Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Bağlama, sovqat, banderol, pul baratlarının alınması və ya göndərilməsi

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Həbs edilmiş şəxs həftədə bir dəfə, tutulmuş şəxs isə hər gün bağlama, sovqat və banderol ala bilər. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır. Yetkinlik yaşına çatmayanlar, ağır xəstəlikdən əziyyət çəkənlər (bu barədə tibbi rəy olduqda), orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə qadınlar, habelə yanında 3 yaşınadək uşağı olan qadınlar say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol ala bilərlər.

25.2. Qadağan edilmiş əşyaların, yaxud tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə bağlama, sovqat və banderollara həbs yerinin işçiləri tərəfindən baxış keçirilir.

25.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin adına göndərilən bağlama, sovqat və banderollarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Bağlama, sovqat və banderollarda tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyalar aşkar edildikdə həmin əşyalar müvafiq akt tərtib edilməklə götürülür, tutulmuş və ya həbs edilmiş şəxs azad olunanadək saxlanılmaq üçün anbara təhvil verilir və ya bağlama, sovqat və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır, yaxud həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir.

25.4. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərinin müdiriyyətinin razılığı ilə yaxın qohumlarına bağlama və ya banderol göndərə bilərlər.

25.5. Həbs edilmiş şəxslərə daxil olan pul baratları onların şəxsi hesabına köçürülür. Həbs edilmiş şəxslər istintaq təcridxanasının müdiriyyətinin razılığı ilə öz yaxın qohumlarına şəxsi hesabından pul baratları göndərə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver