlət Gömrük Komitəsinin 15 may 2001-ci il tarixli 037 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının daşınması Qaydaları” 2013-cü il yanvarın 1-dən ləğv edilsin.
4. Təsdiq edilmiş qaydalar 2013-cü il yanvarın 1-dən qüvvəyə minsin.
1.1. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin 1.9-cu bəndinə əsasən hazırlanmışdır.
1.2. Xüsusi geyim formasından istifadə hüququ gömrük orqanlarında xidmət göstərən ali, baş, orta rəis heyəti və kiçik heyətə verilir.
1.2.1. Ali və baş rəis heyətinin xüsusi rütbə verilmiş əməkdaşlarına təqaüdə çıxdıqdan sonra bayram günlərində və müəyyən tədbirlərdə təqaüdə çıxdığı vaxt mənsub olduğu xüsusi rütbəyə uyğun geyim formasını daşımağa icazə verilir.
1.3. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim formasında olmalıdırlar.
1.3.1. Xüsusi əməliyyat-axtarış tədbirləri, əməliyyat tapşırıqlarının və istintaq hərəkətlərinin icrası, işgüzar görüşlər zamanı rəhbərliyin qərarı ilə xidmət vaxtı mülki geyim daşınması hallarına icazə verilir.
1.4. Xüsusi geyim forması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının Təsvirləri”nə uyğun şəkildə daşınmalıdır.
1.4.1. Müəyyən edilmiş təsvirlərə, o cümlədən, rəngə və ölçülərə uyğun olmayan, şəxsi zövqlə tikilmiş geyim formasının daşınması, həmçinin, geyim formasının tamlığının pozulması və mülki geyimlə qarışıq şəkildə daşınması qadağandır.
1.4.2. Geyim forması təmiz, səliqəli və ütülənmiş vəziyyətdə daşınmalıdır.
1.4.3. Müəyyən edilməmiş geyim əşyalarının, ləvazimatların, ayaqqabıların, fərqlənmə, döş və qol nişanlarının xüsusi geyim forması ilə birlikdə gəzdirilməsi qadağandır.
1.4.4. Xüsusi geyim formasının ayrı-ayrı əşyalarının və fərqlənmə nişanlarının nimdaş, rəngi solmuş və görünüşü dəyişmiş şəkildə daşınması qadağandır.
1.5. Bu qaydalara riayət edilməməsi xidməti intizam qaydalarının pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti yaradır.
2.1. Geyim forması daşınarkən bütün düymələr, zəncirbəndlər və xüsusi bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır. Qısaqol köynəyin yuxarıdan birinci düyməsi acıq vəziyyətdə saxlanmalıdır. Kişilər üçün geyimlərin düymələri sağ tərəfə, qadınlar üçün isə sol tərəfə bağlanılır.
2.2. Baş geyimləri-papaq, furajka, şlyapa, beysbolka, pilotka yana meylsiz, düz şəkildə geyilir. Ali rəis heyəti üçün xəzli papaq sağ tərəfə bir az meylli şəkildə geyilir. Baş geyimləri başa elə qoyulmalıdır ki, onların aşağı kənarı qaşlardan iki barmaq yuxarıda, günlüyün mərkəzi isə qaşların ortası səviyyəsində dayansın. Baş geyimləri çıxarılarkən (pilotka istisna olmaqla) sol əldə saxlanılır. Bu zaman qol dirsəkdən bükülür, qolun dirsəkdən yuxarı hissəsi bədənə bitişik şəkildə, dirsəkdən aşağı hissəsi isə qarşıya tərəf düz uzanmış şəkildə saxlanılır. Baş geyimi günlüyün istiqaməti ön tərəfə olmaqla, biləyin üzərində yerləşdirilir, əl barmaqları bükülü vəziyyətdə günlükdən tutur.
2.2.1. Mərasim geyim formasının baş geyimi kişilər üçün furajka, qadınlar üçün isə şlyapadır.
2.2.2. Furajka mərasim geyim formasından əlavə, gündəlik kitel, demisezon gödəkcə, pulover və uzunqol köynəklə daşınır.
2.2.3. Şlyapa səhra geyim forması, kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi, üçdüymə və açıq mavi rəngli ətəyi düz uzunqol köynək istisna olmaqla, digər bütün geyim forma və dəstləri ilə daşınır. Qış dəsti üçün şlyapa qalın, yay dəsti üçün isə nazik parçadan tikilir.
2.2.4. Papaq qış mövsümündə istiləşdirilmiş gödəkcə ilə daşınır.Qış papağı isə yalnız səhra geyim formasına aiddir və qış gödəkcəsi ilə daşınır.
2.2.5. Pilotka baş və orta rəis heyəti və kiçik heyətin kişilər üçün yay geyim dəstinə aiddir. Qısaqol köynəklə daşınır.
2.2.6. Yay papağı yalnız səhra geyim formasının yay geyim dəsti ilə daşınır.
2.2.7. Qış beysbolkası kapüşonlu gödəkcə ilə, yaz-payız beysbolkası yaz-payız gödəkcəsi ilə, yay beysbolkası isə üçdüymə və açıq mavi rəngli ətəyi düz uzunqol köynəklə daşınır.
2.3. Palto mərasim geyim formasına aiddir. Uzunluğu diz səviyyəsindədir.
2.3-1. Plaş gündəlik geyim formasına aiddir. Uzunluğu diz səviyyəsindədir.
2.4. İstiləşdirilmiş və kapüşonlu gödəkcə gündəlik geyim formasının qış dəstinə aiddir. İstiləşdirilmiş gödəkcə kiteldən, kapüşonlu gödəkcə yaz-payız gödəkcəsindən 5 sm uzundur.
2.5. Demisezon gödəkcə gündəlik geyim formasına aiddir. Hava şəraitindən asılı olaraq, gündəlik kiteli əvəz edir və uzunqol köynəyin üstündən qalstukla geyilir. Yay mövsümündə hava yağmurlu və ya soyuq olarsa, demisezon gödəkcə geyilir. Lakin, bu halda da, gödəkcə uzunqol köynəyin üstündən qalstukla geyilməlidir.
2.5-1. Yaz-payız gödəkcəsi gündəlik geyim formasına aiddir. Açıq mavi rəngli ətəyi düz uzunqol köynəyin üstündən geyilir. Yay mövsümündə hava yağmurlu və ya soyuq olarsa yaz-payız gödəkcəsi geyilə bilər.
2.6. Mərasim geyim formasının kiteli ikibortlu, gündəlik geyim formasının kiteli isə təkbortludur.
2.7. Yay geyim dəsti üçün şalvar və yubkanın parçası qış geyim dəstinə nisbətən nazik olur.
2.8. Pulover qış mövsümündə kitel və ya demisezon gödəkcənin altından geyinmək üçün nəzərdə tutulmuşdur. Pulover üst geyimi kimi yalnız inzibati bina daxilində geyilir. Bu halda, pulover uzunqol köynəyin üstündən qalstukla geyilməli və çiyninə poqon taxılmalıdır. Yay mövsümündə hava soyuq olarsa, inzibati bina daxilində pulover üst geyimi kimi geyilir. Lakin, bu halda da, pulover uzunqol köynəyin üstündən qalstukla geyilməlidir.
2.9. Ali rəis heyəti üçün ağ rəngli uzunqol köynək mərasim və gündəlik geyim formasına, ağ rəngli qısaqol köynək, üçdüymə və açıq mavi rəngli ətəyi düz uzunqol köynək isə gündəlik geyim formasına aiddir. Baş və orta rəis heyəti və kiçik heyət üçün ağ rəngli uzunqol köynək mərasim geyim formasına, üçdüymə, açıq mavi rəngli uzunqol və ağ rəngli qısaqol köynək isə gündəlik geyim formasına aiddir. Yay mövsümündə ətəyi qurşaqlı və yanlardan rezinli uzunqol köynək kitelsiz, ətəyi düz uzunqol köynək yaz-payız gödəkcəsiz geyilir. Ətəyi qurşaqlı və yanlardan rezinli uzunqol köynək kitelsiz və ətəyi düz uzunqol köynək yaz-payız gödəkcəsiz geyilərkən çiyinlərinə poqon taxılmalı, ətəyi qurşaqlı və yanlardan rezinli uzunqol köynək kitelsiz geyilərkən qalstukla geyilməlidir. Qısaqol və üçdüymə köynək isə qalstuksuz, yuxarıdan birinci düyməsi açıq şəkildə geyilir.
2.10. Ali rəis heyəti üçün mərasim geyim forması ilə qara rəngli, gündəlik geyim forması ilə göy rəngli qalstuk daşınır. Baş və orta rəis heyəti və kiçik heyət üçün isə qalstuk tünd göy rəngdədir. Qalstuk sıxacla daşınır.
2.11. Palto ilə ağ rəngli trikotaj parçadan, plaş ilə ağ rəngli ipək parçadan, istiləşdirilmiş gödəkcə ilə isə tünd göy rəngli trikotaj parçadan şərf daşınır.
2.12. Mərasim geyim forması ilə ağ rəngli, gündəlik və səhra geyim forması ilə qara rəngli beşbarmaqlı əlcək daşınır.
2.13. Kişilər üçün corab qara rəngdədir. Qadınlar üçün isə corab dəri rəngli neylon, yaxud yarımyundur. Digər rəngli, müxtəlif rəngli naxışlarla bəzədilmiş corab geyinmək olmaz.
2.14. Tufli və çəkmə (qadınlar üçün uzunboğaz çəkmə) qara rəngdə, üstü hamar və naxışsız, yastı dabanlıdır. Üzəri zədəli və dabanı yeyilmiş ayaqqabı geyinmək olmaz.
2.15. Xüsusi geyim formasında poqonlar palto, plaş, istiləşdirilmiş gödəkcə, kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi, demisezon gödəkcə, kitel, pulover, səhra geyim forması, uzunqol, üçdüymə və qısaqol köynəkdə daşınır.
2.15.1. Daşınma üsuluna görə poqonlar çiyinə tikilən və taxılıb-çıxarılan poqonlara bölünür:
2.15.1.1. tikilən poqonlar palto, plaş, istiləşdirilmiş gödəkcə və kiteldə daşınır.
2.15.1.2. taxılıb-çıxarılan poqonlar kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi, demisezon gödəkcə, pulover, səhra geyim forması, uzunqol, üçdüymə və qısaqol köynəkdə daşınır.
2.15.2. Poqonlar üç ölçüyə bölünür. Geyimin ölçüsü 48-50 olduqda poqonun uzunluğu 13,5 sm, 52-54 olduqda 14 sm, 56-60 olduqda isə 15,5 sm-dir.
2.15.3. Poqonların üzərində ulduzlar rütbəyə müvafiq olaraq aşağıdakı say və ara məsafəsi üzrə bərkidilir:
Azərbaycan Respublikası həqiqi dövlət gömrük xidməti müşaviri
Gömrük xidməti general-polkovniki
Gömrük xidməti general-leytenantı
Gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru
Gömrük xidməti polkovniki, tibb xidməti polkovnik
Gömrük xidməti polkovnik -leytenantı, tibb xidməti polkovnik -leytenantı
Gömrük xidməti mayoru, tibb xidməti mayoru
Gömrük xidməti kapitanı, tibb xidməti kapitanı
Gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı
Gömrük xidməti leytenantı, tibb xidməti leytenantı
Gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı
Gömrük xidməti baş giziri, tibb xidməti baş giziri
Gömrük xidməti giziri, tibb xidməti giziri
2.15.4. Ali, baş və orta rəis heyəti üçün ulduzlar poqonun uzununa doğru mərkəz xətti boyunca düzülür.
2.15.5. Gömrük xidməti baş giziri və tibb xidməti baş giziri üçün ulduzların biri poqonun mərkəzində, digər ikisi isə poqonun aşağı hissəsində - poqonun eninə doğru düz xətt boyunca, sağ və sol kənarlarından 15 mm aralı məsafədə düzülür.
2.15.6. Gömrük xidməti giziri və tibb xidməti giziri üçün ulduzlar poqonun aşağı hissəsində - poqonun eninə doğru düz xətt boyunca, sağ və sol kənarlarından 15 mm aralı məsafədə düzülür.
2.15.7. Ali və baş rəis heyəti üçün poqonların aşağı kənarında sarı rəngli aypara şəkilli emblem vurulur.
2.15.8. Ali rəis heyəti üçün nəzərdə tutulmuş poqonlarda ulduzlar (ulduz) və aypara şəkilli emblem sarı rəngli sapdan tikilmə üsulu ilə hazırlanır.
2.15.9. Baş və orta rəis heyəti və kiçik heyət üçün taxılıb-çıxarılan poqonlarda ulduzlar (ulduz) və baş rəis heyətində aypara şəkilli emblem sarı rəngli sapdan tikilmə (və ya preslənmə), tikilən poqonlarda isə sarı rəngli metaldan basma üsulu ilə hazırlanır.
2.16. Qol nişanı pulover istisna olmaqla, bütün üst geyim əşyalarında daşınır.
2.16-1. Döş nişanı yalnız gündəlik və səhra geyim forması üçün nəzərdə tutulmuşdur, istiləşdirilmiş və ya demisezon gödəkcənin, kitelin, köynəyin, yay və ya qış gödəkcəsinin və qısaqol yay köynəyinin sol tərəfdəki döş cibinin düyməsinə bərkidilir.
2.16-2. Tanınma döş nişanı üçdüymə və ətəyi düz uzunqol köynəyin, yaz-payız gödəkcəsinin və kapüşonlu gödəkcənin sağ döş cibinin üstünə yapışdırılır.
2.16-3. Lövhəcik üçdüymə və ətəyi düz uzunqol köynəyin, yaz-payız gödəkcəsinin və kapüşonlu gödəkcənin sol döş cibinin üstünə yapışdırılır.
2.17. Tibb xidmətinin baş və orta rəis heyəti və kiçik heyəti tibb xidməti üçün müəyyən edilmiş yaxa nişanı vururlar.
1. 28 dekabr 2020-ci il tarixli 1000/04/002 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012284002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2021-ci il)
2. 26 yanvar 2022-ci il tarixli 1000/01/003 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201261003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2022-ci il)
3. 28 avqust 2023-cü il tarixli 3-33/3-2-000003/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202308280003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 sentyabr 2023-cü il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI