30.1. Hesablama Palatasının üzvləri aşağıda göstərilən hallarda intizam məsuliyyətinə cəlb edilə bilərlər:
30.1.1. bu qanunla onlara həvalə olunmuş vəzifələri yerinə yetirmədikdə və ya lazımi şəkildə yerinə yetirmədikdə;
30.1.2. Hesablama Palatası kollegiyasının iclaslarının normal gedişini, iş qaydasını pozduqda və qərarlarının qəbul edilməsinə mane olduqda;
30.1.3. Hesablama Palatasının və öz adına xələl gətirən hərəkətlər etdikdə;
30.1.4. korrupsiya hüquqpozmaları törətdikdə (inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);
30.1.5. kollegiya iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə.
30.2. Hesablama Palatasının üzvləri bu qanunun 30.1-ci maddəsində göstərilən əsaslarla intizam məsuliyyətinə cəlb olunduqda, onların barəsində aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:
30.2.1. xəbərdarlıq;
30.2.2. töhmət;
30.2.3. Hesablama Palatasının üzvlüyünə xitam verilməsi.
30.3. Hesablama Palatasının üzvlərinə bu qanunun 30.2.1-ci və 30.2.2-ci maddələrində göstərilən intizam tənbeh tədbirlərini etika komissiyasının rəyi əsasında Hesablama Palatasının sədri, bu qanunun 30.2.3-cü maddədə göstərilən intizam tənbeh tədbirini isə Azərbaycan Respublikasının Milli Məclisi tətbiq edir.
30.4. Hesablama Palatasının üzvü üzrsüz səbəbdən ardıcıl olaraq üç dəfə və ya il ərzində altı dəfə kollegiya iclaslarında iştirak etmədikdə, bu qanunun 30.2.3-cü maddəsində göstərilən intizam tənbeh tədbirinin tətbiqi məqsədilə Hesablama Palatasının sədri tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə müraciət olunur.