Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Daxili intizam qaydaları

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Daxili intizam qaydalarında aşağıdakı qaydalar müəyyən edilir:

12.1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul edilməsi, onların qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və kameralarda yerləşdirilməsi;

12.1.2. tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatının aparılması;

12.1.3. tutulmuş və ya həbs edilmiş şəxslərin bağlama, sovqat və banderol qəbul etməsi və ya verməsi, habelə bağlamalara, sovqatlara və banderollara həbs yerinin işçiləri tərəfindən baxış keçirilməsi;

12.1.4. tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat verməsi;

12.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin qida məhsulları və ən zəruri malları əldə etməsi;

12.1.6. tutulmuş və ya həbs edilmiş şəxslərin yazışması, həbs edilmiş şəxslərin şəxsi hesabları vasitəsilə pul baratları alması və ya göndərməsi;

12.1.7. həbs edilmiş şəxsin telefon danışıqlarından istifadə etməsi;

12.1.8. həbs edilmiş şəxslərin könüllülük əsasında həbs yerlərinin ərazisində əməyə cəlb olunması;

12.1.9. tutulmuş və ya həbs edilmiş şəxslərin hər gün gəzintiyə çıxarılması;

12.1.10. tutulmuş və ya həbs edilmiş şəxslərin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və televiziya proqramlarına baxması;

12.1.11. tutulmuş şəxsin müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşlərinin təmin edilməsi;

12.1.12. həbs edilmiş şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərinin təmin edilməsi;

12.1.13. tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq hərəkətlərinin aparılmasında və ya məhkəmə iclaslarında iştirakının təmin edilməsi;

12.1.14. tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərinin rəisləri tərəfindən qəbul edilməsi;

12.1.15. tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən dini ayinlərin yerinə yetirilməsi;

12.1.16. tutulmuş və ya həbs edilmiş şəxslərin maddi-məişət təminatı;

12.1.17. tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən təkliflərin, şikayətlərin və ərizələrin göndərilməsi;

12.1.18. tutulmuş və ya həbs edilmiş şəxsin məcburi qidalandırılması;

12.1.19. tutulmuş və ya həbs edilmiş şəxslərin tibbi-sanitariya təminatı;

12.1.20. tutulmuş və ya həbs edilmiş şəxslərin mülki hüquq münasibətlərində iştirakı;

12.1.21. həbs edilmiş şəxslərin ailə hüquq münasibətlərində iştirakı və notariusun xidmətlərindən istifadəsi;

12.1.22. həbs yerlərində vəfat edən tutulmuş və ya həbs edilmiş şəxslərin meyitinin verilməsi;

12.1.23. həbs yerində rejimin təmin edilməsi ilə əlaqədar digər məsələlər.

12.2. Qadağan olunmuş əşyaların siyahısı, tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilən əşyaların, malların və qida məhsullarının siyahısı, habelə tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyaların həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edildiyi hallar da Daxili intizam qaydaları ilə müəyyən olunur.

12.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının həyata keçirilməsi Daxili intizam qaydaları ilə məhdudlaşdırıla bilməz.

12.4. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərinin müdiriyyəti tərəfindən bu Qanunla və Daxili intizam qaydaları ilə tanış edilməli və bu Qanun və Daxili intizam qaydaları onlara izah olunmalıdır.

12.5. Qadağan olunmuş əşyaların tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin cinayət məsuliyyətinə səbəb olması barədə tutulmuş və ya həbs edilmiş şəxslərə, o cümlədən həmin əşyaların onlara verilməsinin və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olması barədə digər şəxslərə həbs yerlərinin müdiriyyəti tərəfindən yazılı iltizam alınmaqla məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver