22.1. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərinə qəbul edildikdən dərhal sonra onların hər hansı müşahidə olunan bədən xəsarətləri və həbs yerinə daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayətləri həbs yerinin müdiriyyəti tərəfindən qeydiyyata alınır.
22.2. Həbs edilmiş şəxslər həbs yerlərinə qəbul edildiyi andan 24 saat ərzində həbs yerinin tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilirlər. Müayinənin nəticələrinə dair müvafiq qeydiyyat aparılır.
22.3. İşgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar ilə əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı müəyyən edilən işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq araşdırma aparılması üçün dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.
22.4. Həbs yerlərində tibbi-müayinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.5. Tutulmuş və ya həbs edilmiş şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda onun tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınır və tutulmuş və ya həbs edilmiş şəxsə, eləcə də müraciət olduqda həmin şəxsin vəkilinə təqdim edilir.
22.6. Tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə, cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tibbi müayinə həmin şəxsin özünün seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən də həyata keçirilə bilər. Bu halda tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir.
22.7. Tutulmuş və ya həbs edilmiş şəxsin tibbi müayinəsi zamanı aşağıdakılara xüsusi diqqət yetirilir:
22.7.1. həkim sirrinin qorunması;
22.7.2. fiziki və psixi xəstəliklərin müəyyən edilməsi və onların müalicəsi üçün zəruri olan tədbirlərin görülməsi;
22.7.3. tutulmuş və ya həbs edilmiş şəxsin zorakılığa məruz qaldığına işarə edən əlamətlərin təfərrüatı ilə qeydiyyata alınması və həbs yerinin müdiriyyətinin nəzərinə çatdırılması;
22.7.4. narkotik vasitələrdən, psixotrop maddələrdən, dərman preparatlarından və ya alkoqoldan sui-istifadə ilə əlaqədar absteniya əlamətlərinin müalicəsi;
22.7.5. həbsdə saxlanma ilə əlaqədar yaranmış hər hansı psixi və ya digər stress hallarının müəyyən edilməsi;
22.7.6. yoluxucu xəstəliyə tutulması ehtimal olunan tutulmuş və ya həbs edilmiş şəxsin tibbi rəy əsasında xəstəlik müddətində digər şəxslərdən təcrid edilməsi və müvafiq müalicə alması;
22.7.7. tutulmuş və ya həbs edilmiş şəxsin yalnız İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxması səbəbinə görə təcrid olunmamasının təmin edilməsi;
22.7.8. həbs edilmiş şəxsin azad edildikdən sonra cəmiyyətə reinteqrasiyası üçün maneə törədə bilən fiziki və psixi pozuntuların qeydə alınması;
22.7.9. həbs edilmiş şəxsin əməyə və fiziki məşqlərə yararlı olmasının müəyyən edilməsi;
22.7.10. tutulmuş və ya həbs edilmiş şəxsin razılığı ilə, onun azad edilməsindən sonra zəruri tibbi və ya psixiatriya müalicəsinin davam etdirilməsi ilə əlaqədar müvafiq dövlət tibb müəssisələrinə məlumat verilməsi.
22.8. Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerindən azad edilməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir.
22.9. Tutulmuş və ya həbs edilmiş şəxs ağır xəstəliyə tutulduqda və ya öldükdə həbs yerinin müdiriyyəti bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına məlumat verir.
22.10. Tutulmuş və ya həbs edilmiş şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına verilir. Tutulmuş və ya həbs edilmiş şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin verilməsi barədə müraciət daxil olmazsa, o, dövlət vəsaiti hesabına dəfn olunur. Həmin müddətdə meyitin daha uzun müddət saxlanması barədə müraciət daxil olarsa, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının meyitxanasında (morqunda) saxlanılır.