Qanunvericilik › İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Baş direktor

İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Baş direktor ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu Qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım şurası tərəfindən 4 il müddətinə seçilir.

21.2. Baş direktor:

21.2.1. proqramların bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanmasına nəzarət edir və məsuliyyət daşıyır;

21.2.2. ictimai yayımçının cari fəaliyyətinə rəhbərlik edir;

21.2.3. ictimai yayımçını məhkəmədə, dövlət orqanlarında, xaricdə və beynəlxalq təşkilatlarda təmsil edir;

21.2.4. əmrlər verir, müqavilələr bağlayır, bu sənədlərin tələblərinə əməl olunmasına nəzarət edir;

21.2.4-1. texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyən edir;

21.2.5. əmlakın qorunmasına və yalnız ictimai yayımın məqsədləri üçün istifadə olunmasına məsuliyyət daşıyır.

21.3. Baş direktor aşağıdakı məsələlər üzrə müstəqil qərarlar qəbul edir:

21.3.1. proqramların yaradıcı ideyası və istehsalı;

21.3.2. proqram cədvəlinin işlənməsi;

21.3.3. yayım fəaliyyətinin təşkili, cari məsələlərin həlli;

21.3.4. bu Qanunla nəzərdə tutulan hallardan başqa, ictimai yayımçının əmlakı üzərində sahiblik, istifadə və sərəncam verilməsi;

21.3.5. müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması;

21.3.6. bu Qanunla nəzərdə tutulan hallardan başqa, kadrların seçilib işə götürülməsi və idarə olunması;

21.3.7. bu Qanunla nəzərdə tutulan hallardan başqa, malların və xidmətlərin alğı-satqısı, icarəsi və istifadə olunması;

21.3.8. bu Qanunla nəzərdə tutulan hallardan başqa, əlaqələr qurulması, danışıqlar aparılması və müqavilələr bağlanması;

21.3.9. bu Qanunla nəzərdə tutulan hallardan başqa, büdcənin tərtibi və icrası.

21.4. Baş direktor, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Nizamnaməsinə uyğun olaraq, yayım xidmətlərinin rəhbərlərindən ibarət Direktorlar şurası yaradır.

21.5. Baş direktor, Nizamnaməyə uyğun olaraq, Direktorlar şurasına rəhbərlik edir. Baş direktorun müavinləri şurada üzv kimi təmsil olunurlar.

21.6. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ümumi yığıncağında işçilərin arasından sadə səs çoxluğu ilə Direktorlar şurasına ən azı 2 nəfər üzv daxil edilə bilər.

21.7. Direktorlar şurası Nizamnamədə nəzərdə tutulan məsələlər üzrə qərarlar qəbul etmək səlahiyyətinə malikdir.

21.8. Baş direktor aşağıdakı məsələləri Direktorlar şurası ilə razılaşdırmalıdır:

21.8.1. proqram siyasətinin ümumi xəttini və əsas prinsiplərini;

21.8.2. həmkarlar ittifaqı təşkilatları ilə müqavilələri;

21.8.3. büdcənin tərtibini və icrası barədə illik hesabatı;

21.8.3-1. texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını;

21.8.4. ictimai yayımçının büdcəsində nəzərdə tutulmayan xərcləri.

21.9. Baş direktorun təkrar seçilmək hüququ vardır.

21.10. Baş direktorun səlahiyyətlərinə yalnız aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

21.10.1. öz ərizəsi ilə;

21.10.2. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutduqda;

21.10.3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;

21.10.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;

21.10.5. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver