Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə 2017-ci il martın 27-də Kiyev şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə GUAM-ın Katibliyinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2017-ci il
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişin Tərəfləri olan GUAM üzvü olan dövlətlər,
qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın inkişafına çalışaraq,
Razılığa gələn Tərəflərin fəaliyyətinin əlaqələndirilməsinə və azad ticarət zonasının fəaliyyətinin lazımi və səmərəli mexanizminin yaradılmasına ehtiyac olduğunu nəzərə alaraq,
GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişin (bundan sonra - Saziş) 2-ci maddəsinə uyğun olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1. Bu Protokolun ayrılmaz hissəsi olan GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasını (əlavə olunur) təsdiq etmək.
2. Bu Protokol onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu bildirişinin depozitariyə saxlanmaq üçün təhvil verildiyi tarixdən qüvvəyə minir.
3. Bu Protokola Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə onun ayrılmaz hissəsi olan və bu Protokolun 2-ci bəndinə uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
4. Razılığa gələn Tərəflər başqa cür razılaşdırmadıqları təqdirdə, bu Protokol Sazişin qüvvədəolma müddətində qüvvədədir.
5. 27 mart 2017-ci il tarixində Kiyev şəhərində, hər biri ingilis və rus dillərində olmaqla, bir əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir. Bu Protokolun depozitarisi onun təsdiq edilmiş surətini Razılığa gələn Tərəflərə göndərən Gürcüstanın İcra Hakimiyyətidir.
Azərbaycan Respublikası adından
Moldova Respublikası adından
GUÖAM iştirakçısı olan Dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqan (bundan sonra - İşçi Orqan) Razılığa gələn Tərəflərin Sazişin icra vəziyyətinin müşahidəsi, ticari-iqtisadi əməkdaşlığın inkişafı üzrə təkliflərin hazırlanması, məsələlərin müzakirəsi, Razılığa gələn Tərəflər arasında qarşılıqlı ticarətin aktual məsələlərinin operativ baxılması məqsədilə iqtisadi siyasətin əlaqələndirilməsi üçün xüsusi olaraq yaratdıqları orqandır.
İşçi Orqan öz fəaliyyətində GUAM-ın əsas sənədlərini, GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişi (bundan sonra - Saziş), GUAM çərçivəsində bağlanmış digər müqavilə və sazişləri rəhbər tutur.
İşçi Orqanın əsas vəzifə və funksiyaları aşağıdakılardır:
- Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qarşılıqlı fəaliyyətinin təşkili;
- Sazişin müddəalarının həyata keçirilməsi üzrə aktual məsələlərin nəzərdən keçirilməsi və onların tədqiqatının nəticələri üzrə müvafiq təkliflərin hazırlanması;
- Sazişin müddəalarının həyata keçirilməsi məsələləri üzrə məlumat mübadiləsi sahəsində Razılığa gələn Tərəflərin əməkdaşlığının təşviq olunması;
- Razılığa gələn Tərəflər arasında ticari-iqtisadi əməkdaşlığın vəziyyətinin nəzərdən keçirilməsi və onun inkişafına dair təkliflərin hazırlanması.
Öz vəzifə və funksiyalarının həyata keçirilməsi məqsədilə İşçi Orqan, zərurət olduğu təqdirdə, Sazişin həyata keçirilməsi nəticəsində yaranan məsələlərin həlli məqsədilə tövsiyələrin hazırlanması üçün işçi qruplar yaratmaq hüququna malikdir. Bu cür yaradılan işçi qrupların fəaliyyətinin şərtləri və müddəti, həmçinin mandatı İşçi Orqan tərəfindən müəyyən olunmalıdır.
1. İşçi Orqanın tərkibi:
İşçi Orqan onun üzvləri olan Razılığa gələn Tərəflərin səlahiyyətli nümayəndələrindən ibarətdir.
İşçi Orqanda sədrlik Razdığa gələn Tərəflərin nümayəndələri tərəfindən növbə ilə rotasiya prinsipi əsasında Razılığa gələn Tərəflərin adlarının latın əlifbası qaydasında bir təqvim ili müddətində həyata keçirilir.
2. İşçi Orqanın üzvlərinin funksiyaları:
- İşçi Orqanın iclaslarının keçirilməsinə hazırlıqda iştirak, o cümlədən iclasların keçirilməsində təşəbbüs;
- İşçi Orqanın iclaslarının gündəliyinin məsələləri üzrə qərarların qəbulu;
- zərurət yarandıqda, nümayəndəni göndərən dövlətin daxilində Sazişin həyata keçirilməsi məsələləri üzrə təşkilati və razılaşdıncı işin təmin olunması.
3. İşçi Orqanın sədrinin funksiyaları:
- İşçi Orqanın iclaslarının təşkili;
- İşçi Orqanın iclaslarının gündəliyinin formalaşdırılması və razılaşdırılması;
- İşçi Orqanın fəaliyyətinin təmin olunması məqsədilə GUAM Katibliyi ilə qarşılıqlı fəaliyyət.
4. İşçi Orqanın işinin forması:
İşçi Orqanın işinin əsas forması zərurət olduğu təqdirdə keçirilən iclaslardan ibarətdir.
İşçi Orqan yazılı prosedurlar əsasında qərarlar qəbul edə bilər. Belə hallarda qərarın ilkin layihəsi İşçi Orqanın sədri tərəfindən bütün iştirak edən tərəflərin nümayəndəliklərinə baxılma üçün göndərilir.
İşçi Orqanın qərarları konsensus əsasında qəbul edilir və Razılığa gələn Tərəflər üçün tövsiyə xarakteri daşıyır.
İşçi Orqanın iclaslarının keçirilməsi üzrə xərclər Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Sahəvi İşçi Qrupu haqqında Əsasnaməsinin (Nyu York, 25 sentyabr 2006-cı il) 12-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
İşçi Orqanın işçi dilləri ingilis və rus dilləridir.