Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. İcra sənədinin qaytarılması

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır:

23.1.1. tələbkarın ərizəsi əsasında;

23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda;

23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə;

23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə;

23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda.

23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.

23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.

23.3-1. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın ərizəsi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi halda, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz.

23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır.

23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır.

23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver