Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Hidrometeorologiya müşahidə şəbəkələrinin mühafizəsi

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının ərazisində yerləşən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə mərkəzlər, rəsədxanalar, stansiyalar, tədqiqat gəmiləri, laboratoriyalar, ölçü vasitələri, texniki komplekslər və digər müşahidə məntəqələri dövlət tərəfindən mühafizə olunur.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya müşahidə şəbəkələri müvafiq icra hakimiyyəti orqanında uçota alınırlar.

Müşahidə şəbəkələrinin köçürülməsi, yerlərinin dəyişdirilməsi, yenilərinin quraşdırılması və fəaliyyətlərinin dayandırılması müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.

Atmosfer proseslərinə fəal təsir işlrini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Müşahidə şəbəkələri üçün torpaq sahələrinin və su akvatoriyalarının ayrılması Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyi ilə tənzimlənir.

Təbii mühitin qanunauyğunluqlarını düzgün müəyyən etmək üçün müşahidə şəbəkələrinin ətrafında mühafizə zonaları ayrılır və bu zonalarda təsərrüfat fəaliyyəti qadağan edilir.

Ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar, digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri, həmin məntəqələrin və ölçü vasitələrinin toxunulmazlığını təmin etməli, onların korlanması və ya məhv edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli, məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün şərait yaratmalıdırlar.

Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təlimatlar əsasında müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver