Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 53

Maddə 53. Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:

heyvanlar aləminin obyektlərini təbii mühitdən xüsusi icazə olmadan götürdükdə;

heyvanlar aləminin obyektlərindən özbaşına xüsusi istifadə etdikdə;

heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələbləri pozduqda;

dövlət ekoloji ekspertizasının tələblərini yerinə yetirmədikdə;

ov qaydalarını kobud şəkildə pozduqda (ov etmək üçün icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etdikdə), habelə digər ov qaydalarını müntəzəm pozduqda;

qurumuş bitkiləri və ya onların qalıqlarını heyvanlar aləmi obyektlərinin məskunlaşdığı yerlərdə özbaşına yandırdıqda;

bitki mühafizəsi vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarını pozduqda;

zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydalarını pozduqda;

özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda, genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə etdikdə;

heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə;

heyvanlar aləmi obyektlərinin vəziyyəti və sayı, onların istifadəsi haqqında məlumatları gizlətdikdə və təhrif etdikdə;

heyvanların tələf olmasının, onların yaşayış mühitinin pisləşməsinin qarşısını almaq üçün və heyvanlar aləminə mənfi təsirin ləğv edilməsi məqsədilə tədbirlər görmədikdə;

heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikasının hüdudlarından kənara göndərilməsi, aparılması və onun ərazisinə gətirilməsi qaydalarını pozduqda;

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələbləri yerinə yetirmədikdə;

heyvanların əldə edilməsində qadağan edilmiş ov alətlərini hazırladıqda, saxladıqda, satdıqda və tətbiq etdikdə;

heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver