Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Fiziki və hüquqi şəxslər heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərən və göstərə bilən hər hansı fəaliyyəti həyata keçirərkən heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsini təmin etməlidirlər.

Yaşayış məntəqələri, müəssisələr, qurğular, boru kəmərləri, nəqliyyat magistralları, elektrik və rabitə-xətləri və başqa obyektlər yerləşdirilərkən, layihələşdirilərkən və tikilərkən, xam torpaqlar, bataqlıqlar, sahilboyu və kol-koslu ərazilər təsərrüfat dövriyyəsinə daxil edilərkən, meliorasiya, meşə-təsərrüfat, geoloji kəşfiyyat işləri aparılarkən, kənd təsərrüfatı heyvanlarının örüş və köç yerləri müəyyənləşdirilərkən, turist marşrutları, əhalinin istirahət yerləri təşkil edilərkən vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının qorunmasını təmin edən tədbirlər nəzərdə tutulmalı, həyata keçirilməli və zooekoloji dəyərli sahələrin toxunulmazlığı təmin edilməlidir.

Heyvanların və onların yaşayış mühitinin mühafizəsi tədbirləri müəyyən edilmədən belə obyektlərin istismara verilməsi və texnologiyanın tətbiq edilməsi qadağandır.

Heyvanların çoxalma yerlərində yüksək səs-küy mənbəyi olan partlayış və başqa işlərin görülməsi qanunvericiliklə məhdudlaşdırılır.

Qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar aləminin məskunlaşdığı yerlərdə yandırılmasına yalnız təsərrüfat zərurəti yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin yayıldığı ayrı-ayrı ərazilərin ekoloji vəziyyətinin qorunub saxlanması və yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün ərazisi üçün müəyyən edilmiş normativlərdən daha ciddi ekoloji normalar tətbiq edə bilər.

Su obyektlərində vəhşi heyvanların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə bilən hidrotexniki qurğuların istismarı, hidroloji və su sərfi rejiminin müəyyən edilməsi, habelə heyvanlar aləminin mühafizəsinə yönəlmiş digər tələblər, ovçuluq və balıqçılıq təsərrüfatlarının mənafeyi nəzərə alınmaqla həyata keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver