7.0. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlətin vəzifələri aşağıdakılardır:
7.0.1. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramları hazırlamaq və həyata keçirmək;
7.0.2. qurğuların təhlükəsizliyi sahəsində elmi-texniki siyasəti müəyyən etmək və beynəlxalq əməkdaşlığı həyata keçirmək;
7.0.3. qurğuların təhlükəsizliyi üzrə təsnifatını və mühafizə rejimini müəyyən etmək;
7.0.4. qurğuların dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən etmək;
7.0.5. qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının keçirilməsi və tərtib olunma qaydalarını təsdiq etmək;
7.0.6. qurğularda qəza hadisələrinin texniki təhqiqatının aparılması üzrə xüsusi komissiya təşkil etmək;
7.0.7. qurğuların etibarlılığını, təhlükəsiz istismar qaydalarını və tələblərini özündə əks etdirən normativlərin və standartların işlənməsini və təsdiqini təşkil etmək;
7.0.8. qurğuların təhlükəsizliyi üzrə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək;
7.0.9. təbii fəlakət nəticəsində qəzaya uğramış, zədələnmiş və dağılmış qurğuların ləğv olunması, bərpası və ya konservasiyası barədə qərar qəbul etmək;
7.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.