1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması;
1.0.2. vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri;
1.0.3. ictimai şura – bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum;
1.0.4. ictimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı, habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması (öyrənilməsi) üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, hüquqi şəxslər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;
1.0.5. ictimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, hüquqi şəxslər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;
1.0.6. ictimai rəyin öyrənilməsi – dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi;
1.0.7. hüquqi aktların layihələrinin ictimai müzakirəsi – hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi;
1.0.8. yazılı məsləhətləşmə – hüquqi aktların layihələrinə və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün həmin orqanlar tərəfindən onlara müraciət edilməsi və yazılı formada təqdim olunmuş rəy, irad və təkliflərin təhlil edilməsi, ümumiləşdirilməsi və qiymətləndirilməsi.