Qanunvericilik › İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20-9

Maddə 20-9. CERT-lərin vəzifələri və hüquqları

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20-9.1. CERT-lərin (Dövlət CERT-i istisna olmaqla) vəzifələri aşağıdakılardır:

20-9.1.1. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturuna qarşı yönəlmiş kibertəhdidləri, kiberhücumları və kiberinsidentləri vaxtında aşkarlamaq, onların qeydiyyatını və risklərin qiymətləndirilməsini aparmaq, ilkin araşdırmaq və təhlil etmək, qarşısını almaq;

20-9.1.2. fəaliyyət göstərdiyi sahə üzrə Milli CERT tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi və proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması ilə bağlı göndərilmiş sorğuları 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı sorğuları isə 5 iş günü ərzində cavablandırmaq və tələb olunan məlumatları təqdim etmək;

20-9.1.3. ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu obyektlərinin sahə üzrə fəaliyyət göstərən SOC-a inteqrasiyasını təmin etmək;

20-9.1.4. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu obyektlərində kibertəhlükəsizlik vəziyyətinin SOC vasitəsilə fasiləsiz monitorinqini və ilkin texniki cavab tədbirlərini həyata keçirmək;

20-9.1.5. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu subyektlərini kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və kibertəhlükəsizlik riskləri, habelə onların təhlilinin nəticələri barədə operativ məlumatlandırmaq;

20-9.1.6. kiberinsidentlərin idarə olunması və aradan qaldırılması üzrə operativ tədbirlər görmək, kiberinsidentlərin lokallaşdırılması və təsirlərinin minimuma endirilməsi üçün müvafiq texniki və təşkilati tədbirlər görmək;

20-9.1.7. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu subyektləri ilə kibertəhdidlərə, kiberhücumlara və kiberinsidentlərə qarşı operativ koordinasiyanı təmin etmək;

20-9.1.8. kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatları dərhal Milli CERT-ə ötürmək, eləcə də onların statistik uçotunu aparmaq, analitik hesabatlar hazırlamaq və rüblük əsasla Milli CERT-ə təqdim etmək;

20-9.1.9. kibertəhlükəsizlik sahəsində risklərin azaldılması və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə sahə üzrə informasiya infrastrukturu subyektlərinə tövsiyələr vermək, habelə metodiki və təşkilati dəstək göstərmək;

20-9.1.10. kibertəhlükəsizlik üzrə məlumat mübadiləsini və erkən xəbərdarlıq mexanizmlərini təşkil etmək;

20-9.1.11. kibergigiyenanın təmin edilməsi istiqamətində mütəmadi tədbirlər görmək, sahə üzrə informasiya infrastrukturu subyektlərinin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə təlimlər, simulyasiya məşqləri və maarifləndirici tədbirlər təşkil etmək;

20-9.1.12. kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatları bir ildən az olmayan müddətdə, araşdırmaların nəticəsinə dair məlumatları isə üç ildən az olmayan müddətdə saxlamaq;

20-9.1.13. kibertəhlükəsizlik risklərinin qiymətləndirilməsi və zəifliklərin müəyyən olunması məqsədilə informasiya infrastrukturu obyektlərinin ildə bir dəfədən az olmayaraq kibertəhlükəsizlik auditlərinin keçirilməsi ilə bağlı tədbirlər görmək;

20-9.1.14. sahə üzrə informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə bu Qanunun 20-7.5-ci maddəsi ilə müəyyən edilmiş ümumi və xüsusi tələbləri pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

20-9.1.15. bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

20-9.2. CERT-lərin (Dövlət CERT-i istisna olmaqla) bu Qanunla müəyyən olunmuş vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

20-9.2.1. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların müəyyən edilməsi məqsədilə təsdiq edilmiş illik və ya cari planlar üzrə müdaxilə sınaqlarını və digər texniki təhlükəsizlik testlərini həyata keçirmək;

20-9.2.2. kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı Milli CERT-ə təkliflər vermək;

20-9.2.3. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu obyektlərinin kibertəhlükəsizlik vəziyyəti ilə bağlı məlumat və texniki göstəricilərin təqdim edilməsini informasiya infrastrukturu subyektlərindən tələb etmək;

20-9.2.4. kiberhücumların, kiberinsidentlərin və kibertəhdidlərin araşdırılması və qarşısının alınması məqsədilə sahə üzrə informasiya infrastrukturu subyektləri ilə birgə texniki tədbirlər həyata keçirmək;

20-9.2.5. digər sahələr üzrə fəaliyyət göstərən CERT-lər və Milli CERT-i məlumatlandırmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və məlumat mübadiləsi aparmaq;

20-9.2.6. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı tədbirlər görmək, o cümlədən Milli CERT-ə təkliflər vermək;

20-9.2.7. kibertəhlükəsizlik üzrə yeni texnologiyaların və həllərin tətbiqi ilə bağlı pilot layihələr həyata keçirmək;

20-9.2.8. bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

20-9.3. Bu Qanunun 20-7.8-ci və 20-7.12-ci maddələrində nəzərdə tutulan CERT-lər Milli CERT-lə yalnız qarşılıqlı məlumat mübadiləsi (kritik informasiya infrastrukturuna münasibətdə səlahiyyətli orqan vasitəsilə) həyata keçirirlər. Bu zaman məlumat mübadiləsi Milli CERT-in həmin CERT-lərlə birgə müəyyən etdiyi formada aparılır.

20-9.4. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə yaradılan CERT-lərin və SOC-ların fəaliyyətinin təşkili və Milli CERT-lə əlaqələndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver