Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 50

Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin və mopedlərin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin, habelə mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Maddə 50–1. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin növləri

50–1.0. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin aşağıdakı növləri var:

50–1.0.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi (bundan sonra - standart sığorta müqaviləsi);

50–1.0.2. digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən bu Qanunun 63–1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sığorta müqaviləsi (bundan sonra - sərhəd sığorta müqaviləsi);

50–1.0.3. bu Qanunun 4–1-ci fəslinə uyğun olaraq bağlanmış beynəlxalq sığorta müqaviləsi (bundan sonra - Azərbaycan Yaşıl Kartı).

Maddə 50–2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyətlə məşğul olmaq istəyən sığortaçılara dair əlavə tələb

Sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün bu Qanunun 63–4-cü maddəsində nəzərdə tutulmuş Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver