Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərara alır:
«Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyul 1985-ci il tarixli, 6 №-li qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Qərara aşağıdakı redaksiyada 10-cu bənd əlavə edilsin:
- Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 251-ci maddəsinə müvafiq olaraq doğum faktının müəyyən edilməsi məhkəmə orqanlarının deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının səlahiyyətinə aiddir. Həmin maddənin II hissəsinin 3-cü bəndinə görə məhkəmədə doğum faktı deyil, doğumun qeyd edilmə faktı müəyyən edilə bilər. Azərbaycan Respublikasında Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlimatın 17-ci maddəsinə əsasən uşaq evdə doğulduqda doğuma kömək göstərmiş həkimin arayışı doğumun qeydə alınması üçün əsasdır. Belə arayış olmadıqda isə uşağın doğulması faktı iki şahidin imzası ilə VVAQ orqanında müəyyən olunur.
- Doğumun qeyd edilməsi üçün zəruri sənədlər VVAQ orqanlarına təqdim edilib, lakin doğumun qeyd edilməsindən imtina edildikdə, VVAQ orqanlarının əsaslandırılmış qərarından qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət etmək olar.
2. Həmin qərarın 10 və 11-ci bəndləri müvafiq olaraq 11 və 12-ci bəndlər hesab edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 25 dekabr 1998-ci il