“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 30 dekabr 2012-ci il
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 295.5-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.
2.1. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır.
2.2. Gömrük bəyannaməsi və gömrük məqsədləri üçün lazım olan digər sənədlər və məlumatlar elektron və ya kağız üzərində yazılı formada gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına təqdim olunur.
2.3. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin və məlumatların siyahısı Gömrük Məcəlləsinin 150.3-cü maddəsinə əsasən müəyyən edilir.
2.4. Gömrük bəyannaməsi aşağıdakı səbəblərə görə təqdim edilə bilmədikdə, natamam bəyannamə təqdim edilir:
2.4.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;
2.4.2. gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.
2.5. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim edilir.
2.6. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzrə natamam bəyannamə onların göndərilmə rübündən əvvəlki ay ərzində gömrük orqanlarına təqdim olunur.
2.7. Həcmindən asılı olmayaraq bir təqvim ayı ərzində bir müqavilə üzrə keçirilən elektrik enerjisi bir gömrük bəyannaməsi ilə bəyan edilir.
2.8. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə natamam bəyannamə əsasında keçirilən malların gömrük rəsmiləşdirilməsi keçirilmə dövrünün sonundan etibarən 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunması Gömrük Məcəlləsinin 104.2‑ci maddəsinə uyğun olaraq zəruri gömrük əməliyyatlarının yerinə yetirilməsi və gömrük ödənişlərinin ödənilməsi ilə başa çatır.
3.1. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur.
3.2. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri müvafiq sənədlərdə olan məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə aparılan uçot məlumatları əsasında gömrük orqanları tərəfindən müəyyənləşdirilir.
1. 17 oktyabr 2017-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1908)