35.1. Tutulmuş və ya həbs edilmiş şəxslər kameralara onların yaşı, cinsi, əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmaqla yerləşdirilir.
35.2. Aşağıdakı tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərində ayrı saxlanılırlar:
35.2.1. qadınlar kişilərdən;
35.2.2. yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan;
35.2.3. ilk dəfə cinayət törətmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə yerlərində cəza çəkmiş şəxslərdən;
35.2.4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, tutulmuş və ya həbs edilmiş şübhəli və ya təqsirləndirilən şəxslər, barəsində qanuni qüvvəyə minmiş hökm olan məhkumlardan;
35.2.5. cinayət prosesini həyata keçirən orqanın göstərişi ilə eyni cinayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən tutulmuş və ya həbs edilmiş şəxslər bir-birindən;
35.2.6. tutulmuş və ya həbs edilmiş məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri və ya həmin orqanların sabiq işçiləri digər tutulmuş və ya həbs edilmiş şəxslərdən;
35.2.7. tutulmuş və ya həbs edilmiş şəxslər onların həyat və ya sağlamlığına təhlükə törədən digər tutulmuş və ya həbs edilmiş şəxslərdən (həbs yerinin müdiriyyətinin və ya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə);
35.2.8. ağır yoluxucu xəstəliyə düçar olmuş və ya xüsusi tibbi nəzarətə ehtiyacı olan tutulmuş və ya həbs edilmiş şəxslər tibbi rəy əsasında sağlam şəxslərdən, zərurət olduqda isə həm də bir-birindən;
35.2.9. özü və ətrafdakılar üçün təhlükə törədə biləcək kəskin psixi vəziyyətdə olan tutulmuş və ya həbs edilmiş şəxslər onlar üçün nəzərdə tutulan xüsusi kameralarda təcrid edilməklə digər şəxslərdən.