Qanunvericilik › “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 17.10.2024) › Tam mətn

“Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 17.10.2024)

“Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 17.10.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 20-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 40 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

1.1. Heyvan bazarlarına dair baytarlıq-sanitariya normaları və qaydaları (bundan sonra – Qaydalar) heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə heyvanların ticarəti həyata keçirilən heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”na və bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hazırlanmışdır.

1.3. Heyvanların nəqliyyat vasitəsilə heyvan bazarlarına daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” qaydalarına uyğun həyata keçirilir.

1.4. Heyvan bazarlarında dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

2.0. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Heyvan bazarı - yalnız diri heyvan ticarətinin həyata keçirildiyi və bu Qaydalardakı tələblərə uyğun ərazi;

2.0.2. Dezbaryer - infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə bazarın giriş-çıxış yerlərində nəqliyyat vasitələri və piyadalar üçün nəzərdə tutulmuş və dezinfeksiyaedici məhlul ilə doldurulmuş və ya hopdurulmuş bölmə;

2.0.3. Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmlərin kimyəvi maddələr və ya buxar vasitəsilə məhv edilməsi;

2.0.4. Dezinseksiya - infeksiya daşıyıcısı olan həşəratların məhv edilməsi məqsədilə həyata keçirilən kompleks mübarizə (fiziki, kimyəvi, bioloji və s.) tədbirləri;

2.0.5. Deratizasiya - infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə gəmiricilərə qarşı həyata keçirilən kompleks mübarizə (fiziki, kimyəvi, bioloji və s.) tədbirləri;

2.0.6. Rampa - nəqliyyat vasitələrindən heyvanların rahat şəkildə boşaldılmasını və yüklənməsini təmin etmək üçün döşəməsi sürüşkən olmayan avadanlıq;

2.0.7. Ümumi kliniki baxış - heyvanların anamnez məlumatlarının toplanması, palpasiyası, perkussiyası, auskultasiyası, termometriyası və digər müayinə üsullarından istifadə edərək kliniki müayinənin aparılması;

2.0.8. Dövlət baytarlıq nəzarəti - “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsində nəzərdə tutulmuş hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.

3.1. Bu Qaydalar heyvan bazarlarında heyvanların pərakəndə və topdan satışı, qəbulu və müvəqqəti saxlanması ilə bağlı fəaliyyətə şamil edilir.

4.1. Heyvan bazarları kənd təsərrüfatına yararsız torpaq sahələrində olmaqla, yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdirilir:

4.1.1. avtomobil yollarından - 30 metr;

4.1.2. fermalardan - 200 metr;

4.1.3. su hövzələrindən - 100 metr;

4.1.4. sənaye müəssisələrindən - 100 metr;

4.1.5. yaşayış binalarından - 100 metr;

4.1.6. heyvan bazarlarında xidmət göstərən dayanacaqlar, istirahət meydançaları, ictimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılmalıdır.

4.2. Heyvan bazarları epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanmalıdır.

4.3. Heyvan bazarlarının yerləşdiyi ərazinin 4 tərəfi minimum 1.5 metr hündürlükdə, heyvanların hərəkətinin qarşısını alabilən material ilə hasarlanmalıdır.

4.4. Heyvan bazarlarında insanlar və nəqliyyat vasitələri üçün ayrı giriş-çıxış qapıları olmalı və bu qapılardan kənar yerlərdən giriş-çıxışa yol verilməməlidir. Bu qapılarda dezbaryerlər quraşdırılmalıdır.

4.5. Heyvan bazarlarında aşağıdakı bölmələr olmalıdır:

4.5.1. heyvanların nəqliyyat vasitələrindən boşaldılaraq satış üçün nümayiş olunması və ya yüklənməsi üçün arakəsmələrlə təmin olunmuş bölmələr;

4.5.2. satışı həyata keçirilən heyvanların növünə və fizioloji vəziyyətinə (boğaz heyvanlar, balalı heyvanlar və s.) uyğun müvəqqəti yerləşdirilməsi üçün bölmələr;

4.5.3. xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar);

4.5.4. nəqliyyat vasitələrinin təmizlənməsi, yuyulması və dezinfeksiyası bölməsi;

4.5.5. yemlərin saxlanması bölməsi;

4.5.6. tullantıların toplanması bölməsi;

4.5.7. baytarlıq nəzarəti bölməsi;

4.5.8. inzibati (müdiriyyət, baytar müfəttişi, baytar həkimi və s. üçün otaqlar) və yardımçı (işçilərin soyunub-geyinmə, sanitar qovşaq, ləvazimatların və avadanlıqların saxlandığı, giriş-çıxış qapılarında nəzarətçi və s. otaqları ) bölmələr.

4.6. Bu Qaydaların 4.5.1-4.5.6-cı yarımbəndlərindəki bölmələrin döşəmələri möhkəm, su keçirməyən, asan təmizlənən, yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Həmçinin nəqliyyat vasitələrinin hərəkət yolları və səkilər beton və ya asfalt örtüklə təmin olunmalıdır.

4.7. Baytarlıq nəzarəti bölməsi dövlət baytarlıq müfəttişlərinin öz vəzifə funksiyalarının yerinə yetirilməsi üçün ofis şəraiti, həmçinin informasiya-kommunikasiya avadanlıqları ilə təchiz edilməlidir.

4.8. Heyvan bazarlarının giriş-çıxış qapılarında heyvanlara dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün şərait yaradılmalıdır.

4.9. Nəqliyyat vasitələrindən heyvanların rahat şəkildə boşaldılmasını və yüklənməsini təmin etmək üçün satış və saxlanc bölmələrində və ya o bölmələrə yaxın ərazidə rampalar quraşdırılmalıdır.

4.10. Heyvan bazarlarında heyvanların nəqliyyat vasitələrindən boşaldıldığı və yükləndiyi yerlər, saxlanc və satış bölmələrinin tavanı, heyvanları günəşin və yağışın təsirindən qorumaq məqsədilə plastik və ya metal konstruksiya ilə örtülməlidir.

4.11. Obyektin ərazisi kanalizasiya sistemi ilə təchiz edilməli, çirkab suları zərərsizləşdirildikdən sonra ümumi kanalizasiya sisteminə buraxılmalıdır.

4.12. Satış bölməsində heyvanlar növlər üzrə qruplaşdırılmalı, bir nəqliyyat vasitəsilə daxil olan heyvanın digər nəqliyyat vasitəsilə gətirilən heyvanlar ilə qarışmaması üçün arakəsmələr quraşdırılmalıdır. Ayrılmış yerdə satışının həyata keçirildiyi heyvanın növünü göstərən məlumat lövhələri yerləşdirilməlidir.

4.13. Satış müddətində heyvan rifahı tələbləri gözlənilməli, heyvanlar su və yem ilə təchiz edilməli və bunun üçün avadanlıqlar quraşdırılmalıdır. Heyvanların suvarılmasında məişət (təsərrüfat)-içməli sudan istifadə edilməlidir.

4.14. Giriş nöqtəsində nəqliyyat vasitələrinin dezbaryerlə təmas etməyən çirkli hissələrinin dezinfeksiya olunması və nəqliyyat vasitələrinin təmizlənməsi və yuyulması üçün ləvazimat və avadanlıqlar olmalıdır.

4.15. Heyvan bazarlarında heyvanların çəkisinin ölçülməsi üçün “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş tərəzi qoyulmalıdır.

4.16. Heyvanların satış yerlərində və heyvan bazarlarının giriş-çıxış qapılarında heyvanların bədən temperaturunun ölçülməsi məqsədilə ölçmə vasitəsi quraşdırılmalıdır.

5.1. Heyvan bazarlarında dövlət baytarlıq nəzarəti bazarda fəaliyyət göstərən dövlət baytarlıq müfəttişləri və onların nəzarəti altında xüsusi səlahiyyət verilmiş baytarlıq ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.

5.2. Heyvan bazarlarına daxil olan və çıxan heyvanların baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı, baytarlıq şəhadətnaməsi) olmasına nəzarətin həyata keçirilməsi üçün baytarlıq müfəttişləri bazar rəhbərliyi tərəfindən avadanlıq və iş şəraiti ilə təmin edilməlidir.

5.3. Heyvan bazarlarına daxil olan və ya çıxan kənd təsərrüfatı heyvanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları” ilə nəzərdə tutulmuş qaydada identikləşdirilmiş olmalı və baytarlıq qanunvericiliyinə uyğun olaraq tərtib edilmiş müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya şəhadətnaməsi) ilə təmin edilməlidir.

5.4. Bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş tələblərə cavab verməyən heyvanların bazar ərazisinə girişinə icazə verilməməlidir.

5.5. Bazardakı heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən ümumi klinik baxış keçirilməlidir. Xəstəliyə şübhəli heyvanlar digər heyvanlardan ayrılmalı, satışı qadağan edilərək izolyatorlarda saxlanılmalı və baytarlıq qanunvericiliyinə uyğun tədbirlər həyata keçirilməlidir.

5.6. İnsanların və heyvanların sağlamlığının qorunması məqsədilə heyvan bazarlarına gətirilən itlər ancaq kiçik cilovda, iri cins itləri isə cilov və buruntaqda olmaqla heyvan bazarına daxil edilməlidir.

5.7. İt, pişik və ya digər ev heyvanlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın 4.4.4-cü yarımbəndinə uyğun olaraq, baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələrilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağandır.

5.8. Heyvan bazarları hər bir satış gününün sonunda yuyulub təmizlənməli, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilməli və bu barədə müvafiq jurnalda qeydlər aparılmalıdır.

5.9. Xəstəliyə şübhəli heyvanların ayrılaraq saxlandığı izolyatorlar heyvan çıxarıldıqdan dərhal sonra dezinfeksiya edilməlidir.

5.10. Heyvan bazarlarında hər bir satış gününün sonunda toplanan peyin kütləsi ərazidən kənarlaşdırılmalı, mexaniki təmizlik və dezinfeksiya aparılmalıdır.

5.11. Tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə (meydan) ayrılmalıdır. Tullantılar üçün ayrılmış qablar təyinatından asılı olaraq işarələnməlidir.

5.12. Heyvanların saxlanc və satış bölmələrində hava axınının, toz səviyyəsinin, temperaturun, nisbi nəmliyin və qazın sıxlığının heyvanlara zərər verməyəcək həddə saxlanılması məqsədilə mexaniki havalandırma qurğuları quraşdırılmalıdır.

5.13. Heyvanların təmasda ola biləcəyi avadanlıqlar asan təmizlənən, dezinfeksiya edilə bilən materialdan hazırlanmalı və heyvanların zədələnməsinə və ya əziyyət çəkməsinə səbəb ola biləcək formaya malik olmamalıdır.

5.14. Bu Qaydaların 4.5-ci bəndində qeyd olunan bölmələr və heyvan bazarının ətrafı süni üsullarla işıqlandırılmalıdır. Süni işıqlandırma lampaları qoruyucu örtüklərlə təchiz edilməlidir.

5.15. Yemləmə və suvarma qurğuları və ya avadanlıqlarının yerləşdirilməsi yem və suyun çirklənməsinin və heyvanlar arasında rəqabətin minimuma endirilməsini təmin edəcək şəkildə olmalıdır.

5.16. Heyvan saxlanc və satış bölmələrində hər bir baş təkdırnaqlı, iri və xırdabuynuzlu, it, pişik və digər heyvanların növünə və fiziki xüsusiyyətlərinə uyğun yer ayrılmalıdır:

5.16.1. iribuynuzlu heyvan üçün minimum 3 kvadratmetr;

5.16.2. xırdabuynuzlu heyvanlar üçün minimum 1 kvadrametr;

5.16.3. təkdırnaqlı heyvanlar üçün minimum 4 kvadratmetr.

5.17. Heyvan satış bölmələrində quşlar qəfəsdə saxlanılmalıdır.

5.18. Satış bölmələrində ayrı-ayrı sahibkarlara aid bir növ heyvanın satıldığı patoklar (qəfəslər, bölmələr və s.) arasında minimum 1 metr məsafə olmalıdır.

5.19. Heyvan bazarlarının giriş-çıxış qapılarında quraşdırılmış dezbaryerlərdən nəqliyyat vasitələrinin təkərləri minimum 15 sm hündürlükdə dezinfeksiyaedici məhlulla təmasda olmalıdır.

5.20. Heyvanların yemləndirilməsi üçün bazarlarda yem tədarükü görülməli və yemlər texniki normativ hüquqi aktların tələblərinə uyğun saxlanılmalıdır.

5.21. Bazar ərazisinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılması məqsədilə ayda bir dəfə baytar müfəttişləri tərəfindən torpaq örtüyündən nümunələr götürülərək infeksion xəstəliklərə görə yoxlanılmalıdır.

5.22. Heyvan bazarlarının daxilində heyvan kəsimi qadağandır.

6.1. Heyvan bazarlarında çalışan işçilərin sanitar geyimi (xalat, önlük, əlcək) olmalı və bu geyimdən yalnız bazar daxilində istifadə olunmalıdır.

6.2. Heyvan bazarında işçilər tərəfindən şəxsi sanitariya normalarına riayət edilməli, o cümlədən sanitar geyimlər təmiz saxlanmalı, geyimlərin yuyulması və təmizlənməsi üçün sahibkarlar tərəfindən şərait yaradılmalıdır.Heyvan bazarından işçilərin sanitar geyimdə və iş ayaqqabıları ilə kənara çıxması yolverilməzdir.

6.3. Müəssisənin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

6.4. Heyvan bazarı daxilində təmizlik, dezinfeksiya və digər işləri həyata keçirən işçilər üçün ayrıca geyinib-soyunma otaqları, sanitar qovşaqlar və çanaqlar olmalıdır.

6.5. Heyvan bazarlarını idarə edən fərdi sahibkarlar və ya hüquqi şəxslər sanitariya qaydaları və normalarının, gigiyena tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver