Qanunvericilik › İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə (Ali Məhkəmə Plenumunun qərarı, 14.01.2003) › Tam mətn

İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə (Ali Məhkəmə Plenumunun qərarı, 14.01.2003)

İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə (Ali Məhkəmə Plenumunun qərarı, 14.01.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında keçirilən məhkəmə islahatı nəticəsində üçpilləli məhkəmə sistemi yaradılmış, fiziki və hüquqi şəxslərin hüquqlarının məhkəmə müdafiəsi imkanları daha da genişlənmiş, maddi və prosessual hüquq normalarını tənzimləyən yeni qanunlar qəbul edilmişdir.

Lakin yeni qanunlarda bəzi münasibətlər tənzimlənməmişdir.

Belə ki, 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası MPM-də məhkəmə qətnamələrinin icra edilməsi üçün icra vərəqələrinin hansı məhkəmə tərəfindən verilməsi müəyyən olunmamış, 08 mart 2002-ci il tarixdən qüvvədə olan “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununda da bu məsələ öz əksini tapmamışdır. Lakin son vaxtlar icra vərəqələrinin işə axırıncı baxan məhkəmə tərəfindən verilməsi təcrübəsi yaranmışdır. Buna baxmayaraq yaranan təcrübə vahid deyildir.

Üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya instansiyası məhkəməsi dəyişdirə, ləğv edə və ya yeni qətnamə çıxara bilər. Kassasiya məhkəməsi də öz növbəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edə bilər. Belə olduqda kassasiya instansiya məhkəməsinin icra vərəqəsi verməyə səlahiyyətli olub-olmaması məsələsi mübahisəlidir. Birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilməsi, qismən ləğv edilməsi və yaxud dəyişdirilib həmin hissə üzrə yeni qətnamə çıxarılması hallarında icra vərəqəsinin hansı məhkəmə tərəfindən verilməsi xüsusilə mübahisəli qalır.

Qətnamənin icrasına möhlət verilməsi, onun hissə-hissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi məsələsinin hansı məhkəmə tərəfindən həll edilməsində də təcrübə müxtəlifliyi vardır.

Belə ki, vahid məhkəmə təcrübəsi olmadığına görə bu məsələlər həm birinci instansiya, həm də yuxarı instansiya məhkəmələri tərəfindən həll edilir. Qanunda isə bu barədə çıxarılan məhkəmə qərarlarından şikayət etmə qaydası nəzərdə tutulmuşdur. Ona görə də göstərilən məsələlərin yuxarı məhkəmələr tərəfindən həll edilməsi tərəflərin həmin məhkəmə qərarlarından şikayət etmək hüquqlarını məhdudlaşdırır. Kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılan qərarlardan şikayət verilməsi isə qanunda nəzərdə tutulmamışdır.

Beləliklə də göstərilən məsələlərin yuxarı instansiya məhkəmələri tərəfindən həll edilməsi üçpilləli məhkəmə sisteminin mahiyyətinə ziddir.

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

1. Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakı məzmunda izahlar verilsin:

Birinci instansiya məhkəmələri tərəfindən baxılan və apellyasiya şikayəti verilməyən işlər üzrə icra vərəqələri qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmələr tərəfindən verilir;

Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələri birinci instansiya məhkəməsinin qətnamələrini dəyişdirmədən saxladıqda bu barədə çıxarılan qətnamənin surəti və icra vərəqinin verilməsi üçün zəruri olan digər məlumatlar gecikdirilmədən birinci instansiya məhkəməsinə göndərilir və birinci instansiya məhkəməsi həmin qətnaməyə əsasən icra vərəqələri verir;

Aşağı instansiya məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəmələri tərəfindən qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində verilir;

Azərbaycan Respublikası Ali Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirdiyi və ya yeni qərar qəbul etdiyi hallarda iş üzrə icra vərəqələri vermək zərurəti yaranarsa, həmin qərarlar üzrə icra vərəqəsini Ali Məhkəmə verir.

2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 160-cı maddəsinə əsasən iddianı təmin etmək tədbiri barədə çıxarılan qərardadlar üzrə icra vərəqələri qərardadı qəbul etmiş məhkəmə tərəfindən verilir.

3. Məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir.

4. Məhkəmələrə izah edilsin ki, dərhal icra edilməli olan qətnamələrin dairəsi MPM-nin 234.2-ci maddəsində dəqiq müəyyən edilmişdir, həmin maddənin geniş təfsirinə və tətbiqinə yol verilmir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

Bakı şəhəri, 14 yanvar 2003-cü il

1. 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver