45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.
45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir.
45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur.
Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir.
45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər.
Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər.
45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir.
45.5-1. Bank hesablarındakı vəsaitlərin üzərinə həbs qoyulması və tələbin həmin vəsaitlərə yönəldilməsi ilə bağlı qaydalar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər ödəniş hesablarına və ödəniş hesablarına xidmət edən ödəniş xidməti təchizatçılarına şamil olunur.
45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.
45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemində müvafiq qeyd aparılmalıdır.
45.7-2. İcra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarı “Elektron icra” informasiya sistemi vasitəsilə ötürülür.
İcra məmurunun belə qərarının bank və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindən qəbulu və icrasının nəticəsi barədə məlumatın “Elektron icra” informasiya sisteminə ötürülməsi bank və digər kredit təşkilatlarının, elektron pul təşkilatlarının həmin sistemlə inteqrasiya olunmuş informasiya sistemi vasitəsilə təmin edilir.
İcra məmurunun belə qərarının qəbuluna səbəb olmuş əsaslar aradan qalxdıqda icra məmuru 1 iş günü müddətində həmin qərarın icra məmuruna qaytarılması barədə bank və digər kredit təşkilatını, elektron pul təşkilatını elektron qaydada məlumatlandırır.
45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.