Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi, informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizliyin təmini ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir.
Bu Qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Media haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlərə şamil edilmir.
Bu Qanundan irəli gələrək aparılan icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət sirri və kommersiya sirri təşkil edən məlumatların, maliyyə bazarlarını tənzimləyən qanunlarla qorunan məlumatların, habelə fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya infrastrukturunun kibertəhlükəsizliyi ilə bağlı münasibətlər “Dövlət sirri haqqında”, “Kommersiya sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və maliyyə bazarlarını tənzimləyən Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.