“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.3-1.7-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).
5. “İnsanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə).
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 27 aprel 2011-ci il
1. Bu Qayda “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin edilməsi qaydalarını müəyyən edir.
2. Şəxsin İİV-ə yoluxma faktı təsdiq edildikdə, onunla aşağıdakı qaydada iş aparılır:
2.1. İİV-ə yoluxmuş şəxsə tibb personalı tərəfindən virusun ötürülmə yolları (o cümlədən, cinsi əlaqələr vasitəsilə) haqqında məlumatlar verilir;
2.2. İİV-li şəxslərə infeksiyanın yayılmasının qarşısının alınması qaydalarına riayət etmək tapşırılır və yoluxma təhlükəsi yaratmağa və ya qəsdən başqasını yoluxdurmağa görə cinayət məsuliyyəti daşımaları haqqında xəbərdarlıq edilir;
2.3. xəstəyə qoruyucu vasitələrin istifadəsinin əhəmiyyəti başa salınır və onların istifadəsinin vacibliyi izah olunur.
3. İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə (prezervativlərlə) təminatı onlara ərazi üzrə xidmət göstərən İİV/QİÇS-lə mübarizə xidməti müəssisələri (Respublika QİÇS-lə Mübarizə Mərkəzi, regional mərkəzlər) və ambulator-poliklinika şəbəkəsinin infeksion xəstəliklər kabinetləri tərəfindən həyata keçirilir.
4. İİV-li xəstənin qoruyucu vasitələrə olan fizioloji tələbatı müalicə və müşahidə edən həkim tərəfindən fərdi qaydada müəyyənləşdirilir, onun miqdarı, təchizat dövrü (adətən aylıq) təyin edilir.
5. İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə təminatı onların İİV statusu haqqında məlumatın konfidensiallığının qorunması şərtilə pulsuz qaydada həyata keçirilir.
6. Qoruyucu vasitələrlə təminatın qeydiyyatı kağız üzərində və elektron daşıyıcısında aparılır.
7. Penitensiar müəssisələrdə saxlanılan İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə (prezervativlərlə) təminatı həmin müəssisələrin tibb xidməti tərəfindən bu Qaydaya uyğun həyata keçirilir.
8. Bu tədbirlərin icrası ilə əlaqədar tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində hər il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
1. Bu Siyahı “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısını müəyyən edir.
2. İİV-lə yaşayan şəxslərin səhhətinə mənfi təsir göstərən, immun sistemini zəiflədən peşə və vəzifələr aşağıdakılardır:
2.1. yüksək, yaxud aşağı temperatur və təzyiq altında (isti, soyuq, kesson və yüksəklik şəraitli iş yerləri), vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesi olan peşə və vəzifələr;
2.2. kimya sənayesi sexlərində (laklar, boyalar, plastmas, dəri istehsalı, neft-qaz-kimya prosesləri, sement, toz istehsalı və s.), kimya-əczaçılıq (dərman preparatları), kimya-biologiya (vaksinlər, zərdablar, bioaktiv tədqiqat və müalicə materialları) müəssisələrində bilavasitə kimyəvi amillərin orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;
2.3. sənaye, mədən və digər istehsalat sahələrində, mədənçıxarma obyektlərində (kömür, neft, qaz, filiz), sənaye (turşular, reaktivlər, polimerlər istehsalı və s.) müəssisələrində aerozolların və digər maddələrin bilavasitə orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;
2.4. fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, dövlət mühafizəsi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr;
2.5. tibb müəssisələrində invaziv müdaxilələrlə məşğul olan (başqalarını yoluxdurmaq riski yüksək olan) bütün peşə və vəzifələr.
Bu sənəd “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.5-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmini müəyyən edir (1-3 nömrəli cədvəllər).
İİV-ə seroloji testlər: skrininq testi (İFA), sonrakı təsdiqləyici testlər (İFA, immunoblottinq və polimeraz zəncirvari reaksiya-PZR)
İmmunoloji statusun təyin edilməsi
Virus yükünün PZR üsulu ilə təyin edilməsi
İFA üsulu ilə sifilisə görə müayinə
bütün xəstələr üçün: qeydiyyata götürülərkən, nəticə mənfi alındıqda, risk qrupu nümayəndələri üçün — ildə 1 dəfə
Hepatit C-yə görə seroloji test: hepatit C virusuna (HCV) anticismlərin müəyyən edilməsi
bütün xəstələr üçün: qeydiyyata götürülərkən, nəticə mənfi alındıqda, risk qrupu nümayəndələri üçün — ildə 1 dəfə
Hepatit B-yə görə seroloji test: hepatit B virusunun (HBV) səthi antigeninin – HbsAg-in müəyyən edilməsi
bütün xəstələr üçün: qeydiyyata götürülərkən, nəticə mənfi alındıqda, risk qrupu nümayəndələri üçün — ildə 1 dəfə
Toksoplazmaya qarşı Ig-G-anticismlərin İFA üsulu ilə müəyyən edilməsi
göstəriş olarsa: CD4 limfositlərinin sayı 100 mkl-dən az olan pasiyentlər üçün
Qonoreyaya görə və uro-henital xlamidiozun aşkarlanması üçün yaxma götürülməsi
Sitomeqalovirusun antigeninin müəyyən edilməsi (erkən antigen pp65)
göstəriş olarsa: CD4 limfositlərinin sayı 100/mkl-dən az olan pasiyentlər üçün
Kriptokokkoz törədicisinin anti-geninin təyin edilməsi
göstəriş olarsa: CD4 limfositlərinin sayı <200/mkl və xəstəliyin əlamətləri olduqda
Qanın ümumi müayinəsi (trombositlərin təyin edilməsi və diferensiasiyası ilə)
Qaraciyər funksiyasının biokimyəvi göstəricilərinin təyin edilməsi (AlAT, AsAT, qələvi fosfataza, bilirubin)
Böyrək funksiyası göstəricilərinin təyin edilməsi (kreatinin, sidik cövhəri)
BNM (beynəlxalq normalaşdırılmış münasibət) sürətli testi (protrombin vaxtı)
ART-yə başlamazdan əvvəl, reproduktiv yaşlı qadınlar üçün
venadaxili narkotik istifadəçiləri üçün
Xolesterinin (yüksək sıxlıqlı lipoproteidlər (YSLP), çox aşağı sıxlıqlı lipoproteidlər (ÇASLP), triqliseridlər, lipaza, C-reaktiv zülal, qlükoza və tireotrop hormonun (TTH) müəyyən edilməsi (mümkün olduqda)
vərəm simptomları olmayan pasiyentlər üçün — ildə 1 dəfə
Döş qəfəsinin rentgenoskopiyası
Bəlğəmin mikroskopik müayinəsi
vərəm simptomları olan pasiyentlər üçün — 3 dəfə təkrar
Bəlğəmin kultural müayinəsi
ürək-damar xəstəliklərinin yüksək riski olduqda
göstəriş olarsa: virus hepatitləri C və B, ağciyərdən kənar TB, şişlər
göstəriş olarsa: mədə-bağırsaq traktı xəstəliklərinin kliniki əlamətləri
Kompüter tomoqrafiyası
Nüvə-maqnit rezonansı
limfoproliferativ xəstəliklər və şişlər
venadaxili narkotik istifadəçiləri üçün — mütəmadi olaraq
CD4 - limfositlərinin sayı 100 mkl-dan az olan pasiyentlər üçün — 3 ayda 1 dəfə
ağız boşluğunun kandidozu, tüklü leykoplakiya, birincili sifilis olduqda
uşaqlıq boynu xərçənginin aşkar edilməsi məqsədi ilə — 6 ayda 1 dəfə
cinsi yolla yoluxan infeksiyaların əlamətləri olduqda
Virus yükünün müəyyən edilməsi
müalicənin 8, 24, 36, 48-ci həftəsində
CD-4 limfositlərinin sayının müəyyən edilməsi
müalicənin 8, 24, 36, 48-ci həftəsində
Qanın ümumi müayinəsi
müalicənin 4, 8, 24, 36, 48-ci həftəsində
Qaraciyər funksiyasının biokimyəvi müayinəsi
müalicənin 4, 8, 16, 24, 36, 48-ci həftəsində
Xolesterin və triqliseridlərin müəyyən edilməsi
müalicənin 16, 48-ci həftəsində (sxemdə Proteaza inhibitorları olarsa)
Qeyd. Bu tədbirlərin icrası ilə əlaqədar tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində hər il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
1. Bu Qayda “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.6-cı bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması qaydalarını müəyyən edir.
2. İİV-lə yaşayan ana infeksiyanın anadan uşağa ötürülməsi yolları (o cümlədən, ana südü vasitəsilə ötürülmə), həmçinin uşaq qida məhsullarının istifadəsinin əhəmiyyəti barədə tibb personalı tərəfindən məlumatlandırılır.
3. İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə təminatı onlara ərazi üzrə xidmət göstərən ambulator-poliklinika şəbəkəsi tərəfindən sahə həkiminin (pediatr) və ya ailə həkiminin nəzarəti altında həyata keçirilir.
4. Penitensiar müəssisələrdə saxlanılan İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə təminatı həmin müəssisələr vasitəsilə hər ikisinin İİV statusu haqqında məlumatın konfidensiallığının qorunması şərtilə pulsuz qaydada həyata keçirilir.
5. İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə təminatının qeydiyyatı kağız üzərində və elektron daşıyıcısında aparılır.
6. Süni qidalanan bir yaşadək uşaqlar qida məhsulları (süd qarışıqları və digər qida normaları) ilə 15 gündən bir təmin olunurlar.
7. Qaydada əks olunan tədbirlərin icrası ilə əlaqədar tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində hər il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
1. Bu Qayda “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.7-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi qaydalarını müəyyən edir.
2. İİV infeksiyasının profilaktikası məqsədi ilə zərərin azaldılması proqramları çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilir:
2.1. ümumi əhali arasında İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə qabaqlayıcı üsullar vasitəsilə tərbiyəvi, maarifləndirmə, məlumatlandırma, müalicəvi, tibbi-profilaktik və məsləhət xarakterli tədbirlər həyata keçirilir;
2.2. yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə aşağıdakılar həyata keçirilir:
2.2.1. inyeksion narkotik istifadəçilərinin steril şpris, iynə və digər ləvazimatlarla təmin edilməsi;
2.2.2. opiod asılılığı olan narkotik istifadəçilərinin əvəzedici terapiyaya cəlb edilməsi;
2.2.3. qrup nümayəndələri üçün İİV-lə yoluxma yolları, onun qarşısının alınması üsulları, təhlükəsiz davranış haqqında məlumat-landırma və maarifləndirmə tədbirləri;
2.2.4. İİV-ə yoluxmanın profilaktikası (tibbi-profilaktik maarifləndirmə) məqsədi ilə könüllü testləşdirmə və məsləhətləşmənin genişləndirilməsi;
2.3. İİV-ə yoluxmuş şəxslər tərəfindən İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
2.3.1. İİV-ə yoluxmuş inyeksion narkotik istifadəçilərinin steril şpris, iynə və digər ləvazimatla təmin olunması;
2.3.2. İİV-ə yoluxmuş şəxslərə İİV-in cinsi yolla ötürülməsinin profilaktikası məqsədi ilə qoruyucu vasitələrin paylanması;
2.3.3. İİV-lə yoluxma yolları, onun qarşısının alınması üsulları, təhlükəsiz davranış haqqında məlumatlandırma;
2.3.4. İİV-li şəxslərin infeksiyanın yayılmasının profilaktikası məqsədi ilə antiretrovirus terapiyasına cəlb olunması;
2.3.5. İİV-li şəxslərin ikincili xəstəliklərinin (A və B hepatitləri) müayinəsi, onlara qarşı peyvənd olunması və müalicəsi (vərəm, B, C hepatitləri).
3. Bu tədbirlərin icrası ilə əlaqədar tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində hər il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Penitensiar müəssisələrdə İİV infeksiyasının profilaktikası məqsədi ilə zərərin azaldılmasına dair tədbirlər bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
1. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
2. 25 avqust 2022-ci il tarixli 337 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1024)
3. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)