Qanunvericilik › “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Dövlət Təhlükəsizliyi Xidməti, 20.07.2017) › Tam mətn

“Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Dövlət Təhlükəsizliyi Xidməti, 20.07.2017)

“Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Dövlət Təhlükəsizliyi Xidməti, 20.07.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

”Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarının 2-ci hissəsinə müvafiq olaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20.3-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq müddəalarını rəhbər tutaraq,

1. “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsi: bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyininə təqdim olunması təmin edilsin.

3. “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 30 yanvar 2003-cü il tarixli 2 xiü nömrəli və həmin Təlimata dəyişikliklər edilməsi barədə 08 oktyabr 2007-ci il tarixli 125 nömrəli əmrləri ləğv edilsin.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin “20” iyul 2017-ci il tarixli “Q/15” nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bu Təlimat Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - DTX) tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalara, pullara və digər qiymətlilərə şamil edilir, onların uçotu, saxlanılması, qaytarılması və aidiyyəti üzrə verilməsini müəyyən edir.

1.1. Bu Təlimat Azərbaycan Respublikasının “Cinayət-Prosessual Məcəlləsinə”, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 saylı Fərmanı ilə təsdiq edilmiş ”Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 saylı Qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 06 oktyabr tarixli 181 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na uyğun hazırlanmışdır.

1.2. Aşağıdakı əmlak uçota götürülür və saxlanılır:

1.2.1. tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;

1.2.2. Azərbaycan Respublikasının və digər dövlətlərin orden və medalları;

1.2.3. milli və xarici valyutada olan pul vəsaitləri, bank kartları;

1.2.4. lotereya biletləri, əmanət kitabçaları, çeklər, konosamentlər və sənədli qiymətli kağızlar;

1.2.5. qiymətli metallar-istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, tullantılarda olan qızıl, gümüş, platin və platin qrupu metallar (palladium, iridium, rodium və ritenum);

1.2.6. qiymətli daşlar-işlənilmiş şəkildə olan almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;

1.2.7. qiymətli metallardan və qiymətli daşlardan və qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və məişət əşyaları;

1.2.8. korpusu qiymətli metaldan olan bütün sistemlərdən olan saatlar;

1.2.9. dini ibadət (ayin) əşyaları;

1.2.10. mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar;

1.2.11. adları çəkilməyən digər qiymətlilər.

2.1. DTX tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalar, pullar və digər qiymətlilər törədilmiş cinayət işinə aidiyyətindən, xüsusiyyətlərindən qiymətindən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, həmin orqanların maliyyə xidmətlərində, müvəkkil banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır.

2.2. DTX-nin İstintaq qurumunun (bundan sonra - İQ) rəisi və ya onun səlahiyyətlərini icra edən şəxs tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əmlakın qorunub saxlanılması üçün maddi-məsul şəxs təyin olunur.

2.3. Əmlak saxlanıldıqda və ya verildikdə onların maddi sübut kimi əhəmiyyətli olan əlamət və xüsusiyyətlərinin, habelə onlarda izlərin saxlanılması, eyni zamanda maddi sübutun, qiymətli əşyaların, sənədlərin və sair qiymətlilərin olduğu kimi saxlanılmasını təmin edən tədbirlər görülür.

2.4. Əşya, pul və digər qiymətlilər maliyyə, təsərrüfat və xidmətin digər strukturuna təhvil verilməsi axtarış protokolu və ya qərar əsasında müvafiq olaraq “Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi” (forma № QQ-1) və “Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş qiymətli əşyaların qəbulu qəbzi” (forma № QQ-2) doldurulmaqla həyata keçirilir.

2.5. Əşya, pul və digər qiymətlilər maliyyə, təsərrüfat və xidmətin digər strukturuna verildikdə onlara ayrıca “QQ-1” və ya “QQ-2” formalı qəbzlər yazılır və həmin qəbzlərin yuxarı sağ küncündə “maddi sübut” sözləri yazılır.

2.6. Maddi sübut sayılmış əmlak saxlanılması üçün İQ-nun maddi sübutlar otağına və ya DTX-dən kənar digər hüquqi və ya fiziki şəxsə təhvil verildikdə iki nüsxədən ibarət akt tərtib edilir.

2.7. Qərarda cinayət işinin nömrəsi, başlanma tarixi, cinayət məsuliyyətinə cəlb edilən şəxs haqqında məlumatlar, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olmadıqda isə cinayətin qısa məzmunu, təhvil verilən maddi sübutların dəqiq adları göstərilməlidir.

2.8. “Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi” (forma № QQ-1), “Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş qiymətli əşyaların qəbulu qəbzi”nin (forma № QQ-2) forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.9. Təlimatın 1.2-ci bəndində göstərilən maddi sübut sayılan əşyalar və eləcə də qəbz kitabçaları dəmir şkaf və seyflərdə, oğurlanmaqdan və xarab olmaqdan qorunmanı tam təmin edən otaqlarda (saxlama kamerasında) saxlanılmalıdır. Həmin əşyalar saxlanılan seyf, şkaf və yerlər iş vaxtından sonra möhürlənib mühafizə üçün təhvil verilməlidir.

2.10. Saxlama kamerasına təhvil verilmiş maddi sübutların üzərinə xırda fanerdən yarlıqlar düzəldilməlidir ki, həmin yarlıqda cinayət işinin nömrəsi, təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda törədilmiş cinayətin qısa məzmunu qeyd edilir.

2.11. Götürülmüş və üzərinə həbs qoyulmuş silah, döyüş sursatı, partlayıcı maddələr müvəqqəti saxlanılması üçün Maddi-texniki qurumunun (bundan sonra - MTQ) silah-sursat anbarına təhvil verilir.

2.12. İstintaq hərəkətləri zamanı götürülmüş qiymətli metallar (qızıl, gümüş, platin və platin mənşəli digər metallar) və daşlar (almaz və sair), mirvari, onlardan hazırlanan zərgərlik əşyaları və ya onların qırıntıları, habelə qiymətli metaldan sikkələr müvafiq baxışın keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq müvəqqəti saxlanılması üçün İQ tərəfindən qablaşdırılmış və möhürlənmiş halda müvəkkil bankın saxlama kamerasına təhvil verilir.

2.13. İstintaq zamanı götürülmüş tədavüldə olmayan külçə, şlix, təbii halda tapılan saf mədən, qırıntı, yarımfabrikat, istehsalat və ya laboratoriya təyinatlı məmulat şəkilində qiymətli metallar və digər təbii qiymətli daşlar müvafiq baxış keçirildikdən sonra, xüsusi təhqiqata ehtiyac olmadığı təqdirdə bu Təlimatın 2.9-cu bəndində müəyyən edilmiş qaydada saxlanca təhvil verilir.

2.14. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pullar, baxış keçirildikdən dərhal sonra, lakin götürüldüyü andan 7 gündən gec olmayan müddətdə müvəqqəti saxlanması üçün DTX-nin Maliyyə qurumu (bundan sonra - MQ) vasitəsi ilə müvəkkil banka xüsusi açılmış depozit hesabına və ya saxlama kamerasına təhvil verilir.

2.15. İstintaq hərəkətləri zamanı götürülmüş çeklər, lotereya biletləri, əmanət kitabçaları, akkreditivlər, konosamentlər və sənədli qiymətli kağızlar baxış keçirildikdən sonra daxil olduğu vaxtdan 7 gün müddətinə MQ vasitəsi ilə zərflərə qoyulub idarənin rəisi və baş mühasibi tərəfindən imzalanmış müşayiət məktubu ilə müvəqqəti saxlanılması üçün müvəkkil banka təhvil verilir. Bu zaman həmin əşyaların zərflərə qoyulması 3 nəfər əməkdaşın şahidliyi ilə həyata keçirilir və həmin şahidlər bunu imzaları ilə zərfin üzərində təsdiq edirlər.

2.16. Zərfin müşayiət məktubu 2 nüsxədə yazılır, həmin məktubda əşyaların adı, nömrəsi, nominal dəyəri, ümumi məbləği, qəbz nömrəsi və tarixi göstərilir.

2.17. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin sənədli qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materiallında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir.

2.18. Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut kimi sayılmış tez xarab olan əşyaları, məişətdə gündəlik tələbat əşyalarını qulluğa ehtiyacı olan ev heyvanlarının, quşları və digər heyvanları verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır.

2.19. Xüsusi saxlanma şəraiti tələb edən tez xarab olan və sair qida məhsulları götürülüb, baxış keçirildikdən və həmin məhsulların keyfiyyəti üzrə dövlət inspeksiya orqanları və ya sanitar nəzarəti orqanları tərəfindən onların keyfiyyəti yoxlanıldıqdan sonra dərhal müvafiq qərar qəbul edilməklə satışı təşkil edilir.

2.20. Qida məhsullarının satış məqsədilə müvafiq qaydada təhvil verilməsi barədə 3 nüsxədən ibarət akt tərtib edilir. Həmin məhsulları qəbul edən müəssisə onları satır, dəyərini MQ-nun depozit hesabına keçirir. Aktın üçüncü nüsxəsi satışdan əldə edilən vəsaitin hesaba daxil olmasına nəzarət etmək üçün MQ-na verilir, qida məhsullarının verilməsi barədə aktın birinci nüsxəsi və müfəssəl siyahısı cinayət işinə əlavə olunur.

2.21. İstintaq hərəkətləri zamanı götürülmüş sənaye malları məhkəmənin qərarınadək müvəqqəti saxlanılması üçün müvafiq qaydada MTQ-nun müvafiq anbarlarına məsul saxlanca təhvil verilir.

2.22. Şübhəli şəxs qismində tutulmuş və ya təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanası yerləşdirildikdə onların üstündə olan orden, medal və həmçinin Milli və xarici valyuta onlardan alınmalıdır. Axtarış protokolunda onlardan alınan orden və medalların, eləcə də onlara aid sənədlərin adları və nömrələri göstərilir.

2.23. Alınmış medal, orden və onların sənədləri, cinayət işi tam həll olunana qədər saxlanılmaq üçün, alındığı vaxtdan 3 gündən gec olmayaraq müşayiət məktubu ilə həmin orqanın maliyyə xidmətinə göndərilir.

2.24. Maddi sübut kimi sayılmış avtomobil və digər nəqliyyat vasitələri mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarılmadığı təqdirdə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə müvəqqəti saxlanılması üçün MTQ-na təhvil verilir (əgər bunlar məsul saxlanılması üçün digər təşkilata verilə bilməzsə). Qurumunun rəhbərliyi cinayət işinin materiallarına əlavə ediləcək saxlama qəbzi verir. Qəbzdə məsul saxlanca qəbul edilmiş nəqliyyat vasitəsinin mühafizəsinə şəxsən məsul olan şəxs və nəqliyyat vasitəsinin texniki vəziyyəti göstərilir.

2.25. Götürülmüş və üzərinə həbs qoyulmuş narkotik maddələr müvəqqəti saxlanılması üçün saxlama kamerasına təhvil verilir.

2.26. Üzərinə həbs qoyulmuş incəsənət əsəri və antik əşyalar saxlanılmaq üçün muzeyə verilə bilər.

2.27. Maddi sübut kimi sayılmış tez xarab olan əşyaların, məişətdə gündəlik tələbat əşyalarını, gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.

2.28. Maddi sübut, qiymətli əşyalar və sair əmlak saxlanılan yerə ancaq onun saxlanılmasına məsul olan şəxsin iştirakı ilə daxil olmaq mümkündür. O (və ya onu əvəz edən işçi) olmadıqda saxlama yerinə ancaq DTX-nin müvafiq struktur bölmələrinin (İQ, MTQ və MQ) rəislərinin icazəsi və iştirakı ilə daxil olmaq olar, onlarda və ya onlar tərəfindən müvəkkil edilmiş digər rəhbər vəzifəli şəxsdə həmin yerin dublikat açarı olmalıdır. Belə hallarda əmlakın götürülməsinin səbəbi göstərilməklə akt tərtib edilir. Akt maddi sübutların uçotu kitabında müvafiq qeyd aparmaq üçün maddi sübutun saxlanılmasına məsul olan şəxsə verilir.

2.29. İttiham aktına əlavə edilmiş arayışda cinayət işinin materiallarının müvafiq vərəqlərinə istinad edilməklə maddi sübutların saxlanıldığı yer göstərilir.

2.30. Konkret cinayət işi üzrə maddi sübut başqa cinayət işləri üzrə maddi sübutdan ayrı saxlanılır. Açılmamış cinayətlər haqqında icraatı dayandırılmış cinayət işləri üzrə maddi sübutlar hərəkətdə olan işlərin maddi sübutlardan ayrıca, onların saxlanılmasını və gələcəkdə istifadə olunmasını təmin edəcək, qablaşdırılmış möhürlənmiş şəkildə saxlanılır.

2.31. Cinayət işinə əlavə edilmiş maddi sübutun olduğu kimi saxlanılmasına təhqiqat və ya istintaq aparan şəxs məsuldur.

2.32. İş üzrə götürülmüş və ayrı saxlanılan maddi sübutların saxlanılmasına DTX-nin müvafiq qurumların rəhbərləri tərəfindən təyin edilmiş şəxs məsuldur.

2.33. İstintaq hərəkətlərinin aparılması üçün maddi sübutlar maliyyə xidmətindən, eləcə də saxlama kamerasından təhqiqat və ya ibtidai istintaq aparan şəxsə verilə bilər. Bu zaman maddi sübutların verilməsi aktla rəsmiləşdirilir.

2.34. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına qəbul olunarkən və yaxud təcridxanada saxlanılarkən onun gizli yolla təcridxanaya daxil etdiyi pul, qiymətli əşya aşkarlandıqda bu barədə akt tərtib olunur və həmin pul və ya qiymətli əşya həbs olunmuş şəxsin şəxsi hesabında saxlanılması üçün maliyyə orqanına verilir. Həmin şəxs barəsində azadlıqdan məhrum etmə növündə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda həmin vəsaitdən dəymiş maddi ziyanın ödənilməsi üçün tutmalar qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

3.1. Maddi sübutların və cinayət işləri üzrə götürülmüş digər predmet və qiymətli əşyaların, habelə maddi sübut olmayan nağd pulun uçotu xüsusi açılmış “Maddi sübutların, qiymətli əşyaların və sair əmlakın uçotu kitabı”nda (bundan sonra – kitab) aparılır (Təlimata 1 nömrəli əlavə).

3.2. Bu kitab maddi sübutların, qiymətli əşyaların və sair əmlakın saxlanılması və uçotunu aparan məsul şəxsdə olur. Kitabın uçotu müvafiq sənədlərə əsasən dürüst şəkildə həyata keçirilir.

3.3. Kitabın hər vərəqi nömrələnir, kitab qaytanlanır, surğuclu möhürlə, imza ilə təsdiq edilir.

3.4. Götürülmüş əmlak barədə onların saxlanılmasına məhsul olan şəxs tərəfindən uçot kitabında qeydlər edilir.

3.5. Məsul şəxs kitabda qeyd apararkən qəbul etdiyi əmlakın və onların işə əlavə edilməsi barədə qərardakı qeydiyyatla uyğunluğunu yoxlayır.

3.6. Əmlakın qeydiyyatı kitabda xronoloji qaydada aparılır. Bir neçə eyni əşya götürüldükdə onların sayı, daxil olma tarixi, adı yazılır (maddi sübutlar qablaşdırılmış vəziyyətdə olduqda, bağlama açılmaqla onların sayı və adı yoxlanılıb, bu haqda akt tərtib edilir), əgər çox miqdar adda götürülmüşdürsə, siyahı tutulur və əmlak kitaba bu siyahıya müvafiq yazılır. Bu zaman hər bir əşyaya sıra nömrəsi verilir.

3.7. Əmlak cinayət işində qalırsa və saxlanılmağa təhvil verilmirsə, uçot kitabında məsul vəzifəli şəxsin soyadı göstərilməklə bu barədə qeyd edilir.

4.1. Əşya, pul və digər qiymətlilər aşağıdakı hallarda mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılır:

4.1.1. məhkəmənin hökmü və ya cinayət təqibini həyata keçirən orqanın qərarı ilə şəxs barədə cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə;

4.1.2. məhkəmənin yekun qərarında bu əşyaların mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılması nəzərdə tutulduqda.

4.2. Götürülmüş əşya, pul və digər qiymətlilər sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə bəraət alma və ya işin xitam olunmasından sonra 20 gün müddətində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır.

4.3. Qəbz itirilmiş olarsa, əmlak vətəndaşın müraciət ərizəsinə əsasən qaytarılır. Bu zaman əmlakın adı, dəyəri (sənədli qiymətli kağızların nominal dəyəri), xüsusiyyətləri və təhvil verilmə tarixi ərizədə göstərilməlidir.

4.4. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin hökmü barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə DTX-yə müraciət etmiş olsun.

4.5. Əgər iddia müddəti ərzində qiymətli əşya sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin qiymətli əşyanın qaytarılması üçün müraciət etməzlərsə, əşyaların qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.

4.6. Əmlakın qaytarılması barədə uçot kitabında qeydiyyat aparılır.

4.7. Cinayət işinin xitam olunması və ya məhkəmənin bəraət hökmü olan hallarda alınmış medal, orden və onlara aid olan sənədlər sahibinə təhvil verilmə barədə qəbz, qəbz olmadıqda isə sahibinin müraciət ərizəsi əsasında qaytarılır.

4.8. Əşya, pul və digər qiymətlilər aşağıdakı hallarda dövlət mülkiyyətinə keçirilir:

4.8.1. həmin əşya və pulların müsadirə edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə mindikdə;

4.8.2. əşya və pul sahibi onları bu Təlimatın 4.2-ci bəndində nəzərdə tutulan müddət ərzində tələb etmədiyi halda;

4.8.3. əşya, pul və digər qiymətlilərin sahibini tapmaq mümkün olmadıqda (sahibsiz əmlak).

4.9. Əmlakın dövlət mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

4.10. Müsadirə edilmiş əmlakın bir hissəsini DTX-nin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”na müvafiq olaraq həyata keçirilir.

5.1. İQ-nun rəisi, onun müavinləri və şöbə rəisləri cinayət işlərini məhkəməyə verilməsi üçün prokurorluğa göndərərkən və ya cinayət işinə xitam verərkən həmin işlər üzrə götürülmüş əmlakın olduğu yeri əks etdirən sənədlərin işdə olmasını yoxlamağa, şöbə rəisləri həmçinin nəmin uçot kitabındakı qeydiyyatı ilə müqayisə etməyə borcludurlar.

5.2. İstintaq qurumunun rəisi və onun müavini DTX-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə birlikdə, ildə bir dəfədən az olmayaraq maddi sübutların saxlanılma vəziyyətini, şəraitini, bu Təlimata uyğun olaraq onların qəbulu və uçotu, verilməsi üzrə sənədləşdirmə aparılmasının düzgünlüyünü yoxlamağa borcludurlar.

5.3. Yoxlama haqqında akt tərtib edilməklə maddi sübutların, qiymətli əşyaların və sair əmlakın saxlanılması üçün xüsusi otaq və saxlama yerlərinin yoxlanılması barədə Xidmət rəisinə məruzə edilir.

5.4. Əmlakın uçotu və saxlanılmasına məsul şəxs başqa işə keçirildikdə, tutduğu vəzifədən azad olduqda digər şəxsə saxlamaq üçün təhvil verilmiş maddi sübutların, qiymətli əşyaların və sair əmlakın mövcudluğunun bu obyektlərin götürülməsini əks etdirən sənədlərdəki qeydiyyatla uyğunluğunu yoxlamaq üçün komissiya təyin edilir.

5.5. Yoxlamanın nəticəsi, maddi sübutların saxlanılmasına məsul təyin edilən başqa şəxsə təhvil-təslim aktında əks etdirilir.

5.6. Təftiş və planlı yoxlama zamanı maddi sübutların uçotu və saxlanılması vəziyyəti yoxlanılır, nəticəsi barədə müvafiq akt tərtib edilir.

5.7. İcraatı dayandırılmış cinayət işləri üzrə maddi sübutların saxlanılma vəziyyəti xüsusi qeyd edilir.

5.8. Maddi sübutların, qiymətli əşyaların və sair əmlakın uçotu, saxlanılma şəraitinin və verilməsinin lazımi qaydada təmin edilməməsi onların korlanmasına, itirilməsinə səbəb olarsa, bunda da təqsiri olan şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşırlar.

5.9. Əmlakın hərraclar vasitəsilə satışından daxil olan vəsaitlərin dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

1. 24 noyabr 2021-ci il tarixli Q/29 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111240029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 dekabr 2021-ci il)

2. 30 may 2023-cü il tarixli Q/17 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305300017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2023-cü il)

3. 10 iyul 2024-cü il tarixli Q/13 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202407100013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyul 2024-cü il)

4. 03 mart 2025-ci il tarixli Q/7 nömrəli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202503030007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 mart 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver