Qanunvericilik › İdarə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.08.1996) › Tam mətn

İdarə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.08.1996)

İdarə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.08.1996) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli 463 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

“İdarə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Baş nazirin birinci müavini

Bakı şəhəri, 5 avqust 1996-cı il

1. İdarə nəzarətinin əsas vəzifəsi dövlət birlik, müəssisə, idarə və təşkilatlarında maliyyə-büdcə qanunvericiliyinə əməl olunması, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qorunub saxlanılması, material və maliyyə ehtiyatlarından səmərəli istifadə olunması, mühasibat uçotu və hesabatın düzgün aparılması, habelə təsərrüfatsızlıq hallarının qarşısının alınmasının təmin olunması üzərində nəzarəti həyata keçirməkdən ibarətdir.

2. Birlik, müəssisə, idarə və təşkilatlarda idarə nəzarətinin təşkili və həyata keçirilməsi müvafiq yuxarı idarəetmə orqanlarına həvalə edilir.

3. Maliyyə-təsərrüfat fəaliyyətinin təftişi və yoxlanması nəzarət-təftiş bölmələri tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

yuxarı orqanlar—baş idarə, birlik və eləcə də onlara bilavasitə tabe olan istehsal və elmi-istehsal birliklərində, təşkilat və müəssisələrdə;

baş idarələr və birliklər—onların tabeçiliklərində olan istehsal və elmi-istehsal birliklərində, müəssisə, idarə və təşkilatlarda;

Naxçıvan Muxtar Respublikasının nazirlik və idarələri bilavasitə onlara tabe olan müəssisə, idarə və təşkilatlarda, eləcə də yerli tabeli təsərrüfat hesablı müəssisə, idarə və təşkilatlarda;

yerli icra hakimiyyəti orqanları yerli tabeli təsərrüfat hesablı müəssisə, idarə və təşkilatlarda.

4. Müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətlərinə dair təftiş və yoxlamalar onların tabe olduğu təşkilatların rəhbərliyi tərəfindən kompleks qaydada ildə bir dəfə, onların tabeçiliyində olan büdcə təşkilatlarında iki ildə bir dəfə aparılması təmin edilməlidir.

5. Nəzarət-təftiş bölmələri tərəfindən təftiş və yoxlamalar aparılarkən, aşağıdakı göstərilənlərə xüsusi diqqət verilməlidir:

müəssisə, idarə, təşkilatların iqtisadi vəziyyətinə, müəyyən olunmuş istehsal və maliyyə proqnozlarının yerinə yetirilməsinə, habelə aparılmış maliyyə əməliyyatlarının qanuna uyğunluğu, pul vəsaitlərinin və material qiymətlilərinin qorunub saxlanılmasına;

material və maliyyə vəsaitlərindən, əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, təsərrüfat əməliyyatlarının vaxtlı-vaxtında sənədləşdirilməsinə, daxili ehtiyatların tam aşkara çıxarılmasına, ondan istifadə olunmasına, qeyri-istehsal xərclərinin və itkilərin əmələ gəlmə səbəblərinin araşdırılmasına;

mühasibat uçotu və hesabatların, habelə maliyyə, kredit və hesablaşma əməliyyatlarının düzgünlüyünə, büdcəyə çatacaq ödənişlərin vaxtında köçürülməsinə;

tarif və qiymətlərin müəyyən edilmiş qaydalarının gözlənilməsinə, qiymət intizamının pozulması nəticəsində əldə edilmiş qanunsuz gəlirlərin tamamilə büdcəyə köçürülməsinin təmin olunmasına;

təftiş və yoxlamalarla aşkar edilmiş nöqsan və çatışmazlıqların tamamilə aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsinə.

6. Təftiş və yoxlamaların aparılması müddəti 30 günədək müəyyən edilir. Həmin müddət, lazım gəldikdə (çatışmazlıq, mənimsəmə, uçotun aparılması), təftişi təyin edən rəhbər şəxs tərəfindən 30 günədək uzadıla bilər.

7. Təftiş və yoxlamaların nəticələri aktla rəsmiləşdirilir. Təftiş aktı təftişçi, təftiş və yoxlama aparılan müəssisə, idarə və təşkilatların rəhbərləri və baş mühasibləri tərəfindən imzalanır.

Əgər təftiş olunan və ya yoxlanılan müəssisə, idarə və təşkilatın rəhbərlərinin təftiş aktına etiraz və başqa iradları olarsa, aktı imzalamaqla bərabər, bu haqda öz etiraz və iradlarını rəsmi surətdə akta əlavə etməlidirlər.

8. Təftiş və yoxlama zamanı aşkar olunmuş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə təcili tədbirlər görülməsi zəruri olan hallarda, həmin faktlar təftiş materiallarının istintaq orqanlarına verilməsi ilə bərabər təftişi təyin edən orqanın rəhbərinə də məlumat verilməlidir.

Təftiş olunan müəssisə, idarə və təşkilatların rəhbərləri, təftişin başa çatmasını gözləmədən aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etməli və bu haqda təftiş aktında qeyd aparmalıdır.

9. Təftiş və ya yoxlamanı təyin edən təşkilatın rəhbəri iki həftə müddətindən gec olmayaraq, təftiş və ya yoxlamanın nəticəsinə baxılmasını, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını, dəymiş ziyanın bərpa olunmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini, dövlət intizamının pozulmasına səbəb olan amillərin aradan qaldırılmasını, gələcəkdə bu hallara yol verilməməsi üçün təsirli tədbirlər görülməsini təmin etməlidir.

10. Təftişçilər aşağıdakı hüquqlara malikdirlər:

müəssisə, idarə və təşkilatlarda onların maliyyə-təsərrüfat fəaliyyətləri ilə əlaqədar olan bütün mühasibat və digər sənədləri, pul vəsaitləri və mal-material qiymətlilərinin varlığını yoxlamaq, saxtakarlıq və mənimsəmə faktları aşkar edildikdə zəruri olan sənədləri müəyyən olunmuş qaydada götürmək;

əsas vəsaitlərin, mal-material qiymətlilərinin, pul vəsaitlərinin və hesablaşmaların inventarizasiyalarının aparılmasını tələb etmək, zəruri olan hallarda müəssisənin xəzinəsini, anbarlarını, arxivlərini möhürləmək;

təftiş və yoxlama aparılan müəssisə, idarə və təşkilatlarla əlaqəsi olan digər müəssisə, idarə və təşkilatlardan arayışlar və sənədlərin surətini almaq;

təftiş və yoxlamaların gedişi zamanı ortaya çıxan suallar üzrə vəzifəli şəxslərdən izahatlar almaq;

təftiş və yoxlamaların gedişatında aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə müəssisə, idarə və təşkilatların rəhbərlərinə təkliflər vermək.

11. Təftişçilər aşağıdakıları yerinə yetirməyə borcludurlar:

öz işində qüvvədə olan qanunvericiliyə ciddi surətdə əsaslanmaq;

təftiş və yoxlamaların nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması, habelə dövlət intizamına riayət edilməsinin təmin olunması məqsədilə təkliflərin hazırlanmasında yaxından iştirak etmək.

12. Müəssisə, idarə və təşkilatlarda təftiş və yoxlamaların aparılması qaydası və onun təşkili, müvafiq nazirlik, komitə, dövlət şirkətləri və digər idarəetmə orqanları tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq olunmuş təlimatlara əsasən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver