“Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1/2001 nömrəli Qərarının normativ hüquqi aktlarda edilmiş dəyişikliklərə uyğunlaşdırılmasını, habelə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 79-1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1/2001 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bəndin birinci abzasına “hərbi hissəni” sözlərindən sonra “(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini)” sözləri əlavə edilsin.
2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.15 və 6.2-2-ci maddələrinə əsasən vətəndaşın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi vəzifələri, o cümlədən tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara çağırılması barədə rəsmən məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəd çağırış vərəqəsidir və çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildikdə və bu barədə SMS məlumat ona çatdırıldıqda, bu mümkün olmadıqda isə digər vasitələr, yəni poçt rabitəsi ilə, elektron poçtla və ya şəxsən, məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin əməkdaşları və ya həmin orqanın müraciətinə əsasən vətəndaşın təhsil aldığı və ya işlədiyi qurumun müdiriyyəti, mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların səlahiyyətli şəxsləri tərəfindən təqdim olunduqda, həmin andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” 2005-ci il 10 iyun tarixli 923-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununa və bu Qanunla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi” Qaydasının 3.3-cü bəndinə əsasən mediada səfərbərliyin elan olunmasından əlavə, vətəndaşlar səfərbərlik üzrə hərbi xidmətə çağırılmaları barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmə rəislərinin səfərbərliyin elan olunması haqqında əmrinin ictimai yerlərdə yapışdırılması, çağırış vərəqələri ilə yaşayış yerləri və iş yerləri üzrə xəbərdar edilirlər. Həmin “Qayda”nın 3.4-cü bəndi ilə vətəndaşların səfərbərlik barədə xəbərdar edilməsinə yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların vəzifəli şəxslərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin aparatlarına təhkim edilmiş şəxslərin də cəlb edilməsinə, yəni çağırış vərəqəsi bu şəxslər vasitəsilə də hərbi vəzifəlilərə çatdırılmaqla onların səfərbərlik üzrə çağırılmaları barədə məlumatlandırılmasına yol verilir.
Hər bir halda vətəndaşın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ona qeyd olunan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada çağırış vərəqəsi ilə müvafiq məlumatın çatdırıldığı, o, çağırış vərəqəsini almaqdan imtina etdikdə və ya başqa şəkildə çağırış vərəqəsi ilə məlumatlandırılmadan yayındıqda, bunu təsdiq edən hallar müəyyən olunmalıdır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.8-ci maddəsinə və Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 30-cu maddəsinə əsasən xaricdə yaşayan Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasında daimi yaşayış yerlərindəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmələri müvafiq konsul tərəfindən (öz konsul dairəsinin hüdudlarında olan şəxslərə münasibətdə) təmin edilir. Bu qaydada xəbərdar edildiyi andan həmin şəxslər məlumatlandırılmış hesab olunurlar.”.
3. Aşağıdakı məzmunda 2-1, 2-2 və 2-3-cü bəndlər əlavə edilsin:
“2-1. Hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-in 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 321-ci maddəsinin “Qeyd”inə əsasən növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin obyektiv cəhətinə daxil olan üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara gəlməmə kimi əməllərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 606.3-cü maddəsində də məsuliyyət müəyyən edilmiş və həmin maddənin “Qeyd”inin 1-ci bəndində bu inzibati xətaları törətmiş şəxslər barədə məhkəmə qərar qəbul edənədək onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmələri onların inzibati məsuliyyətdən azad olunmasını şərtləndirən əsas kimi təsbit edilmişdir. Eyni zamanda İXM-in 606-cı maddəsinin “Qeyd”inin 2-ci bəndində nəzərdə tutulmuşdur ki, həmin Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə CM-in müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Qeyd olunanlar inzibati məsuliyyətə səbəb olan üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara gəlməmənin cinayət xarakterli eyni əməllərdən fərqləndirilməsini tələb edir və nə qədər ki, İXM-in 606-cı maddəsinin “Qeyd”inin 1-ci bəndi üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə gəlməyən şəxsin və ya toplanışlara gəlməyən hərbi vəzifəlinin inzibati məsuliyyətə cəlb olunanadək müvafiq dövlət orqanına gəlməsini inzibati məsuliyyəti istisna edən hal kimi təsbit edir, eyni zamanda CM-in 321.1-ci maddəsinin dispozisiyası məhz növbəti hərbi çağırışdan (onun müəyyən mərhələsini təşkil edən tədbirdən deyil) boyun qaçırmanı cinayət əməli kimi göstərir, üzrlü səbəb olmadan gəlməyən şəxsin sonradan, lakin Azərbaycan Respublikası Prezidentinin növbəti həqiqi hərbi xidmətə çağırışla bağlı qüvvəyə minmiş aktında müəyyən edilən cari hərbi çağırış dövrü başa çatanadək tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə) və ya hərbi hissəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməsi CM-in 321-ci maddəsi ilə də cinayət məsuliyyətini istisna edən hallar kimi qiymətləndirilməlidir.
CM-in 321-ci maddəsində təsbit edilmiş əməllər İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalardan həm də onunla fərqlənir ki, sözügedən cinayət-hüquqi normanın dispozisiyasına görə şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə və ya toplanışa məhz hərbi xidmətdən yayınmaq üçün, yəni hərbi xidmətdən yayınmaq məqsədilə gəlməməsi tələb olunursa, İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara münasibətdə belə məqsəd istisna olunur və çağırışçının və ya hərbi vəzifəlinin gəlməməsinin üzrlü səbəblə bağlı olmadığının müəyyən edilməsi həmin maddə ilə inzibati məsuliyyətin yaranmasının əsası kimi çıxış edir. Əvvəlcə çağırış vərəqəsində göstərilən vaxtda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməyən vətəndaşın növbəti hərbi xidmətə çağırış başa çatanadək (cari çağırış dövründə çağırış komissiyasının işi qurtarmamış) həmin orqana gəldiyi halda isə onun hərbi xidmətdən yayınmaq məqsədində olmasına dair nəticə üçün əsas yaranmır.
CM-in 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayətkar məqsədi ehtiva edən “Hərbi xidmətdən yayınmaq üçün” ifadəsi altında hərbi xidmət keçməkdən tamamilə (birdəfəlik) yayınma deyil, cari çağırış üzrə hərbi xidmətdən yayınma başa düşülür və şəxs tamamilə deyil, hətta bir çağırış üzrə (bir çağırış daxilində) xidmətdən yayındıqda belə, onun CM-in 321.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması istisna edilmir.
2-2. Bu Qərarın 2-1-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla CM-in 321.1-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər qismində aşağıdakılar nəzərdən keçirilməlidir:
1) vətəndaşın Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hazırkı Qərarın 2-ci bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına (çağırılmasına) baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin növbəti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı aktında müəyyən edilmiş həqiqi hərbi xidmətə çağırış müddəti (şəxsə şamil edilən cari çağırış) başa çatanadək hərbi xidmətdən boyun qaçırmaq üçün üzrlü səbəblər olmadan çağırış üzrə tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə) gəlməməsi;
2) vətəndaşın müddətli həqiqi hərbi xidmətini müəyyən olunmuş hərbi hissədə keçməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırılması barədə hazırkı Qərarın 2-ci bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin növbəti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı aktında müəyyən edilmiş həqiqi hərbi xidmətə çağırış müddəti (şəxsə şamil edilən cari çağırış) başa çatanadək hərbi xidmətdən yayınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməməsi;
3) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hazırkı Qərarın 2-ci bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına (çağırılmasına) baxmayaraq, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçının - möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşın isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinəyə Azərbaycan Respublikası Prezidentinin növbəti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı aktında müəyyən edilmiş həqiqi hərbi xidmətə çağırış müddəti (şəxsə şamil edilə bilən cari çağırış) başa çatanadək hərbi xidmətdən yayınmaq üçün üzrlü səbəblər olmadan gəlməməsi;
4) hərbi vəzifəlilərin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, səfərbərlik hazırlığının yoxlanılması, eləcə də fövqəladə hadisələrin qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması məqsədilə keçirilən toplanışlarla əlaqədar təhkim olunduqları hərbi hissələrə göndərilmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hazırkı Qərarın 2-ci bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına (çağırılmalarına) baxmayaraq, hərbi xidmətdən yayınmaq üçün üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməmələri;
5) Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunduqdan sonra hərbi vəzifəlilərin hazırkı Qərarın 2-ci bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına (çağırılmalarına) baxmayaraq, təhkim olunduqları hərbi hissələrə səfərbərlik üzrə hərbi xidmətə göndərilmək üçün çağırış üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə və ya müəyyən olunmuş toplanış məntəqələrinə və ya hərbi hissələrə hərbi xidmətdən yayınmaq üçün gəlməmələri.
2-3. Hərbi qeydiyyatdan keçmək üçün vətəndaşların müəyyən olunmuş müddətdə üzrlü səbəblər olmadan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməmələri özü-özlüyündə CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilməz.
Belə ki, İXM-in 606.2-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan irəli gələn hərbi qeydiyyat üzrə vəzifələrini yerinə yetirməməsi, yəni onların (müvafiq icra hakimiyyəti orqanının – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsi (maddə 606.2.1), hərbi vəzifəlilərin (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçıların yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması (maddə 606.2.2), hərbi vəzifəlilərin və çağırışçıların yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsi (maddə 606.2.3) hərbi qeydiyyat qaydalarının pozulması inzibati xətasının tərkibini yaradan hüquq pozuntuları hesab edilir.
Lakin çağırışçının məhz hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməməsi CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər.”.
4. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3. CM-in 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır. Müddətli hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, yaşı 30-dan çox olmayan sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar.
Vətəndaşlığı olmayan şəxslər və xarici ölkə vətəndaşları CM-in 321-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti ola bilməzlər. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası vətəndaşının xaricdə yaşaması CM-in 321-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti olmasını istisna etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən 18 yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının üzərinə müddətli həqiqi hərbi xidmət keçmək deyil, həmin Qanunun 2-ci və 3-cü fəsilləri ilə müəyyən edilmiş ilkin hərbi qeydiyyata alınma, çağırışaqədərki hazırlıq və bunlardan irəli gələn sair (o cümlədən ilkin hərbi qeydiyyata alınmaqla əlaqədar tibbi müayinədən keçmək kimi) vəzifələr qoyulduğuna görə, çağırışaqədər yaş həddində olan (qeydiyyata alındığı ildə 15 yaşı tamam olan lakin 18 yaşına çatmayan) şəxslərin üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə) gəlməmələri hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırma kimi qiymətləndirilə və həmin şəxslər CM-in 321-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin subyekti hesab oluna bilməzlər. Lakin müvafiq əsaslar, o cümlədən hüquq pozuntusu törədilən vaxt şəxsin 16 yaşı olduqda çağırışaqədər yaş həddində olan şəxslərin tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə) üzrlü səbəblər olmadan gəlməməsi ilə əlaqədar onların özlərinin və yaxud qanuni nümayəndələrinin İXM-in 604-cü maddəsinə əsasən (ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə) məsuliyyətə cəlb olunması istisna edilmir.
Odur ki, birlikdə götürülməklə CM-in 321-ci maddəsinin “Qeyd”inə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.8 və 15.1-ci maddələrinə əsasən yalnız çağırışçılar (o cümlədən hazırkı Qərarın 2-2-ci bəndinin 3-cü yarımbəndində göstərilən sağlamlıq vəziyyəti ilə əlaqədar verilmiş möhlət hüququ bitmiş və yaxud 3 illik müddətin tamamında yenidən tibbi müayinəyə cəlb edilməli olan ehtiyata keçirilmiş çağırışçılar), yəni 18 yaşından 30 yaşınadək kişi cinsindən olan Azərbaycan Respublikası vətəndaşları üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə) gəlməməyə görə CM-in 321-ci maddəsi ilə məsuliyyət daşıya bilərlər (həmin Qanunun 15.1-ci maddəsinə əsasən “Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər.”, Qanunun 2.0.8-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, “çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları”dır).
CM-in 321-ci maddəsinin “Qeyd”ində həmin Məcəllənin 321.1-ci maddəsində təsbit olunmuş “çağırışdan boyun qaçırma” anlayışı həm də vətəndaşın üzrlü səbəb olmadan toplanışa çağırış üzrə gəlməməsi kimi izah edildiyindən, bu maddə ilə məsuliyyət daşıyan (CM-in 321.1-ci maddəsinin dispozisiyası ilə ehtiva olunan subyektlər) kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsinə müvafiq olaraq ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama üzrə və ya xüsusi toplanışlara çağırılmış (Qanunun 46-cı maddəsinə əsasən toplanışlardan azad edilməli olmayan) hərbi vəzifəlilər başa düşülməlidir.”.
5. Aşağıdakı məzmunda 4-1 və 4-2-ci bəndlər əlavə edilsin:
“4-1. CM-in 321.1-ci maddəsinin dispozisiyasına əsasən çağırışçının və ya hərbi vəzifəlinin çağırış üzrə tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsinin üzrsüz səbəblərə görə baş verməsi və hərbi xidmətdən yayınmaq üçün törədilməsi tələb olunduğu üçün sözügedən cinayət tərkiblərinin zəruri əlamətləri kimi çıxış edən həmin səbəblər və cinayətkar məqsəd bu cinayətlərə dair işlərdə sübutetmə predmetini təşkil edir və bu səbəbdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən müvafiq materiallarla sübuta yetirilməlidir.
Şəxsin xidmətdən yayınmaq məqsədinə dəlalət edən hallar kimi onun çağırış vərəqəsini qəbul etməkdən imtina etməsi və ya başqa vasitələrlə qəbul etməkdən yayınması, o cümlədən olduğu yeri hərbi qeydiyyatda olduğu orqandan gizlətməsi, məlumat vermədən xaricə getməsi, xəstə olmasını simulyasiya etməsi, üzrlü halların, möhlət hüququ verən əsasların olmasını təsdiq etmək üçün saxta sənədlər hazırlaması, əldə etməsi, təqdim etməsi, özünə xəsarət yetirməsi, möhlət hüququna əsas olmuş halların ortadan qalxdığını gizlətməsi, hərbi xidmətə çağırış üzrə məsələnin həlli üçün əhəmiyyətli olan digər hallar barədə yalan məlumatlar verməsi və s. nəzərə alına bilər.
Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamı ilə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməməyin üzrlü səbəbləri çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında) və ya fövqəladə və ya digər qarşısı alına bilinməyən hallardır (bu zaman şəxsin gəlməyinin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir). Konkret şəxsə münasibətdə qarşısı alına bilməyən hallar müxtəlif ola və bu Qərarın 15-ci bəndində qeyd olunan ağır şərait zəminində baş vermiş hallar da üzrlü hallar kimi qiymətləndirilə bilər. Məhkəmə baxışında belə halların mövcudluğu baxılmış materiallarla kifayət qədər sübuta yetirildikdə, müvafiq icra hakimiyyəti orqanının təsdiqlənməsinin olmaması və s. bu kimi formal əsasa görə üzrlü halların müəyyən edilməsindən imtina edilməməlidir.
4-2. Yalnız sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan şəxs CM-in 321-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti ola bildiyi üçün maddənin dispozisiyası və “Qeyd”i ilə ehtiva olunan əməllərin məhkəməyədək icraatda araşdırılması zamanı ibtidai istintaq orqanı tərəfindən həmin şəxslərin sağlamlıq vəziyyəti hərbi xidmətə yararlılıq baxımından tam araşdırılmalı, bu məsələ araşdırılmadan CM-in 321-ci maddəsi ilə ittihamın irəli sürüldüyü məhkəmə baxışında müəyyən edildikdə, bu pozuntu xüsusi qərarın çıxarılmasına əsas verən hal kimi nəzərdən keçirilməlidir.”.
6. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5. CM-in 321-ci maddəsində nəzərdə tutulmuş cinayətlər uzanan cinayətlər olduğu üçün başa çatmış həqiqi hərbi xidmətə növbəti çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma əməllərinə görə məsuliyyət çağırışçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan hərbi xidmətdən yayınmaq üçün cari çağırış müddətinin sonuna (çağırış komissiyasının işi qurtarana) qədər gəlmədikdə, ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan şəxs isə üzrlü səbəblər olmadan hərbi xidmətdən yayınmaq üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə) gəlmədikdə yaranır (hüquqi anlamda cinayətin başa çatması). Lakin faktiki cinayət əməli şəxsin tutulması və ya könüllü gəlib təqsirini boynuna alması və yaxud vətəndaşın hərbi xidmətə çağırılmasını istisna edən, məsələn, çağırışçının 30 yaşına və ya səfərbərliyin sona çatması kimi halların meydana gəlməsi anında bitir.
Odur ki, şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması cinayətin faktiki bitdiyi ana görə həll edilməlidir. Lakin çağırışçı 30 yaşına çatdıqdan və ya səfərbərlik üzrə hərbi xidmətdən boyun qaçırmış şəxs səfərbərlik sona çatdıqdan (hərbi xidmətə çağırılmanı istisna edən əsaslar meydana gəldikdən) sonra da istintaqdan və məhkəmədən gizlənməyə davam edərsə, CM-in 75.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayanmalı və yalnız şəxs tutulduqda və ya könüllü gəldikdə müddətin axımı davam etməlidir.
Yuxarıda qeyd edilən izahlara analoji qaydada tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), toplanışlara çağırış üzrə gəlməmənin hüquqi və faktiki anlamda başa çatma anları müəyyən edilməklə bundan irəli gələn məsələlər həll edilməli, o cümlədən çağırışçı cari çağırış müddətinin sonunadək üzrlü səbəblər olmadan hərbi xidmətdən yayınmaq üçün tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə) çağırış üzrə gəlmədiyi, habelə ehtiyatda olan hərbi vəzifəli toplanışa göndərilmək üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə və ya öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə) üzrlü səbəblər olmadan hərbi xidmətdən yayınmaq məqsədilə gəlmədiyi andan hüquqi anlamda müvafiq cinayət başa çatmış hesab edilməli, cinayətin faktiki bitdiyi vaxt kimi isə şəxsin könüllü gəldiyi və ya tutulduğu, eləcə də həqiqi hərbi xidmətə çağırılması və ya toplanış keçməsi üçün hüquqi əsaslar ortadan qalxdığı an qəbul edilməlidir.
Hüquqi anlamda cinayət başa çatdıqdan sonra hərbi xidmət keçməkdən boyun qaçıranın Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməsi cinayətdən könüllü imtina etmə kimi deyil, cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər.”.
7. 6-cı bəndə “cinayətlərin” sözündən sonra “, eyni məqsədlə saxta sənəd əldə etmə, hazırlama və ya saxta sənəddən istifadə etmə CM-in 321-ci maddəsi ilə CM-in 320-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin” sözləri əlavə edilsin.
8. 7-ci bəndin ikinci və üçüncü abzasları müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:
“Hərbi qulluqçuların statusu haqqında” 1991-ci il 25 dekabr tarixli 36 nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları təhsil müəssisəsinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.4-1-ci maddəsinə əsasən kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulur.
Bununla belə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 36.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi təyinatlı ali təhsil müəssisəsinə və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edilmiş, lakin qəbul edildiyi ildə 17 yaşı tamam olan (18 yaşına çatmayan) kursantlar, həmin Qanunun 3.2-ci maddəsinə əsasən yalnız 18 yaşı tamam olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçmək vəzifəsi daşıdıqlarına və Qanunun 36-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən belə şəxslərin müstəqil surətdə (qanuni nümayəndələrinin razılığı olmadan) bağlaşma əsasında təhsil müəssisəsinə (hərbi xidmətə) qəbul edilməsi istisna edildiyinə görə, hərbi cinayətlərin subyekti hesab edilə və hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməzlər.”.
9.1. birinci abzasa “hərbi hissənin” sözlərindən sonra “(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin)” sözləri, “mövqeyini” sözündən sonra isə “(ərazisini)” sözü əlavə edilsin;
9.2. ikinci abzasının birinci cümləsinə “Hərbi hissəni” sözlərindən sonra “(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini)” sözləri əlavə edilsin və həmin cümlədən “bu,” sözü çıxarılsın;
9.3. dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:
“Cinayət məsuliyyətinə səbəb olan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməmə ondan ibarətdir ki, hərbi qulluqçu qanuni əsaslarla hərbi hissənin (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin) mövqeyindən (ərazisindən) və ya xidmət yerindən getdikdən sonra üzrlü səbəblər olmadan müəyyən olunmuş müddətdə hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə qayıtmır.
Nəzərə almaq lazımdır ki, əgər gəlməmə üzrlü səbəblərdən baş vermişdirsə, cinayət məsuliyyətinə səbəb olmur. Hərbi qulluqçunun hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə xəstəliyi ilə bağlı vaxtında gəlməməsi tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı ilə, vaxtında gəlməyə imkan verməyən təbii fəlakət və s. xarakterli hadisələrlə bağlı olduqda isə gəlməyin mümkün olmadığı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir.”;
9.4. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“Üzrlü səbəblər aradan qalxdığı, lakin bundan sonra da hərbi qulluqçu hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə qayıtmadığı halda həmin dövrə münasibətdə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi ümumi qaydada həll olunmalıdır.”.
10. 12-ci bənd aşağıdakı redaksiyada verilsin:
“12. Fərarilik cinayəti hərbi qulluqçu müddətindən asılı olmayaraq, hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına buraxıb getdiyi və yaxud hərbi hissəyə və ya xidmət yerinə qayıtmadığı vaxtdan başa çatmış hesab olunur.
Fərarilik cinayətini CM-in 333-cü maddəsində nəzərdə tutulmuş hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etmə əməllərindən fərqləndirərkən nəzərə almaq lazımdır ki, əgər CM-in 333-cü maddəsində təsbit edilmiş əməllər, o cümlədən üç aydan artıq müddətə hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) özbaşına tərk etmə və ya hərbi xidmət yerinə vaxtında gəlməmə (maddə 333.4-1) hərbi qulluqçunun bu əməlləri hərbi xidmətdən müvəqqəti yayınmaq məqsədilə törətməsini ehtiva edirsə, CM-in 334-cü maddəsində “hərbi xidmətdən boyun qaçırmaq məqsədi” dedikdə, hərbi xidmətdən tamamilə, yəni birdəfəlik yayınmaq məqsədi ehtiva olunur və hərbi qulluqçu hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etdiyi və yaxud hərbi xidmət yerinə qayıtma vaxtı başa çatdıqdan sonra gəlmədiyi anda onun belə məqsəd güddüyü müəyyən edilirsə, artıq yayınma müddətinin nə qədər təşkil etməsindən (hətta CM-in 333-cü maddəsində göstərilən müddətlər qədər olmasından) asılı olmayaraq şəxsin CM-in 334-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaranır.
Hərbi qulluqçu hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk edərkən məqsədi hərbi xidmətdən müvəqqəti yayınmaq olmuşdusa belə, sonradan hərbi xidmətdən tamamilə yayınmaq məqsədinin yaranması, artıq özbaşına tərk etmə daha ağır cinayətə (fərariliyə) çevrildiyi üçün əməl CM-in 333-cü maddəsi ilə və yaxud bu maddədə və CM-in 334-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu kimi deyil, məhz CM-in 334-cü maddəsi ilə tövsif edilməlidir.”.
11. Aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:
“12-1. CM-in 333 və 334-cü maddələrində göstərilən cinayətlər uzanan cinayətlərdir. Bu səbəbdən (baxmayaraq ki, hüquqi cəhətdən başa çatmış fərarilik cinayətinin tərkibi hərbi qulluqçu hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi xidmət yerini özbaşına buraxıb getdiyi və ya eyni məqsədlə qayıtmadığı vaxtdan yaranır), istər fərarilik, istərsə də CM-in 333-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı şəxsin könüllü gəldiyi və ya tutulduğu, yəni uzanan cinayət faktiki anlamda bitdiyi vaxtdan başlayır. Eynilə, hərbi xidmətdə olmanı şərtləndirən əsasların aradan qalxdığı (məsələn, şəxsin hərbi xidmətdə olmanın son yaş həddinə çatdığı) gün də CM-in 333 və 334-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin faktiki anlamda başa çatma vaxtı kimi qiymətləndirilməli, lakin şəxs bundan sonra da istintaqdan və ya məhkəmədən gizlənməkdə davam edərsə, cinayət məsuliyyətinə cəlb etmə müddəti hərbi xidmətdə olmanı şərtləndirən əsaslar ortadan qalxdığı vaxtdan deyil, şəxsin könüllü gəldiyi və ya tutulduğu vaxtdan hesablanmalıdır.”.
12. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“13. Başa çatmış fərarilik cinayətinə görə şəxsin CM-in 334-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün əsas hərbi qulluqçu hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi xidmət yerini özbaşına buraxıb getdiyi və ya eyni məqsədlə qayıtmadığı vaxtdan yarandığı üçün onun hər hansı müddətdən sonra hərbi hissəyə (xidmət yerinə) gəlməsi və ya özünü hakimiyyət orqanına təqdim etməsi cinayəti törətməkdən könüllü imtina kimi deyil, könüllü gəlib təqsirini boynuna alma, yəni CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir.”.
13.1. birinci abzasda “Məhkəmələrə izah olunsun ki, hərbi hissəni (xidmət yerini)” sözləri “Hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini” sözləri ilə əvəz edilsin;
13.2. ikinci abzasda “işlərinə” sözü “işinə” sözü ilə, “onun hərbi hissənin mövqeyini” sözləri “hərbi hissənin (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin) mövqeyini (ərazisini)” sözləri ilə “bu tərk etmənin” sözləri isə “hərbi xidmətdən yayınma” sözləri ilə əvəz edilsin.
14. 19-cu bənddə “(xidmət yerini)” sözləri “(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini” sözləri ilə əvəz edilsin.
15. 20-ci bənddə hər iki halda “(xidmət yerini)” sözləri “(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini” sözləri ilə əvəz edilsin.
16. 22-ci bənddə “(xidmət yerini)” sözləri “(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini” sözləri ilə əvəz edilsin və həmin bəndə ikinci halda “CM-in” sözündən sonra “338,” rəqəmi əlavə edilsin.
17. 23-cü bəndin birinci cümləsinə “hərbi hissəni” sözlərindən sonra “(hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini)” sözləri əlavə edilsin.
18. Aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilsin:
“24-1. CPM-in 214.4-1-ci maddəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təhqiqatçılarına müstəsna olaraq Müdafiə Nazirliyinə aid hərbi hissələrin və hərbi idarələrin ərazisində Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilmiş CM-in 329.1, 330.1, 332.1, 332.1-1, 333.1-333.3, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparmaq səlahiyyəti verildiyindən, məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın aparılmasına yol verilən digər – CPM-in 214.4-cü maddəsində göstərilən böyük ictimai təhlükə törətməyən cinayətlərə münasibətdə Müdafiə Nazirliyinin təhqiqatçıları tərəfindən təhqiqat məhkəməyədək sadələşdirilmiş icraat şəklində deyil, CPM-in 214.2.3-cü maddəsində müəyyən edildiyi kimi cinayət işi üzrə təhqiqat (təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı) şəklində aparıla bilər.
Nəzərə almaq lazımdır ki, CM-in 329.1, 330.1, 332.1, 332.1-1, 333.1-333.3, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət təqibi CPM-in 37.6-cı maddəsinə əsasən ictimai ittiham qaydasında aparıldığından, CM-in 333.1-333.3-cü maddələrində göstərilən cinayətlərdən başqa digər cinayətlərə münasibətdə məhkəməyədək sadələşdirilmiş icraat şəklində cinayət təqibi həm CM-in 329.1, 330.1, 332.1, 332.1-1, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin ərizələri, həm də hərbi hissənin komandirlərinin müraciətləri əsasında, CM-in 333.1-333.3-cü maddələrində nəzərdə tutulmuş (fiziki və ya hüquqi şəxslərin zərərçəkmiş şəxs qismində tanınmasının istisna edildiyi) cinayətlər üzrə isə yalnız hərbi hissə komandirlərinin müraciətləri əsasında başlana bilər. Məhkəməyədək sadələşdirilmiş icraat hərbi hissə komandirinin müraciəti əsasında başlandıqda onların məhkəməyədək sadələşdirilmiş icraatda zərərçəkmiş şəxs qismində tanınmasına yol verilməməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən zərərçəkmiş şəxslə barışığa görə cinayət məsuliyyətindən azad etməni təsbit edən CM-in 73-cü maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında da təkrar olunmuşdur.
Lakin zərərçəkmiş şəxslə barışığa görə CM-in 73-cü və ya 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmə yalnız fiziki və ya hüquqi şəxslərə zərərin vurulması ilə nəticələnən, yəni CPM-in 87.1-ci maddəsinə müvafiq olaraq mənəvi, fiziki və ya maddi zərərin vurulması ilə əlaqədar fiziki şəxsin və ya CPM-in 87.3-cü maddəsinə əsasən mənəvi və ya maddi zərərin vurulması ilə əlaqədar hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanındığı cinayətlərə dair işlərdə mümkün olduğundan, CM-in 333.1-333.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərdə isə hərbi xidmət keçmə qaydalarına qəsd olunmaqla fiziki və ya hüquqi şəxslərə zərər vurulmadığından, bu cinayətlər üzrə hər hansı bir subyektin zərərçəkmiş şəxs qismində tanınması, müvafiq olaraq da zərərçəkmiş şəxslə barışığın əldə olunması və CM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş qaydada zərərçəkmiş şəxslə barışığa görə hərbi qulluqçunun cinayət məsuliyyətindən azad olunması istisna edilir.
Bundan fərqli olaraq, yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqe CM-in 329.1, 330.1, 332.1, 332.1-1, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlərdə zərərçəkmiş şəxslə barışığa görə hərbi qulluqçunun CM-in 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini (həmin maddədə nəzərdə tutulmuş digər zəruri şərtlər olduqda) istisna etmir.”.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 23 yanvar 2026-cı il