20-7.1. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyət həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanının (qurumunun) müvafiq strukturu və ya həmin orqan (qurum) tərəfindən müqavilə əsasında müəyyən edilən rezident hüquqi şəxs olan CERT-lər vasitəsilə təmin edilir.
20-7.2. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu obyektinə qarşı yönəlmiş kibertəhdid və kiberhücumların, həmçinin baş vermiş kiberinsidentlərin real vaxt rejimində fasiləsiz monitorinqi və onlara qarşı ilkin texniki cavab tədbirlərinin görülməsi SOC-lar tərəfindən həyata keçirilir.
20-7.3. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu subyektlərinin siyahısı (dövlət orqanlarına (qurumlarına) məxsus, informasiya infrastrukturu Dövlət CERT-i isitisna olmaqla) həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanı (qurumu) tərəfindən müəyyən edilərək Milli CERT-ə təqdim edilir.
20-7.4. CERT-lər tərəfindən mütəmadi olaraq, lakin ildə bir dəfədən az olmayaraq ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarının siyahısı nəzərdən keçirilməli və həmin siyahının yenilənməsi təmin edilməlidir. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarının yenilənmiş siyahısı bu Qanunun 20-7.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanı (qurumu) tərəfindən yeniləndiyi tarixdən 10 iş günü ərzində Milli CERT-ə təqdim edilməlidir.
20-7.5. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), xüsusi tələblər isə həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanı (qurumu) tərəfindən (bu maddənin ikinci cümləsinin tələbi nəzərə alınmaqla, dövlət orqanlarının (qurumlarının) infrastrukturuna münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla) müəyyən edilir. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
20-7.6. Hər bir informasiya infrastrukturu subyekti tərəfindən CERT və ya SOC struktur bölmə kimi yaradıla və ya müqavilə əsasında rezident hüquqi şəxslər müəyyən edilə bilər.
20-7.7. Milli CERT və Dövlət CERT-i arasında kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə qarşılıqlı məlumat (mühafizə olunan şəxslər, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna dair məlumatlar istisna olmaqla) mübadiləsi Milli CERT və Dövlət CERT-i tərəfindən birgə müəyyən edilmiş formada həyata keçirilir.
20-7.8. Bu Qanunun V-II fəslinin yalnız 20-8.2-ci maddəsinin üçüncü cümləsi, 20-9.3-cü, 20-10.1-ci və 20-10.6-cı maddələrinin tələbləri kritik informasiya infrastrukturu obyektlərinə, dövlət orqanlarına (qurumlarına) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, onlarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı CERT-lərə və SOC-lara şamil edilir.
20-7.9. Dövlət orqanlarında (qurumlarında) (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla) kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin səbəblərinin araşdırılması Dövlət CERT-i tərəfindən Milli CERT-lə birgə həyata keçirilir. Dövlət orqanları (qurumları) tərəfindən yaradılan (müqavilə əsasında müəyyən edilən) CERT-lər Milli CERT-lə yanaşı, Dövlət CERT-i ilə də məlumat mübadiləsi aparırlar.
20-7.10. Dövlət CERT-inin fəaliyyəti, hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. Dövlət orqanlarına (qurumlarına) məxsus (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri istisna olmaqla), habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
20-7.11. Reyestrin aparılmasına və sorğuların verilməsinə münasibətdə bu Qanunun 20-8.4 – 20-8.16-cı və 20-9.1.2-ci maddələrinin tələbləri kritik informasiya infrastrukturu üzrə CERT-lərə, Dövlət CERT-inə və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-ə və həmin CERT-lər üzrə SOC-lara, habelə maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər tərəfindən yaradılan SOC-lara şamil edilmir.
20-7.12. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan CERT-lərə və SOC-lara, habelə maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə yaradılan SOC-lara münasibətdə bu Qanunun V-II fəslinin yalnız 20-8.2-ci maddəsinin üçüncü cümləsi, 20-9.3-cü, 20-10.1-ci və 20-10.6-cı maddələri, eləcə də maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında olan internet informasiya ehtiyatlarının monitorinqi və auditi üzrə 20-10-4.7-ci və 20-10.5-ci maddələr şamil edilir.
20-7.13. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təmin edilir. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər tərəfindən SOC-ların yaradılmasının və fəaliyyətinin tənzimlənməsi, monitorinqi və bu fəaliyyətə nəzarət edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.