Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 yanvar 2021-ci il
1.1. “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” (bundan sonra – Qaydalar) innovativ layihələrin, yəni iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyətlə bağlı olan layihələrlə əlaqədar (bundan sonra – layihə) ictimaiyyət üçün açıq məlumatların əks olunduğu reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını müəyyən edir.
1.2. Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.
2.1. Reyestrin formalaşdırılması və aparılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – Reyestrin operatoru) tərəfindən həyata keçirilir.
2.2. Reyestrin operatoru:
2.2.1. Reyestrə daxil edilmiş məlumatların elektron informasiya ehtiyatında ümumi istifadə üçün açıq şəkildə yerləşdirilməsini təmin edir;
2.2.2. layihələrin qeydiyyata alınması və qeydiyyatının ləğv edilməsinin elektron formada təşkili və idarə olunmasını həyata keçirir;
2.2.3. Reyestrdə qeydiyyatdan keçən ərizəçilərə “Startap” pasportu verir;
2.2.4. Reyestrə daxil edilmiş layihələrə dair məlumatların arxivləşdirilməsini və mühafizə olunmasını təşkil edir;
2.2.5. Reyestrin dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edir.
2.3. Reyestrin formalaşdırılması və aparılması ilə bağlı xərclər Reyestrin operatorunun büdcəsi hesabına maliyyələşdirilir.
2.4. Reyestrə məlumatların daxil edilməsi ilə bağlı müraciət edən şəxslərlə Reyestrin operatoru arasında münasibətlər bu Qaydaların tələbləri nəzərə alınmaqla, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
3.1. Reyestrə məlumatlar rezident hüquqi və fiziki şəxslərin müraciəti əsasında daxil edilir.
3.2. Reyestrə məlumatlar “ASAN login” sistemi vasitəsilə giriş etdikdən sonra təqdim edilir.
3.3. Qeydiyyat zamanı təqdim edilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar göstərilir:
3.3.1. ərizəçinin əlaqə məlumatları (faktiki ünvan, telefon və elektron poçt);
3.3.2. layihə haqqında məlumat.
3.4. Bu Qaydaların 3.2-ci və 3.3-cü bəndlərində göstərilən və ərizəçi tərəfindən təqdim edilməli olan zəruri məlumatlardan əlavə, ərizəçilər könüllü olaraq müraciətləri ilə birlikdə ictimaiyyətə açıqlanması məqsədilə Reyestrə aşağıdakı məlumatları da təqdim edə bilərlər:
3.4.1. layihə bir deyil, bir neçə iştirakçı tərəfindən hazırlanmışdırsa, digər iştirakçılar barədə məlumatlar (soyadı, adı, atasının adı);
3.4.2. layihənin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslər tərəfindən maliyyələşməyə ehtiyacın olub-olmamasına, buna ehtiyac vardırsa, tələb olunan maliyyələşmə həcminə dair məlumatlar;
3.4.3. layihənin həyata keçirilmiş hissəsi ilə bağlı cəlb edilmiş maliyyə vəsaitləri barədə məlumatlar;
3.4.4. layihə ilə bağlı yaranmış əqli mülkiyyət hüququ obyektlərinin qeydiyyatı ilə bağlı məlumatlar;
3.4.5. layihə haqqında əlavə məlumatlar (layihə ilə bağlı biznes-plan, potensial investorlara ünvanlanmış təqdimat, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən alınmış “Startap” şəhadətnaməsi, akselerasiya və ya inkubasiya mərkəzləri tərəfindən verilmiş rəylər və ya şəhadətnamələr, alınmış mükafatlar, diplomlar, nəşrlər, mütəxəssis rəyləri, icmallar və s.).
3.5. Reyestrə daxil edilmiş layihələrə vahid və Reyestrdə təkrarolunmayan 12 (on iki) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir.
3.6. Reyestrə daxil edilmiş layihənin qeydiyyatı ləğv edildikdə, onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə Reyestrdə qeyd aparılır.
3.7. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
3.7.1. layihənin qeydiyyat tarixi və nömrəsi;
3.7.2. ərizəçi tərəfindən təqdim edilmiş məlumatlar əsasında Reyestrin operatoru tərəfindən müəyyən edilən layihənin növü və tətbiqi sahəsi;
3.7.3. layihənin adı və qısa təsviri;
3.7.4. layihənin təmsilçisi (ərizəçi hüquqi şəxsin nümayəndəsi və ya fiziki şəxs) haqqında məlumat;
3.7.5. Reyestrə daxil edilmiş məlumatlarda sonradan edilmiş hər hansı dəyişikliklər;
3.7.6. bu Qaydaların 3.4-cü bəndinə əsasən ərizəçilər tərəfindən onların arzusu ilə ictimaiyyətə açıqlanması məqsədilə təqdim edilən digər məlumatlar.
3.8. Reyestrin operatoru 5 (beş) iş günü müddətində təqdim edilmiş məlumatların bu Qaydaların tələblərinə uyğunluğunu yoxlayır və məlumatların tamlığı ilə bağlı çatışmazlıq aşkar edilmədikdə məlumatları Reyestrə daxil edir.
3.9. Məlumatların tamlığı ilə bağlı çatışmazlıqlar aşkar edildikdə, Reyestrin operatoru bu barədə ərizəçini məlumatlandırır və həmin çatışmazlıqların aradan qaldırılması üçün ərizəçiyə 5 (beş) iş günü müddət verir. Müəyyən edilmiş bu müddət ərzində məlumatların tamlığı ilə bağlı çatışmazlıqlar ərizəçi tərəfindən aradan qaldırılmadıqda, ərizəçinin məlumatlarının Reyestrə daxil edilməsindən imtina qərarı qəbul edilir. İmtina qərarı elektron informasiya ehtiyatı vasitəsilə elektron sənəd formasında ərizəçiyə çatdırılır.
3.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən “Startap” şəhadətnaməsi almış şəxslərə münasibətdə məlumatların Reyestrə daxil edilməsindən imtina edilə bilməz.
3.11. Ərizəçilər məlumatların tamlığı ilə bağlı çatışmazlıqları aradan qaldırdıqdan sonra Reyestrə daxil edilmə ilə bağlı yeni müraciət təqdim edə bilərlər.
3.12. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə, ərizəçi elektron informasiya ehtiyatı vasitəsilə bu barədə Reyestrin operatoruna məlumat verir. Məlumat daxil olduqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, operator tərəfindən Reyestrə müvafiq dəyişikliklər daxil edilir.
3.13. Reyestrdə dəyişiklik edilərkən, həmçinin layihə təmsilçisi olan hüquqi şəxsin nümayəndəsinin və ya fiziki şəxsin aidiyyəti məlumatları dəyişdikdə, qeydiyyat nömrəsi dəyişdirilmir.
3.14. Reyestrə daxil edilən layihənin Reyestr qeydinin ləğvi elektron informasiya ehtiyatı vasitəsilə edilən ərizəçinin müraciəti əsasında həyata keçirilir. Reyestrin operatoru ləğvetmə ilə bağlı müraciətin təqdim edilməsindən 5 (beş) iş günündən gec olmayaraq, layihənin Reyestr qeydini ləğv edir və məlumatları Reyestrdən çıxarır.
4.1. Layihələri barəsində məlumatlar Reyestrə daxil edilmiş ərizəçilərə elektron informasiya ehtiyatı vasitəsilə Reyestrin operatoru tərəfindən elektron sənəd formasında “Startap” pasportu verilir. Ərizəçinin istəyi əsasında 5 (beş) iş günü müddətində, “Startap” pasportu ərizəçiyə kağız daşıyıcıda imzalı və möhürlü formada da təqdim edilir.
4.2. “Startap” pasportu Reyestrdə müvafiq qeydin həyata keçirildiyi tarixdən müddətsiz verilir.
4.3. “Startap” pasportunda aşağıdakı məlumatlar əks olunur:
4.3.1. layihənin Reyestrdə qeydiyyat nömrəsi;
4.3.2. layihənin təmsilçisi haqqında məlumat;
4.3.3. layihənin adı və növü.
4.4. Reyestr qeydi ləğv edildikdə “Startap” pasportu qüvvədən düşür.
1. 4 may 2023-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 714)
2. 1 noyabr 2024-cü il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 noyabr 2024-cü il, “Xalq” qəzeti, 22 noyabr 2024-cü il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1247)