Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının aşağıdakı hüquqları vardır:
qoruq və ov yerlərində heyvanlar aləminin obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat (üzən) vasitələrini saxlamaq, nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq;
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək;
heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdən heyvanları əldə etmək üçün istifadə edilən nəqliyyat vasitələrini müvəqqəti saxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;
heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq;
heyvanlar aləmi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar vətəndaşlardan və vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq;
heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati xəta haqqında protokollar tərtib etmək, cərimələmək və digər tədbirlər görmək.
Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifəni yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silahı saxlamaq və gəzdirmək hüququ verilir.