“Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma Qaydaları və forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə
Bakı şəhəri, 11 avqust 2003-cü il
1.1. Bu Qaydalar “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır və hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin (bundan sonra - təhlükəsizlik bəyannaməsi) tərtib olunma qaydasını və formasını müəyyən edir.
1.2. Təhlükəsizlik bəyannaməsi hidrotexniki qurğuların təhlükəsizliyini əsaslandıran və təhlükəsizliyin təmin edilməsi tədbirlərini özündə əks etdirən əsas sənəddir.
1.3. Bu Qaydaların müddəaları mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində hidrotexniki qurğuların mülkiyyətçilərinə və istismarçılarına şamil edilir.
1.4. Hidrotexniki qurğuların mülkiyyətçiləri və ya istismarçıları hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra təhlükəsizlik bəyannaməsini tərtib etməlidirlər.
2. Təhlükəsİzlİk bəyannaməsİnİn tərtİbatına olan tələblər
Təhlükəsizlik bəyannaməsi tərtib olunarkən aşağıdakılar nəzərə alınmalıdır:
hidrotexniki qurğu və onun təhlükəsizliyi haqqında məlumatların tam və etibarlılığı;
təhlükəsizlik dərəcəsinin hərtərəfli və tam müəyyən edilməsi və baş verə biləcək qəza və zədələnmə hallarının açıqlanması;
tətbiq olunan təmir üsullarının əsaslandırılması, hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatı nəzərə alınmaqla onlarda riskin və təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün aparılan işlərin yetərliliyi;
təhlükəsizliyin təmin edilməsi üzrə həyata keçirilən və planlaşdırılan tədbirlərin səmərəliliyi və yetərliliyi, təhlükəsizlik bəyannaməsinin müddəalarının qüvvədə olan qanunvericilik aktlarına və digər normativ hüquqi aktlara, qaydalara və normaların tələblərinə uyğunluğu.
3. Təhlükəsİzlİk bəyannaməsİnİn forması və ona daxİl olan məlumatlar
Təhlükəsizlik bəyannaməsinə aşağıdakılar daxildir:
titul vərəqi (əlavə olunur) - titul vərəqi təhlükəsizlik bəyannaməsinin birinci vərəqidir və özündə təhlükəsizlik bəyannaməsinin qeydiyyat nömrəsini, nəzarət orqanı tərəfindən təsdiq olunmasını, hidrotexniki qurğunun adını, təhlükəsizlik bəyannaməsinin tərtib olunduğu yerin adını və tarixini əks etdirir;
şərh – hidrotexniki qurğunun istismarı zamanı baş verə biləcək təhlükələrin göstərilməsi ilə təhlükəsizlik bəyannaməsinin əsas hissələrinin qısa məzmunu;
təhlükəsizlik bəyannaməsini işləyib hazırlayanların siyahısı – təşkilatların adları, ünvanları, telefon və faks nömrələri, icraçıların soyadı, adı və atasının adı, vəzifəsi, elmi dərəcəsi və elmi rütbəsi;
mündəricat – bütün hissələrin adları və səhifəsi;
hidrotexniki qurğu haqqında ümumi məlumatlar – hidrotexniki qurğunun mülkiyyətçiləri və istismarçıları məlumatlar, hidrotexniki qurğunun təhlükəsizliyinin və istismar etibarlılığının təmin edilməsi haqqında ümumi tədbirlər, həmçinin layihə, istismar qaydaları və nəzarət orqanlarının tələb və tövsiyələri əsasında nəzərdə tutulmuş təhlükəsizliyin təmin edilməsi tədbirləri, hidrotexniki qurğuların qəzaya uğraması və zədələnməsi nəticəsində dəyə biləcək zərərə görə əmlak öhdəlikləri və maliyyə ödənişi barədə məlumatlar;
hidrotexniki qurğunun təhlükəsizliyinin təhlili - mümkün olan təhlükə mənbələri nəzərə alınmaqla hidrotexniki qurğuların təhlükəsizliyinin araşdırılması və qiymətləndirilməsi;
hidrotexniki qurğuların təhlükəli zədələnmələrinin və qəza vəziyyətlərinin qarşısının alınmasına və ləğvinə hazırlığın təmin edilməsi – hidrotexniki qurğunun mülkiyyətçilərinin və ya istismarçılarının qəza vəziyyətlərinin və təhlükəli zədələnmələrin lokallaşdırılmasına və ləğv edilməsinə hazır olduqlarını təsdiqləyən məlumatlar;
ictimaiyyətin məlumatlandırılması - əhalinin, nəzarəti orqanlarının, Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və eləcə də mülki müdafiə təşkilatlarının və başqa aidiyyəti təşkilatların hidrotexniki qurğularda baş verə biləcək və ya baş vermiş qəza və zədələnmələr haqqında məlumatlandırılma qaydası;
xülasə - hidrotexniki qurğuların və hidrotexniki qurğular kompleksinin təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi, həmçinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirləri özündə əks etdirən rəylər, hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsi haqqında digər məlumatlar, hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tamlığı və nəzərdə tutulan tədbirlərin qaneedici olması haqqında müvafiq qurumlar tərəfindən verilmiş xüsusi rəy və təkliflər.
Nəzarət orqanları hidrotexniki qurğuların təyinatından asılı olaraq təhlükəsizlik bəyannaməsinə olan tələbləri və onların tərtib edilmə metodikasını işləyib təsdiq edir.
4. Təhlükəsİzlİk bəyannaməsİnİn nəzarət orqanlarına təqdİm edİlməsİ və saxlanılması
4.1. Təhlükəsizlik bəyannaməsi hidrotexniki qurğuların mülkiyyətçiləri və istismarçıları tərəfindən imzalanır.
4.2. Layihələndirilən hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi, nəzarət orqanlarına layihənin ekspertizası keçirilən mərhələdə təqdim edilir.
4.3. Tikilən və istismar olunan hidrotexniki qurğular üçün təhlükəsizlik bəyannaməsi tərtib olunmazdan əvvəl qurğunun mülkiyyətçiləri və ya istismarçıları tərəfindən dövlət nəzarəti orqanlarının nümayəndələrinin iştirakı ilə hidrotexniki qurğulara baxış keçirilməlidir.
4.4. Tikilən hidrotexniki qurğunun istər müvəqqəti, istərsə də daimi istismara verilməsinə dörd ay qalmış təhlükəsizlik bəyannaməsi tərtib edilərək müvafiq dövlət nəzarəti orqanlarına verilməlidir.
4.5. İstismar edilən hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi 5 ildən bir təzələnərək dövlət nəzarəti orqanlarına təqdim edilir.
Dövlət nəzarəti orqanlarının və ya hidrotexniki qurğu mülkiyyətçilərinin (istismarçılarının) qərarına əsasən təhlükəsizlik bəyannaməsi aşağıdakı hallarda vaxtından əvvəl tərtib olunaraq təqdim edilməlidir:
hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunmasına təsir edən amillərin dəyişməsi, zədələnmə və qəza vəziyyətinin aşkar olunması, fövqəladə halların ləğv edilməsi və ya lokallaşdırılması şəraitinin pisləşməsi hallarında - təhlükənin aşkarlandığı gündən 6 ay müddətində;
hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların ləğv edilməsi və ya lokallaşdırılması sahəsində normativ hüquqi aktlara, qaydalara və normalara dəyişiklik edildiyi hallarda, hidrotexniki qurğuların təhlükəsizliyi göstərilən akt, qayda və normaların tələblərinə uyğun gəlmədikdə – həmin hüquqi aktların, qayda və normaların qüvvəyə mindiyi vaxtdan bir il ərzində.
4.6. Hidrotexniki qurğuların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra, təhlükəsizlik bəyannaməsi nəzarət orqanlarına müvafiq tikinti-quraşdırma işlərinin qəbul edilməsinə qədər təqdim edilir.
4.7. Hidrotexniki qurğunun mülkiyyətçiləri və ya istismarçıları, hidrotexniki qurğunun təyinatı üzrə təhlükəsizlik bəyannaməsinin müvafiq olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təsdiqinə verir.
4.8. Təhlükəsizlik bəyannaməsi hidrotexniki qurğunun mülkiyyətçilərində və ya istismarçılarında saxlanılır.
Hidrotexniki qurğunun mülkiyyətçiləri və istismarçıları təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Dövlət reyestrində qeydiyyat №-si
1. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
2. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3. 22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647)
4. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
5. 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)
6. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 384)