37.1. Tərəflər icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərcüməçi dəvət edə bilərlər. 18 yaşına çatmış, tam fəaliyyət qabiliyyətli, dilləri mükəmməl bilən və tərcümə üçün zəruri biliyə malik olan hər hansı bir şəxs tərcüməçi ola bilər.
37.2. Tərcüməçinin xidmətlərinə ehtiyacı olan şəxsə onu dəvət etmək üçün müddət verilir. Həmin şəxs icra məmurunun müəyyən etdiyi müddətdə tərcüməçinin iştirakını təmin edə bilmədikdə, tərcüməçi icra məmurunun qərarı ilə təyin edilir.
37.3. Tərcüməçi icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Tərcüməçiyə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir.
37.4. Bilə-bilə yanlış tərcüməyə görə tərcüməçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və bu barədə ona icra məmuru tərəfindən əvvəlcədən xəbərdarlıq edilir.