“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 17 avqust 2020-ci il
1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.5-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılmasını və onlardan istifadə qaydasını müəyyən edir.
2.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatlarını yaradır.
2.2. Sığorta ehtiyatlarının istifadəsinə bu Qaydanın 2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla Agentliyin İdarə Heyətinin qərarı ilə yol verilir.
3.1. Sığorta ehtiyatlarının istifadəsinə aşağıdakı hallardan birinin və ya eyni zamanda bir neçəsinin baş verməsi zamanı yol verilir:
3.1.1. inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması;
3.1.2. məzənnə dəyişikliyi ilə əlaqədar Agentliyin xarici valyutada olan öhdəliklərinin həcminin artması;
3.1.3. Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılanması;
3.1.4. Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət elan olunduqda sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması;
3.1.5. icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması;
3.1.6. demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması;
3.1.7. Bu Qaydanın 3.1.1-3.1.6-cı yarımbəndlərində sadalanmayan digər proseslərin təsiri ilə əhalinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması.