43.1. Həbs yerlərinin əməkdaşları və ya həbs yerlərində rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah bu Qanunla müəyyən edilmiş hallarda və qaydada tətbiq edilir.
43.2. Fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edilərkən aşağıdakı şərtlərə riayət edilməlidir:
43.2.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
43.2.2. qrup halında və ya odlu silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr və ya odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;
43.2.3. xüsusi vasitələr və ya odlu silah yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;
43.2.4. fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;
43.2.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;
43.2.6. odlu silah tətbiq edilməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, yaxud hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən və ya təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər);
43.2.7. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.
43.3. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. Həbs yerinin əməkdaşları tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda həbs yerinin müdiriyyəti bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına, odlu silahın tətbiq edilməsi barədə isə habelə prokurorluq orqanlarına yazılı məlumat verməli və hadisə yerinin dəyişilməmiş saxlanılmasına çalışmalıdır.
43.4. Həbs yerinin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitənin və ya odlu silahın tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır.
43.5. Həbs yerinin əməkdaşlarının öz səlahiyyətlərini, zəruri müdafiə və son zərurət hədlərini, habelə cinayət törətmiş şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşaraq fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq etməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.