Qanunvericilik › Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Xarici dövlətin səlahiyyətli orqanının fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi ilə bağlı sorğusu

Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Xarici dövlətin səlahiyyətli orqanı fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi üçün sorğunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) birbaşa, yaxud “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanunu və ya bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada təqdim edir.

8.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusunun Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət olunmadıqda əlavə məlumatların və sənədlərin təqdim edilməsinə dair müraciət edir.

8.3. Xarici dövlətin səlahiyyətli orqanının sorğusuna ölkədaxili siyahıya daxil edilmənin zəruriliyini əsaslandıran sənədlər əlavə edilməli və sorğuda aşağıdakılar qeyd olunmalıdır:

8.3.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının (qurumunun) adı;

8.3.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;

8.3.3. ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar, xarici dövlətin müvafiq cinayət qanununun mətni;

8.3.4. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun bu Qanunun 7.1.1-7.1.3-cü maddələrində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar;

8.3.5. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsə və ya quruma dair ətraflı eyniləşdirmə məlumatları;

8.3.6. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun Azərbaycan Respublikası ilə əlaqəsinə dair məlumatlar;

8.3.7. ölkədaxili siyahıya daxil edilmənin zəruriliyinin əsaslandırılması;

8.3.8. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə olunacağı və həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin hansı səbəbdən mümkün olmadığına dair məlumatlar;

8.3.9. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün sorğu edilən səlahiyyətli orqanın zəruri hesab etdiyi digər məlumatlar.

8.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusuna 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver