Azərbaycan Respublikasının ərazisində heyvanlar aləmi hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən dövlətə mənsubdur və onun mülkiyyətidir.
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, digər su obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektləri dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilir.
Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təbii sərbəstlik şəraitində və ya təbii mühitdən ayrılıb, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər obyektləri bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilərlər.
Heyvanlar aləmi obyektlərinin bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilməsinin (ümumi istifadə qaydasında əldə edilməsindən başqa) qanuniliyi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir.
Bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin forması və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Heyvanlar aləminin obyektləri üzərində bələdiyyə və ya xüsusi mülkiyyət hüququ qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada heyvanlar aləminin mühafizəsinin xeyrinə məhdudlaşdırıla bilər.
Xüsusi təbii mühafizə, elmi və estetik dəyərli heyvanlar aləminin obyektləri, habelə Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş heyvan növləri (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər.