Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

hidrometeorologiya fəaliyyəti — meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanması, təhlili, hazırlanması, saxlanması, ötürülməsi və elmi-texniki təminatı ilə bağlı həyata keçirilən işlər və xidmətlər;

milli hidrometeorologiya sistemi — Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr və tədqiqatlar aparan, məlumatlar hazırlayan və hidrometeorologiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müəssisələrin, idarələrin və təşkilatların məcmusu;

təbii mühitin monitorinqi — hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini təyin edən müntəzəm müşahidə və tədqiqatlar sistemi;

müşahidə şəbəkəsi — meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və təbii mühitin monitorinqi üzrə mərkəzlərin, rəsədxanaların, stansiyaların, tədqiqat gəmilərinin, laboratoriyaların, ölçü vasitələrinin, texniki komplekslərin və digər müşahidə məntəqələrinin məcmusu;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondu — milli dövlət hidrometeorologiya sisteminin, beynəlxalq və kosmik meteorologiya sistemlərin meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və təbii mühitin monitorinqi üzrə məlumatlar toplusu;

fəlakət törədə bilən hidrometeoroloji hadisələr və təbii mühitin ekstremal çirklənmə dərəcəsi barədə məlumatlar — atmosferdə, yer səthində və su obyektlərində baş verən fövqəladə hadisələr və təbii mühitin yüksək çirklənməsi barədə faktiki və proqnoz xarakterli məlumatlar;

xüsusi təyinatlı məlumatlar — istehlakçıların tələblərinə uyğun olaraq hidrometeorologiya və təbii mühitin çirklənməsi barədə hazırlanan məlumatlar;

məqsədli hidrometeoroloji işlər — hüquqi və fiziki şəxslərin sifarişi ilə hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə aparılan müşahidələr, tədqiqatlar və hazırlanan məlumatlar;

atmosfer proseslərinə fəal təsir işləri — texniki vasitələrlə doluya qarşı mübarizə, süni yağış yağdırma və təhlükəli təbii proseslərə qarşı digər mübarizə tədbirləri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver