Qanunvericilik › “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.09.2013) › Tam mətn

“İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.09.2013)

“İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.09.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 609-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 887 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnsan alveri qurbanlarının repatriasiya Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 10 sentyabr 2013-cü il

1.1. Bu Qaydalar “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”na və Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına uyğun olaraq hazırlanmışdır və insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası məsələlərini tənzimləyir.

1.2. Bu Qaydaların məqsədi insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – qurbanlar) repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaqdan ibarətdir.

1.3. Qurbanların repatriasiyası könüllülük prinsipi əsasında həyata keçirilməklə, insan alverindən zərər çəkmiş şəxslərin müdafiəsi üzrə tədbirlər sisteminin vacib elementlərindəndir və onların insan alverinin qurbanları kimi yardım almaq hüquqlarının həyata keçirilməsinə təminat verir, cəmiyyətə reinteqrasiyasına, normal həyat tərzinə qayıtmasına şərait yaradır.

1.4. Bu Qaydalar, həmçinin İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi üzrə İdarələrarası Komissiyanın üzvləri olan dövlət qurumları, eləcə də vətəndaş cəmiyyətinin üzvləri tərəfindən həyata keçirilən insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılmasına xidmət edir.

1.5. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq mühafizə orqanları ilə, habelə insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

1.6. Qurbanların repatriasiyası ilə bağlı beynəlxalq əməkdaşlıq zamanı BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyası, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokol və Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası rəhbər tutulur.

2.1. İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 (otuz) gün bərpa və fikirləşmə müddəti verilir.

2.2. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.

2.3. Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra insan alverinin qurbanı olmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərə onların istəyi ilə 1 (bir) il müddətinə müvəqqəti yaşama icazəsi verilir.

2.4. Bərpa və fikirləşmə müddəti başa çatdıqdan sonra, yaxud müvəqqəti yaşama icazəsi dövründə qurbanlar Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olduqda, onların repatriasiyası həyata keçirilir.

2.5. Repatriasiya ediləcək qurbanların müvafiq sənədləri (şəxsiyyətini təsdiq edən sənəd, yol sənədləri və s.) olmadıqda, həmin sənədlərin qanunla müəyyən edilmiş qaydada əldə edilməsi istiqamətində müvafiq tədbirlər yerinə yetirilir.

2.6. Repatriasiya ediləcək qurbanların nəqliyyat və repatriasiya ilə bağlı digər zəruri xərclərinin ödənilməsinə köməklik göstərilir.

2.7. Qurbanların repatriasiyası zamanı onların hüquqlarının qorunması, təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi işi davam etdirilməli, repatriasiya üzrə üzrsüz gecikmələrə və ya ləngitməyə yol verilməməlidir.

2.8. Qurbanlar repatriasiya edilərkən onları qəbul edəcək ölkənin vətəndaşı və ya orada yaşama hüququna malik olub-olmamaları yoxlanılır və bu məsələ ilə bağlı gələcəkdə digər çətinliklərin yaranmaması üçün müvafiq tədbirlər görülür.

2.9. Qurbanların repatriasiyası təmin edilərkən, qəbul edən ölkənin repatriasiya üzrə zəruri əməkdaşlığa və qurbanları qəbul etməyə dair müvafiq rəsmi razılığı əldə edilir, repatriasiya ilə əlaqədar qarşılıqlı fəaliyyət göstərilir. Qurbanlar geri qaytarıldıqdan sonra onlarla bağlı məsələlərə dair əməkdaşlıq davam etdirilə bilər.

2.10. Qurbanlar öz ölkələrinə repatriasiya edildikdən sonra yenidən insan alverinə məruz qalma riski və ya insan alverçiləri tərəfindən təqiblə üzləşmə təhlükəsi baxımından risk və təhlükə dərəcəsinin qiymətləndirilməsi aparılır, belə qiymətləndirmənin nəticələri repatriasiya prosesi zamanı nəzərə alınır.

2.11. Risk və təhlükə dərəcəsi aşağıdakı göstəricilər üzrə qiymətləndirilir:

2.11.1. qurbanların repatriasiya edilməsindən sonra yenidən insan alverinə məruz qalma ehtimalı;

2.11.2. qurbanların repatriasiya edilməsindən sonra insan alverçiləri tərəfindən təqiblə üzləşmə təhlükəsi;

2.11.3. qurbanların repatriasiya ediləcəyi ölkələrin insan alverinin törədilməsində mənşə, tranzit və ya təyinat ölkəsi qismində çıxış etmələri;

2.11.4. qurbanların repatriasiya ediləcəyi ölkələrdə belə şəxslər üçün reabilitasiya və reinteqrasiya proqramlarının mövcudluğu;

2.11.5. qurbanların repatriasiya ediləcəyi ölkələrdə onlara zəruri sosial xidmət göstərəcək dövlət və qeyri-dövlət qurumlarının potensial imkanları;

2.11.6. qurbanların repatriasiya ediləcəyi ölkələrin insan alverinə qarşı mübarizədə qətiyyətli olması və zəruri dəstəyin göstərilə biləcəyi səviyyə;

2.11.7. risk və təhlükə dərəcəsinin qiymətləndirilməsi üzrə spesifik olan digər göstəricilər.

2.12. Qurbanlara onları qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azaldılmasına dair tövsiyələr verilir, habelə bu mümkün olduğu halda qəbul edən ölkələrdə onlara yardım edə biləcək hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin və sosial təminat qurumlarının əlaqə məlumatları təqdim edilir.

2.13. Azərbaycana repatriasiya edilmiş insan alveri qurbanlarının peşə qabiliyyətinə yiyələnməsi və ya peşə qabiliyyətlərinin təkmilləşdirilməsi, təhsil sistemindən faydalanması, əmək bazarına inteqrasiya olunması və ümumilikdə sosial reabilitasiyası, normal həyat tərzinə qayıtması istiqamətində “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları” və 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları” çərçivəsində tədbirlər görülür.

2.14. Qurbanların repatriasiya prosesinə, xüsusən bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə müvafiq vətəndaş cəmiyyəti üzvləri, əsasən insan alverinə qarşı mübarizə sahəsində peşəkarlaşmış və ixtisaslı qeyri-hökumət təşkilatları cəlb edilə bilər.

2.15. Repatriasiya zamanı insan alveri qurbanları ilə bağlı konfidensiallığın qorunması üzrə aşağıdakı məsələlər nəzarətdə saxlanılmalıdır:

2.15.1. insan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatlar yayılmamalıdır;

2.15.2. insan alveri qurbanlarının, onların yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatlar konfidensial hesab edilir və onların yayılması qadağandır;

2.15.3. insan alverindən zərər çəkmiş şəxslər haqqında konfidensial məlumatları və ya onlar barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

3.1. İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur, habelə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.

3.2. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə və yaxud valideynlərinə qaytarılmasına yalnız uşağın yenidən insan alverinin qurbanı olması ehtimalı istisna edildikdə yol verilir. Onların ailələrinin, qanuni nümayəndələrinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər yerinə yetirilir.

3.3. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə və yaxud valideynlərinə qaytarılması məsələsi həll olunarkən, 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.

3.4. Repatriasiyaya dair risk və təhlükə dərəcəsinin qiymətləndirilməsi nəticəsində insan alverinin qurbanı olan uşaqların repatriasiyası onların mənafeyinə zidd hesab edildiyi təqdirdə, onlar geri qaytarılmır və həmin uşaqların ölkə ərazisində qanuni yaşamasının təmin edilməsi istiqamətində (ölkədə olmasının rəsmiləşdirilməsi, sənədlərlə təmin edilməsi, sosial reabilitasiyası) müvafiq tədbirlər görülür.

3.5. Repatriasiya zamanı insan alverindən zərər çəkmiş uşaqların təhsil hüququndan faydalanma imkanlarının və onlara zəruri qayğının göstərilməsinin təmin olunması, ailələr və ya qayğı göstərən müvafiq qurumlar tərəfindən onların qəbul olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmalıdır.

3.6. İnsan alverinin qurbanı olmuş uşaqların repatriasiyasının daha effektiv və təhlükəsiz təmin edilməsi məqsədi ilə onların repatriasiya prosesində müşayiət edilməsi məsələsi nəzərdən keçirilir.

3.7. İnsan alverinin qurbanı olmuş uşaqların repatriasiyası da daxil olmaqla, onlara göstərilən hər növ yardım zamanı “Uşaq hüquqları haqqında” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların hüquqlarının və qanuni maraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir.

4.1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 (bir) il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir, habelə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmur.

4.2. Bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində cinayət təqibi başa çatanadək, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq olunmur, habelə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.

4.3. Qurban 1 (bir) il müddətində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında yaşamaq hüququ əldə etmək üçün müraciət edə bilər.

4.4. Bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulan yaşamaq hüququnu əldə etmək üçün edilmiş müraciətə baxılarkən aşağıdakılar nəzərə alınır:

4.4.1. insan alveri qurbanının cinayət təqibi orqanları ilə əməkdaşlıq etməsi;

4.4.2. insan alveri qurbanının məruz qaldığı fiziki və mənəvi iztirablar;

4.4.3. insan alverinin qurbanı olması müddəti;

4.4.4. insan alverinin qurbanının öz ölkəsinə repatriasiya edilməsindən sonra yenidən insan alverinin qurbanına çevrilməsi riski və ya insan alverçiləri tərəfindən təqibə məruz qalması təhlükəsi.

5.1. İnsan alveri qurbanlarının müdafiəsinin və sosial reabilitasiya-sının təkmilləşdirilməsi məqsədi ilə onların təhlükəsiz repatriasiyası üzrə dövlət orqanları tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

5.1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən:

5.1.1.1. Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olan qurbanların şəxsiyyətlərinin müəyyən olunması, müvafiq sənədlərlə təmin edilməsi, onların nəqliyyat və repatriasiya ilə bağlı digər zəruri xərclərinin ödənilməsinə köməklik göstərilməsi, belə qurbanların qəbul ediləcəyi ölkədə insan alverinin qurbanı olması təhlükəsinin azaldılması;

5.1.1.2. qurbanların repatriasiyasına yardım məqsədi ilə mənşə ölkələrinin müvafiq dövlət orqanları ilə əlaqələrin genişləndirilməsi;

5.1.1.3. qurbanların qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etməsi;

5.1.1.4. şəxsin gələcəkdə yenidən qurban olmaq riskinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində preventiv tədbirlərin görülməsi.

5.1.2. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, qəyyumluq və himayə orqanları (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar), uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən:

5.1.2.1. insan alverinin qurbanı olmuş uşaqların öz ölkəsinə repatriasiyası zamanı mənşə ölkəsində himayədarın müəyyən edilməsi;

5.1.2.2. insan alverinin qurbanı olmuş uşaqların təhlükəsiz repatriasiyası.

5.1.3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən:

5.1.3.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının yerləşdikləri ölkələrin insan alverinə qarşı mübarizə aparan orqanları ilə əməkdaşlığının təkmilləşdirilməsi;

5.1.3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alveri qurbanlarının Azərbaycan Respublikasına qayıtması üçün yardım göstərilməsi, onlara qısa müddətdə Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlərin verilməsi.

5.1.4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən:

5.1.4.1. insan alverinin qurbanı olmuş uşağın müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi;

5.1.4.2. 10 yaşından yuxarı yaş həddində olan uşağın, ümumiyyətlə təhsilə cəlb olunmadığı aşkar edilərsə, onun bilik və bacarıq səviyyəsinin, həmçinin uşağın təhsil alacağı məktəb və sinfin müəyyənləşdirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsində və regional təhsil idarələrində xüsusi təhsil komissiyasının təşkil edilməsi;

5.1.4.3. psixoloji-sosial durumundan asılı olaraq reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsillərinin həmin yerlərdə təşkil edilməsi;

5.1.4.4. insan alverinin qurbanı olmuş uşağın ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə diskriminasiyaya məruz qalmasının qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərləri tərəfindən uşağın keçmişi ilə bağlı məlumatların məxfiliyinin qorunması.

1. 5 may 2014-cü il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 may 2014-cü il, № 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 562)

2. 1 dekabr 2021-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2021-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1505)

3. 19 aprel 2022-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 412)

4. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

5. 6 may 2026-cı il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 may 2026-cı il, “Azərbaycan” qəzeti, 8 may 2026-cı il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 457)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver