Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 63

Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.

63.4. Zərərvuranın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə bu Qanunun 32.1.3-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişinin həyata keçirilməsi zamanı subroqasiya hüququ yaranmır.

63.5. Bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır.

Maddə 63–1. Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

63–1.1. Bu fəsildə avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta ödənişlərinin verilməsini təmin edən, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən beynəlxalq avtonəqliyyat vasitələri sığortası kart sisteminə (bundan sonra - Yaşıl Kart Sistemi) aid məsələlər tənzimlənir.

63–1.2. Yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası (bundan sonra - Bürolar Şurası) tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir.

63–1.3. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin tənzimlənməsi Bürolar Şurasının Baş Assambleyası tərəfindən 2002-ci il 30 may tarixində qəbul edilmiş, 2008-ci il 29 may tarixində yenilənmiş və Bürolar Şurası tərəfindən vaxtaşırı dəyişdirilə bilən qaydalarda (bundan sonra - Daxili Reqlament) və Bürolar Şurasının bildirişləri, qaydaları və təlimatlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.

63–1.4. Azərbaycan Respublikasında Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını Büro həyata keçirir.

63–1.5. Büro öz iştirakçılarını Yaşıl Kart blankları ilə mərkəzləşdirilmiş qaydada təmin edir. Yaşıl Kart blankı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyatı Komitəsinin Yol nəqliyyatı üzrə işçi qrupu tərəfindən 1949-cu il 25 yanvar tarixində qəbul olunmuş, 2004-cü il 17-19 fevral tarixlərində keçirilən 66-cı sessiyada Quru Nəqliyyatı Komitəsinin qəbul etdiyi yol nəqliyyatının təkmilləşdirilməsi üzrə yenilənərək konsolidasiya edilmiş Qərarın 1 saylı Əlavəsi ilə əvəz olunmuş 5 saylı Tövsiyədə (bundan sonra - 5 saylı Tövsiyə) nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.

63–1.6. Büronun iştirakçıları fərdi, yaxud kollektiv qaydada zərərlərin tənzimlənməsini Büroya həvalə edə bilərlər.

Maddə 63–2. Yaşıl Kart Sisteminə aid ümumi tələblər

63–2.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl, bu Qanunun 50–1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir.

63–2.2. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır.

63–2.3. Azərbaycan Yaşıl Kartı yalnız onda göstərilənlərin siyahısından istisna edilməyən ölkələrin ərazilərində qüvvədə hesab edilir.

63–2.4. Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının ərazisinə daxil olarkən, sərhəd sığorta müqaviləsini bağlamaq tələb olunmur.

63–2.5. Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş və qüvvədə olan Azərbaycan Yaşıl Kartına malik avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən Yaşıl Kart Sisteminin tətbiq edildiyi digər ölkədə vurulan zərər üçün sığorta məbləğləri kimi həmin ölkənin qanunlarına uyğun olaraq müəyyən edilmiş sığorta məbləğlərinin və bu Qanunun 56.1-ci maddəsində nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür.

63–2.6. Büro Yaşıl Kart Sistemi çərçivəsində iştirakçılarının öhdəliklərinə görə öhdəlik daşıyır, iştirakçı sığortaçılar isə Büronun öhdəlikləri üçün birgə və fərdi məsuliyyət daşıyırlar.

Maddə 63–3. Büronun Yaşıl Kart Sistemində iştirakla bağlı funksiyaları

63–3.0. Büro Yaşıl Kart Sistemində iştirakla və Bürolar Şurasında üzvlüyü ilə əlaqədar aşağıdakı funksiyaları həyata keçirir:

63–3.0.1. Yaşıl Kart Sistemində iştirakla bağlı iştirakçılarının fəaliyyətini təmin etmək;

63–3.0.2. Yaşıl Kart Sistemində iştirakla əlaqədar Büro və onun iştirakçıları üçün məcburi xarakter daşıyan qayda və təlimatlar hazırlamaq və qəbul etmək, həmin qayda və təlimatlara riayət olunmadıqda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə uyğun olaraq təqdimat verilməsi üçün Mərkəzi Bank qarşısında vəsatət qaldırmaq;

63–3.0.3. Azərbaycan Yaşıl Kart blanklarının formasını 5 saylı Tövsiyədə müəyyən edilmiş tələblərə uyğun şəkildə təsdiq etmək, həmin blankları mərkəzləşdirilmiş qaydada çap etdirməklə sığortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq;

63–3.0.4. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və sahibinin mülki məsuliyyəti sığortalanmış avtonəqliyyat vasitələrinin xaricdə istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi ilə bağlı iştirakçısının adından və onun vəsaitləri hesabına xarici ölkələrin yaşıl kart bürolarına zəmanət vermək;

63–3.0.5. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi və belə zərərlərə görə sığorta ödənişlərinin həyata keçirilməsinə dair zəmanət vermək;

63–3.0.6. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçı sığortaçılarını təmsil etmək;

63–3.0.7. xarici ölkələrin Yaşıl Kart büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlər bağlamaq;

63–3.0.8. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələri sahiblərinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta ödənişlərinin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini təmin etmək, bununla əlaqədar yaranan hüquqlarını həyata keçirmək üçün Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada zəruri hərəkətlər etmək, habelə belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının bildiriş, qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;

63–3.0.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkələrin ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada tənzimlənməsini təşkil etmək və ya əvəzini bilavasitə ödəmək, belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;

63–3.0.10. ödəmə qabiliyyətini itirmiş, verdiyi Yaşıl Kart saxta hesab edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə məşğul olmaq icazəsi ləğv edilmiş və ya ləğvetmə prosesinə başlanılmış iştirakçı sığortaçıların Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə xarici ölkələrin Yaşıl Kart bürolarına zəmanət vermək;

63–3.0.11. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar, Bürolar Şurasının qayda və təlimatları ilə tələb olunan qaydada maliyyə təminatını (Büronun Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə bank zəmanətini və təkrarsığorta proqramını) Mərkəzi Bankla razılaşdırmaqla Bürolar Şurasına təqdim etmək;

63–3.0.12. iştirakçı sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə etmək məqsədilə bu Qanunla müəyyən edilmiş qaydada cari öhdəliklər ehtiyatını formalaşdırmaq;

63–3.0.13. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət üzrə məlumat mübadiləsini və nəzarəti təmin etmək məqsədilə informasiya sisteminə malik olmaq, həmçinin informasiya və təşkilati-texniki təminatın həyata keçirilməsi üçün tədbirlər görmək;

63–3.0.14. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin qiymətləndirilməsinin təmin olunması istiqamətində tədbirlər görmək;

63–3.0.15. Yaşıl Kart Sistemi çərçivəsində sığorta risklərinin bölüşdürülməsi üzrə vahid təkrarsığorta proqramını müəyyən etmək və belə risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta müqavilələrində iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək;

63–3.0.16. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar bu Qanundan, Daxili Reqlamentdən və ya Bürolar Şurasının qəbul etdiyi qayda və ya təlimatlardan irəli gələn digər funksiyaları yerinə yetirmək.

Maddə 63–4. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestri

63–4.1. Yalnız Büronun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol verilir. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini aparır.

63–4.2. Büronun iştirakçısı olan sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edildiyi tarixdən həmin sistem çərçivəsində fəaliyyət göstərə bilər.

63–4.3. Büro tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba məbləği Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən birdəfəlik pul vəsaiti yerləşdirdiyi halda məcmu kapitalı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilir.

63–4.4. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilən sığortaçı barədə məlumatı onun reyestrə daxil edildiyi tarixdən 5 iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.

63–4.5. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini öz rəsmi internet səhifəsində yerləşdirməklə mütəmadi yenilənməsini, həmçinin rübdə bir dəfə rəsmi mətbuatda dərc etdirilməsini təmin etməlidir.

Maddə 63–5. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların təqvim haqları

63–5.1. Bu Qanunun 63–4.3-cü maddəsində göstərilən birdəfəlik ödənişdən əlavə, Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçı təqvim ayı ərzində bağladığı Yaşıl Kart müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləğinin 5 faizi miqdarında aylıq təqvim haqlarını növbəti təqvim ayının 15-dən gec olmayaraq Büronun müvafiq hesabına ödəyir.

63–5.2. Təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən Yaşıl Kart blanklarının çap etdirilməsi və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının formalaşdırılmasına yönəldilir.

63–5.3. Təqvim haqlarının ödənilməsi qaydaları Mərkəzi Bankla razılaşdırılmaqla Büro tərəfindən müəyyən edilir.

Maddə 63–6. Büronun cari öhdəliklər ehtiyatı

63–6.1. Büro tərəfindən bu Qanunun 63–4.3-cü maddəsində nəzərdə tutulan vəsaitlər və 63–5-ci maddəsində nəzərdə tutulan təqvim haqları hesabına iştirakçı sığortaçıların Yaşıl Kart Sistemində fəaliyyət göstərməsi ilə əlaqədar Büronun maliyyə öhdəliklərinin təminatı məqsədilə cari öhdəliklər ehtiyatı formalaşdırılır.

63–6.2. Büro cari öhdəliklər ehtiyatı üzrə pul vəsaitlərinin hərəkətinin ayrıca uçotunu aparır.

63–6.3. Cari öhdəliklər ehtiyatının formalaşdırılması ilə bağlı qaydalar Mərkəzi Bankla razılaşdırılmaqla Büro tərəfindən müəyyənləşdirilir.

63–6.4. Cari öhdəliklər ehtiyatının vəsaitləri bu Qanunun 63-3.0.10-cu maddəsində nəzərdə tutulmuş iştirakçı sığortaçıların öhdəliklərinin Büro tərəfindən icrası məqsədləri üçün istifadə edilir.

Maddə 63–7. Büronun Yaşıl Kart Sistemində subroqasiya hüququ

Büronun iştirakçı sığortaçısının Yaşıl Kartla bağlı yaranan öhdəliyi ilə əlaqədar Büro tərəfindən həyata keçirilən ödənişlər məbləğində həmin sığortaçıya münasibətdə Büronun subroqasiya hüququ yaranır.

Maddə 63–8. Xarici ölkənin Yaşıl Kart bürosunun adından çıxış etməyə qoyulan qadağa

Sığortaçılara Yaşıl Kart Sisteminin üzvü olan xarici ölkənin Yaşıl Kart bürosunun adından Yaşıl Kart təklif etmək qadağan edilir.

Maddə 63–9. Yaşıl Kart Sistemi üzrə sığorta haqları

Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqları Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Maddə 63–10. Valyuta tənzimlənməsi üzrə məhdudiyyətlərdən azadolma

Yaşıl Kart Sistemi çərçivəsində Büro və iştirakçı sığortaçılar tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə tələb olunan valyutada pul vəsaitlərinin Azərbaycan Respublikasından köçürülməsinə heç bir məhdudiyyət qoyulmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver