1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İcarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş əmlakın dəyərindən amortizasiya ayırmaları icarə haqqına daxil edilir. İcarəyə götürülmüş əmlakın təkrar istehsalını tamamilə icarəçi həyata keçirdikdə amortizasiya ayırmaları icarəyəverənə verilmir və yalnız icarəçiyə məxsus olur.
Qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət əmlakı dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlara məxsus olduqda, icarə haqları 100 faiz dövlət büdcəsinə köçürülür, kommersiya fəaliyyəti göstərən müəssisə və təşkilatlarda isə 50 faizi isə həmin müəssisələrin sərəncamında qalır.
Dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
2. Zərərlə işləyən və azrentabelli müəssisələr icarə münasibətlərinə keçərkən müqavilədə mütərəqqi ixtisarla dotasiyanın məbləği, zərərlə işləmənin aradan qaldırılmasına, rentabelliyin yüksəldilməsinə dair öhdəliklər, icarə ödənişlərinin tutulmağa başlanacağı vaxt nəzərdə tutula bilər. İcarəyəverən zərərlə işləyən və azrentabelli dövlət müəssisələrinin icarəçilərinə icarə haqqının məbləği üzrə güzəştlər verə bilər.
3. Dövlət tərəfindən tənzimlənən qiymətlər, tariflər, ödənişlər və ya amortizasiya normaları dəyişdikdə, inflyasiyanın sürəti kəskin artdıqda, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hallarda tərəflərdən biri icarə məbləğinin dəyişdirilməsini tələb edə bilər.
4. Əmlakdan istifadənin müqavilədə nəzərdə tutulmuş şərtləri və ya əmlakın vəziyyəti icarəçinin cavabdeh olmadığı səbəblər üzündən xeyli pisləşdikdə icarəçinin hüququ var ki, icarə haqqının azaldılmasını tələb etsin.
5. İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin.
6. İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə bilər.