Qanunvericilik › Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə (Nazirlər Kabinetinin qərarı, 14.12.1998) › Tam mətn

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə (Nazirlər Kabinetinin qərarı, 14.12.1998)

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə (Nazirlər Kabinetinin qərarı, 14.12.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun Əsasnaməsi”, “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi Qaydaları”, “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatına və onların mənbəyi barədə sertifikatların verilməsinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ və ümumi təyinatlı, habelə ödənişsiz və ödənişli məlumatların növləri müəyyən edilsin (1, 2 nömrəli əlavələr).

3. Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu qaydası müəyyən edilsin (3 nömrəli əlavə).

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 14 dekabr 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə

1.1. Bu Əsasnamə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası dövlət məlumatlar fondunun (bundan sonra Fond adlandırılır) yaradılması, istifadəsi və mühafizəsi qaydalarını müəyyən edir.

1.2. Fond dövlət və idarə məlumatlar fondlarından ibarətdir.

Dövlət məlumatlar fonduna ümumdövlət və sahələrarası əhəmiyyət kəsb edən məhdud və açıq informasiya kateqoriyasına aid məlumatlar (kağız üzərində, fotoplyonka, maşınoxuyucu daşıyıcılarında və s.) toplanır və bu fond Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamında olur.

İdarə məlumatlar fondlarına xüsusi təyinatlı, məqsədli və açıq informasiya kateqoriyasına aid məlumatlar toplanır. İdarə məlumatlar fondları müəssisə, idarə və təşkilatların sərəncamlarında olur.

1.3. Fondun məlumatları (əsli, əslini əvəz edən maşınoxuyucu daşıyıcılarında olan surətləri, vaxtdan, istehsal edildiyi yerindən, istifadə olunan texnikadan asılı olmayaraq) bu Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində, onun müəssisə və təşkilatlarında daimi və ya müəyyən müddətdə mühafizə edilir.

1.4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları (bundan sonra istehsalçılar adlandırılır), müəlliflik və mülkiyyət hüquqları saxlanılmaqla, aparılan müşahidə, ekspedisiya (o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru üzrə) məlumatlarının, elmi-tədqiqat təyinatlı və qısamüddətli elmi təcrübələrin nəticələri istisna olmaqla, bir nüsxəsini xidməti istifadə üçün müvafiq qaydada Fonda verməlidirlər.

1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fonda qəbul etdikləri məlumatların sənədləşdirilməsinə, qeydə alınmasına, istifadəsinə, saxlanmasına, mühafizəsinə görə məsuliyyət daşıyır.

1.6. Fondun materiallarından onun sərəncamçılarının icazəsi ilə dövlət idarəetmə orqanları və qeyri-dövlət təşkilatları istifadə edə bilərlər.

1.7. Fondun məlumatlarının oğurlanmasında, yararsız hala salınmasında, saxlanılması qaydalarında qüsura yol verən və qanunsuz məhv edilməsində günahkar şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.

2.1. Fond dövlət və qeyri-dövlət müşahidə şəbəkələrinin fəaliyyəti müddətində toplanmış aşağıdakı sənədlərdən ibarətdir:

çay, kanal, göl, su anbarı haqqında məlumat;

dəniz hidroloji məlumatlar;

aqrometeoroloji məlumat;

yerin süni meteoroloji peyklərinin məlumatı;

ətraf mühitin çirklənməsi haqqında məlumat;

ətraf mühitin fon çirklənməsi haqqında məlumat;

buzluqlar, qar uçqunları, sellər, dağlarda qar örtüyü haqqında məlumat;

təbii mühitin vəziyyəti haqqında müxtəlif növ məlumatlar.

2.2. Hidrometeorologiya və təbii mühitin monitorinqinin tərkibinə daxildir:

hidrometeoroloji müşahidələrin ekspedisiya işlərinin və elmi tədqiqatların nəticəsində alınan məlumatlar (cədvəllər, kitabça, özüyazan cihaz lentləri, hesabatlar, sinoptik xəritələri, müxtəlif növ fotoplyonkalarda mikrofilmlər, maşınoxuyucu daşıyıcılarda olan məlumatlar (perfokartlar, maqnit lentləri və diskləri, disketlər və s.).

Azərbaycan Respublikasının dövlət nəşriyyatlarında və xarici nəşriyyatlarda çap edilmiş hidrometeoroloji sorğu məlumatları (aylıqlar, illiklər, sorğu-arayışlar və s.)

3. Fondun yaradılması

3.1. Fond Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılır.

3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fondu yaradarkən aşağıdakıları həyata keçirir:

istehsalat təşkilatları və başqa istehsalçılar tərəfindən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə aparılan müşahidələrin məlumatlarının, ekspedisiya işlərinin və elmi-tədqiqat materiallarının toplanmasını, qeydə alınmasını, saxlanmasını, istifadəsini, mühafizəsini, ekspertizadan keçirilməsini;

sənədlərin tərkib və məzmununu təcəssüm etdirən elmi sorğu məcmuələrinin buraxılmasını;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların arxivləşdirilməsində müasir maşınoxuyucu daşıyıcılardan istifadənin təmin olunmasını və bu sahədə işlərin genişləndirilməsini;

Fondun fəaliyyəti ilə bağlı dövlət idarəetmə orqanları və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edilməsini;

Fondun aparılması üzrə normativ metodiki sənədlərin hazırlanmasını və təsdiq edilməsini.

3.3. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqları:

istehsalat təşkilatlarından, habelə digər istehsalçılardan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə aparılan müşahidələrin, ekspedisiya işlərinin və elmi-tədqiqatların sənədlərini vaxtında və müəyyən olunmuş qaydada Fonda verilməsini tələb etmək;

lazım olduqda müəyyən olunmuş qaydada istehsalçıların hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidə və elmi tədqiqatların aparılmasını və əldə olunan məlumatların Fonda verilməsini yoxlamaq;

Fondun məlumatlarının yararsız hala salınmasında və qanunsuz məhv edilməsində günahı olan şəxsləri mövcud qanunvericiliyə və uyğun məsuliyyətə cəlb etmək.

4. Fondun İstİfadəsİ və mühafİzəsİ

4.1. Fondun məlumatları iqtisadiyyatda və elmi işlərdə istifadə edilir.

4.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istifadəçiləri (bundan sonra istehlakçılar adlandırılır) Fondun məlumatlarını əldə etmək üçün onun sərəncamçılarına müraciət etməlidirlər və tərəflər arasında bağlanmış müqavilələr əsasında (istifadə şərtləri göstərilməklə) bu məlumatları istifadə edirlər.

4.3. Fondun materiallarının başqa şəxslərə verilməsinə, surətinin çıxarılmasına onun sərəncamçılarının razılığı ilə yol verilir.

4.4. Fonda daxil olan məlumatlar ekspertizadan keçirilir, onların mühafizə edilmək üçün yararlı olub-olmaması, dəstləşdirilməsi müəyyənləşdirilir və xüsusi kitabda qeydiyyatdan keçirilərək qəbul edilir.

4.5. Fondun hər bir məlumatı (məzmunu, saxlanılma müddətləri nəzərə alınmaqla) vahid bir sənəd kimi mühafizə edilir.

4.6. Fondun uzun müddət istifadə edilib oxunması mümkün olmayan məlumatlar müvafiq qaydada restavrasiya (bərpa) edilir.

4.7. Fondun xüsusi əhəmiyyət kəsb edən və uzun müddət saxlanılan məlumatları müasir maşınoxuyucu texniki daşıyıcılara (maqnit lentləri, disket və s.) köçürülür və xüsusi dəmir şkaflarda mühafizə edilir.

4.8. Fondun məlumatlarının qiymətli sənədlər kateqoriyasına aid edilməsi, onların ekspertizası və saxlanılma müddəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

Məlumatlar məzmununa və saxlanılma müddətinə görə qruplaşdırmaq həcmindən asılı olaraq albomda, qovluqda və bükülmüş şəkildə (halda) mühafizə edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə

1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində yerləşən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə mərkəzlərin, rəsədxanaların, stansiyaların tədqiqat gəmilərinin, laboratoriyaların, ölçü vasitələrinin, texniki komplekslərin və digər müşahidə məntəqələrinin fasiləsiz iş rejiminin müəyyən edilməsini, onların mühafizəsini tənzimləyir.

2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeoroloji müşahidə şəbəkələri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uçota alınır.

3. Hidrometeoroloji müşahidə şəbəkələrinin köçürülməsi, yerlərinin dəyişdirilməsi, yenilərinin quraşdırılması və fəaliyyətlərinin dayandırılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə həyata keçirilir.

Atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadəsinə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə yol verilir.

4. Hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafında 200 m məsafə onun mühafizə zonası sayılır və bu zonada təsərrüfat fəaliyyəti qadağan edilir.

5. Əsrlik hidrometeoroloji müşahidə şəbəkələrinə daxil olan iqlim, reper, dəniz, sahil və mənsəb stansiyaları üçün torpaq sahələrinin və su akvatoriyalarının ayrılması, görülən hidrometeoroloji işlərin tərkibindən (proqramından) asılı olaraq dəyişdirilməsi Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinə uyğun tənzimlənir.

6. Əsrlik hidrometeoroloji müşahidə şəbəkələrinin iqlim, reper, dəniz, sahil və mənsəb stansiyalarının siyahısına daxil olmayan meteoroloji, heliogeofiziki, göl, qar uçqununu və sel axınını öyrənən və başqa növ stansiyaların mühafizə zonaları, müstəsna hallarda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə dövlət və yaxud qeyri-dövlət təşkilatlarının istifadəsinə verilə bilər.

7. Torpaq sahəsində (su obyektində) aparılan təsərrüfat işlərinin ətraf mühitin təbii vəziyyəti haqqında məlumatların alınmasına təsir etməməsi məqsədi ilə hidrometeoroloji müşahidə şəbəkələrinin və onların mühafizə zonalarının sərhədlərindən kənarda görülən işlərin aşağıda göstərilən minimum məsafədə aparılması zəruridir:

bina və tikililərin (tək bina və tikili öz hündürlüyündən 10 dəfə, sıra ilə kütləvi şəkildə tikilən bina və tikililər öz hündürlüyündən 20 dəfə) uzaq məsafədə inşa edilməsi;

ağac və kolların (tək ağac və kollar öz hündürlüyündən 10 dəfə, meşə zonaları isə öz hündürlüyündən 20 dəfə) uzaq məsafədə salınması;

kiçik su tutarları və kənd təsərrüfatı bitkilərini suvarmaq üçün kanal və arxların 60 m məsafədə inşa edilməsi;

istilik və başqa boruların qoyulması, sahənin (qruntun) düzləndirilməsi üzrə işlərin 100 m məsafədə aparılması;

nəqliyyat, hər cür maşın və mexanizm dayanacaqlarının tikilməsi, zibil, kimyəvi turşu, duz və qələvilərin tökülməsi, gübrələrin və metal məmulatlarının yığılması üçün torpaq sahələrinin 150 m məsafədə ayrılması;

dəmir, avtomobil və başqa yolların, tramvay və trolleybus xətlərinin çəkilməsi və bu məqsədlə lazımi obyektlərin tikintisinin 200 m məsafədə aparılması.

8. Aeroloji və heliogeofiziki stansiyaların və başqa tipli atmosferin zondlaşdırılması ilə məşğul olan, meteoroloji radiolokatorlar (RLS) istismar edən stansiyaların mühafizə zonalarının sərhədlərindən kənarda görülən işlər orada quraşdırılmış qurğulardan aşağıda göstərilən minimal məsafələrdə aparılmalıdır:

bina və tikililər 270 m məsafədə;

dəmir, avtomobil və başqa yolların, tramvay, trolleybus, yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi və güclü elektrik qurğularının quraşdırılması 300 m məsafədə.

9. Dəniz, sahil və mənsəb stansiyalarının (məntəqələrinin) və hidrometeoroloji müşahidə aparan başqa növ stansiyaların mühafizə zonalarının sərhədlərindən kənarda görülən işlər hidrometeoroloji tikili və qurğulardan aşağıda göstərilən minimal məsafələrdə aparılmalıdır:

gəminin yan alması — 25 m məsafədə;

suyun götürülməsi və buraxılması — 50 m məsafədə;

gəminin lövbər salması, açılmış lövbərlə, zəncirlə, lotla, tralla hərəkət etməsi, hidrometrik və okeanoqrafik qurğuların quraşdırıldığı yeri göstərən buy nişanlarından — 100 m məsafədə;

geoloji kəşfiyyat (partlayışsız), dalğıc işləri, hidrometrik qurğulardan və qurğuların olmasını göstərən buylardan — 100 m məsafədə;

gəmi yanalan körpülərin, dalğa qabağı alan tikililərin tikilməsi, dənizdə dibləşdirmə və torpaqçıxarma işləri — 150 m məsafədə;

balıq tutulması və başqa dəniz məhsullarının əldə edilməsi hidrometrik qurğulardan və bu qurğuların olduğu yerləri göstərən buylardan — 150 m məsafədə.

10. Ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar, digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri həmin məntəqələrin və ölçü vasitələrinin toxunulmazlığını təmin etməli, onların korlanması və ya məhv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməli, məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün şərait yaratmalıdırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə

1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslərin nəticələrinin uçotunu aparmaq, hazırlanmış məlumatların mənbəyinə və düzgünlüyünə nəzarət etmək məqsədi ilə həyata keçirilir.

2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra istehsalçılar adlandırılır) hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə aparılan müşahidələrin və tədqiqatların təhlili nəticəsində hazırlanmış proqnozları, xülasələri, arayışları, sorğu məlumatlarını, xəritə və bülletenləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər və bu məlumatların mənbəyi barədə sertifikatlar almalıdırlar.

Bu məqsəd üçün istehsalçılar yazılı surətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 15 gün müddətində təqdim olunmuş hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatları təhlil edərək onları qeydiyyata alır və mənbəyi barədə sertifikatlar verir. Verilmiş sertifikat bu məlumatların tanınması üçün əsas sənəddir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyata alınmadığı halda istehsalçıya səbəbləri göstərməklə rəsmi izahat verilir.

3. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların mənbəyinin sertifikatlaşdırılmasında, istifadə olunan texniki vasitələrin göstəricilərinin texniki normativ hüquqi aktlara uyğun olması, müşahidə və tədqiqatların aparılmasında qüvvədə olan milli və beynəlxalq metodikalara riayət olunması əsas tutulur.

4. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların mənbəyi barədə sertifikat formaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir.

İfrat təhlükəli hidrometeoroloji hadisələr haqqında məlumat;

ətraf mühitin ekstremal çirklənməsi haqqında məlumat;

ifrat təhlükəli hidrometeoroloji hadisələrin olacağı barədə 1—3 sutkalıq proqnoz;

təbii fəlakət, qəza və böyük dağıntı baş vermiş rayonlar üçün 1—3 sutkalıq hava proqnozu;

alınmış məlumat əsasında qəza nəticəsində və tullantılar vasitəsi ilə atmosferə daxil olan radioaktivlik və onun atmosfer havasında (suda) qatışığı nəzərə alınmaqla təbii mühiti çirkləndirən maddələrin yayılması haqqında proqnoz;

respublika bölgələri üzrə 1—3 sutkalıq hava proqnozu;

payızlıq dənli bitkilərin vegetasiya dövrünə dair proqnoz;

yaz tarla işlərinin başlanğıcına torpaqda olan məhsuldar rütubət ehtiyatının proqnozu;

əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı barədə proqnoz;

yaz gursululuğunun yüksək (maksimum) səviyyəsinin proqnozu;

yağışdan əmələ gələn çay daşqınlarının proqnozu;

respublika su anbarlarına gələn suyun aylıq və rüblük proqnozu.

Səth sularının istifadəsi və keyfiyyəti (illik);

respublika ərazisi üzrə aqrometeoroloji şəraitin dekadalıq icmalı (şərhi);

meteoroloji illiklər;

aqrometeoroloji illiklər;

ətraf mühitin çirklənməsi üzrə icmal və məlumatlar;

səth sularının keyfiyyəti (illik);

səth sularının hidrobioloji göstəricilər üzrə ümumiləşdirilmiş məlumat (illik);

dəniz suyunun hidrokimyəvi göstəriciləri üzrə keyfiyyəti;

təbii mühit obyektlərinin pestisidlərlə çirklənməsi (illik);

respublika şəhərlərində atmosferin çirklənməsi vəziyyəti (illik);

torpaqların sənaye mənşəli toksikantlarla çirklənməsi (illik);

dənizin və onun bəzi sektorlarının ekoloji vəziyyətinin illik icmalı;

respublika ərazisində və Azərbaycanla həmsərhəd olan dövlətlərdə radiasiyanın vəziyyəti (illik);

təbii mühitin qəza və yüksək ekstremal çirklənməsi nəticəsində təbii mühitin çirklənməsi və radiasiya vəziyyəti (aylıq);

ifrat təhlükəli hidrometeoroloji hadisələr və hidrometeoroloji şəraitlər haqqında və onların əsas xalq təsərrüfatı sahələrinin fəaliyyətinə təsiri (aylıq).

İşlər müdiri A. Hacıyev

1. İfrat təhlükəli hidrometeoroloji hadisələr və təbii mühitin ekstremal çirklənməsi barədə məlumatlar, xəbərdarlıq, proqnozlar.

2. Təbii mühitin ekstremal çirklənməsi barədə məlumatlar və xəbərdarlıqlar.

3. Təbii fəlakət texnogen qəzalar və süni təsir nəticəsində yaranan fövqəladə hallarda fəlakət baş vermiş rayon üçün verilən hər növ hidrometeoroloji informasiyalar (məlumatlar, proqnozlar, xəbərdarlıqlar, arayışlar və s.), təbii mühitin çirklənməsi barədə məlumatlar.

4. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Nazirlər Kabinetinə, digər dövlət idarəetmə orqanlarına sorğu ilə verilən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar.

5. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına verilən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ məlumatlar.

6. Əhaliyə çatdırmaq üçün media subyektlərinə verilən bütün növ hidrometeoroloji və təbii mühitin çirklənməsi barədə məlumatlar.

1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə (hidrometeorologiya, heliogeofiziki və təbii mühitin çirklənməsi üzrə müşahidələr) standart vaxtlarda aparılan müşahidələrin nəticələri.

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi-tədqiqat gəmiləri ilə aparılan hidrometeoroloji, okeanoloji müşahidələrin, dəniz ekspedisiya işlərinin nəticələri və illik məlumatları.

3. Arayış xarakterli hidrometeoroloji məlumatlar:

aylıqlar, icmallar, bülletenlər;

ekspedisiya, marşrut və aviameteoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları (icmalları);

hidrometeoroloji illiklər;

buraxılmış çoxillik və başqa növ hidrometeoroloji məlumatlar toplusu.

4. Xüsusi sifarişlə müşahidə edilmiş hidrometeoroloji məlumatlar:

standart müşahidə vaxtlarından əlavə aparılan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr;

sifarişə əsasən müvəqqəti təşkil olunmuş müşahidə şəbəkələrində aparılan hidrometeoroloji müşahidələr;

sifarişə əsasən təbii mühitin çirklənməsinin vəziyyəti üzrə stasionar müşahidə şəbəkələrindən kənarda aparılan müşahidələr;

əlavə müşahidə edilmiş hidrometeoroloji hadisələr (havanın, torpağın, suyun maksimum temperaturu, maksimum su sərfi, yağıntılar, ifrat təhlükəli hidrometeoroloji məlumatlar), kəmiyyətlər və onların şərhi.

5. İqtisadiyyat sahələrinə verilən xüsusiləşdirilmiş hidrometeoroloji proqnozlar:

dəmir yol və avtomobil marşrutları üzrə hidrometeoroloji məlumatlar;

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji proqnozlar, icmallar;

heyvandarlıq üçün hidrometeoroloji proqnozlar;

“Azərenerji” Səhmdar Cəmiyyəti üçün ayrı-ayrı rayon, ərazi və obyektlər üzrə hidrometeoroloji proqnozlar;

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmiləri və dənizdə neft çıxaran təşkilatlar üçün dəniz sektorları və akvatoriyalar üzrə hidrometeoroloji proqnozlar;

meşə yanğını təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar;

alpinizm üçün hidrometeoroloji proqnozlar;

qar uçqunu təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar;

hava limanı üzrə müxtəlif müddətlərə hazırlanan aviameteoroloji proqnozlar;

hava marşrutları, trasları, aviasiya işləyən rayonlar və hava limanları üçün hündürlüklər üzrə aviameteoroloji proqnozlar.

6. Xüsusiləşdirilmiş araşdırmalar və xülasələr (icmallar):

təhlükəli sel və qar uçqunu barədə məlumatlar;

kənd təsərrüfatı bitkilərinin vəziyyəti və inkişaf barədə məlumatlar;

ifrat təhlükəli hidrometeoroloji hadisələrin nəticələri barədə məlumatlar;

dağlarda olan su ehtiyatı barədə məlumatlar;

ərazinin və ya dəniz akvatoriyasının çirklənməsi barədə məlumatlar.

7. Arayış-rejim xarakterli hidrometeoroloji məlumatlar:

hidrometeoroloji şərhin nəticələri (göstəriciləri);

hidrometeoroloji şərhin kəmiyyət göstəriciləri;

ənənəvi olmayan hidrometeoroloji şərhlər (təhqiqatlar);

xüsusiləşdirilmiş hidrometeoroloji araşdırmalar və məsləhətlər;

iqtisadiyyat sahələri üzrə hazırlanan xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar;

ekspedisiya və xüsusiləşdirilmiş hidrometeoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları;

hidrometeoroloji atlaslar, monoqrafiyalar, hesabatlar, ekspertiza materialları.

İşlər müdiri A.Hacıyev.

1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu Ümumdünya Meteorologiya Təşkilatının təlimat və qaydalarına və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş təlimatlara uyğun aparılır.

2. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotuna dair təlimatlarda təbii mühitin dəyişməsinin qeydə alınması və onun gözlənilən vəziyyətinin proqnozlaşdırılmasının metodları göstərilir.

3. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotuna dair təlimatlar aşağıdakı prinsiplərə əsaslanır:

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılmasının, meteoroloji hadisələrin uçotunun vahid sistemi üzrə təşkili və aparılması;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin qloballığı, fasiləsizliyi, ardıcıllığı və kompleksliyi;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin və tədqiqatların aparılmasında, meteoroloji hadisələrin uçota alınmasında, məlumatların toplanmasında və ötürülməsində, təhlilində, ümumiləşdirilməsində, saxlanmasında texnoloji proseslərin eyniliyi.

4. Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatlar atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslər üzərində aparılır, bütün hadisələr və meteoroloji elementlər uçota alınır.

5. Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, hadisələrin uçotu hidrometeoroloji stansiyalar, aerokosmik mərkəzlər, digər müşahidə məntəqələri tərəfindən həyata keçirilir.

İşlər müdiri A. Hacıyev.

1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

2. 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)

3. 10 aprel 2017-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 627)

4. 8 may 2021-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 522)

5. 9 sentyabr 2023-cü il tarixli 319 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 13 sentyabr 2023-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1340)

6. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

7. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver