3.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;
3.0.2. şəxsi və ailə həyatına dair məlumat (bundan sonra - fərdi məlumat) - şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;
3.0.3. ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər;
3.0.4. informasiya xidmətləri - sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət;
3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər;
3.0.6. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət;
3.0.7. informasiya sorğusu verən (bundan sonra - sorğuçu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs;
3.0.8. informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən mediada, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsi.