Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Cərimə təcridxanasında yerləşdirmə

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

40.1. Cərimə təcridxanası bu Qanunun 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda həbs edilmiş şəxsin yerləşdirilməsi üçün nəzərdə tutulan yerdir.

40.2. Cərimə təcridxanasında yerləşdirmə aşağıdakı hallarda müstəsna tədbir kimi tətbiq edilə bilər:

40.2.1. əvvəllər barəsində bu Qanunun 39.1.1-ci və ya 39.1.2-ci maddələri ilə müəyyən edilmiş tənbeh tədbirləri bir il ərzində azı iki dəfə tətbiq edilmiş şəxs yenidən Daxili intizam qaydalarını pozduqda;

40.2.2. həbs edilmiş şəxs həbs yerinin işçilərinin qanuni tələblərinə tabe olmadıqda və ya onları hədələdikdə;

40.2.3. həbs edilmiş şəxs xidməti vəzifələrini yerinə yetirən digər şəxsləri hədələdikdə;

40.2.4. həbs edilmiş şəxs digər həbs edilmiş şəxsləri hədələdikdə;

40.2.5. xırda xuliqanlıq əməli törədildikdə.

40.3. Cərimə təcridxanasında yerləşdirilən həbs edilmiş şəxs fərdi çarpayı və yataq ləvazimatı ilə təmin edilir.

40.4. Cərimə təcridxanasında olduğu müddət ərzində həbs edilmiş şəxslərin qida məhsulları əldə etməsi, bağlama, sovqat və banderol alması, stolüstü oyunlar oynaması, televiziya proqramlarına baxması qadağandır. Bu şəxslərin ünvanına gəlmiş bağlama, sovqat və banderollar cərimə təcridxanasından azad edildikdən sonra onlara təqdim edilir.

40.5. Cərimə təcridxanasında olduğu müddət ərzində həbs edilmiş şəxslərin görüşləri və ya yazışmaları yalnız o halda qadağan edilir ki, onların cərimə təcridxanasında yerləşdirilməsinə əsas verən hüquq pozuntusu bilavasitə görüşlərlə və ya yazışmalarla bağlı olsun.

40.6. Cərimə təcridxanasında yerləşdirilən şəxslər hər gün ən azı 1 saat gəzinti hüququna malikdirlər.

40.7. Həbs edilmiş şəxslər cərimə təcridxanasında yerləşdirildikdən dərhal sonra və cərimə təcridxanasında olduğu müddət ərzində hər gün ən azı bir dəfə tibb işçisi tərəfindən yoxlanılmalı və zəruri tibbi yardımla təmin olunmalıdırlar.

40.8. Barəsində cərimə təcridxanasında yerləşdirmə növündə tənbeh tədbiri tətbiq edilmiş şəxs səhhəti ilə əlaqədar cərimə təcridxanasında saxlanılmasının qeyri-mümkün olması barədə tibbi rəy olduqda, cərimə təcridxanasından azad edilir.

40.9. Cərimə təcridxanasından azad olunma haqqında müvafiq qeydiyyat aparılır.

40.10. Cərimə təcridxanasında yerləşdirmə növündə tənbeh tədbiri yetkinlik yaşına çatmayan şəxslərə, hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara tətbiq edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver