Qanunvericilik › “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 28.10.2017) › Tam mətn

“İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 28.10.2017)

“İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 28.10.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2017-ci il

1. Bu Əsasnamə “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanının icrası məqsədi ilə incəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının verilməsi və dayandırılması qaydasını müəyyən edir.

2. İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı (bundan sonra - Mükafat) yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil sənət nümunələri yaradan, Azərbaycan mədəniyyətinin inkişafında, səhnə sənəti sahəsində xüsusi xidmətləri olan, habelə yeni yaradıcı nəslin yetişdirilməsində fəal iştirak edən artistlərə, rejissorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara, dirijorlara, xormeysterlərə, sənətşünaslara, bədii kollektivlərin rəhbərlərinə və digər incəsənət xadimlərinə səhnə fəaliyyəti ilə bağlı verilir.

3. Mükafat yalnız Azərbaycan Respublikasının vətəndaşı olan şəxsə verilir.

4. Mükafatın məbləği ayda 500 (beş yüz) manatdır. Mükafatın verilmə müddəti bir ildir.

5. Mükafat ötən mövsümün nəticələrinə görə verilir. Eyni şəxs yalnız üç il ardıcıl şəkildə mükafata təqdim oluna bilər. “Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.

6. Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı göstərilir.

7. Mükafat alan şəxslər hər ilin may ayında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı əsasında, 150 şəxsdən çox olmayaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən edilir.

8. Mükafat mükafat alan şəxsin əmək haqqına təsir göstərmir.

9. Mükafat Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan şəxsə verilmir.

10. Mükafat alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, mükafat alan şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda və ya vəfat etdikdə mükafatın verilməsi dayandırılır.

11. Bu Əsasnamənin 10-cu hissəsində nəzərdə tutulmuş halda şəxs haqqında məlumat mükafatın verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamından çıxarılır.

1. 6 may 2019-cu il tarixli 678 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 830)

2. 29 yanvar 2021-ci il tarixli 1274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 44)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver