1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. İİV — insanın immunçatışmazlığı virusu;
1.0.2. İİV infeksiyası — İİV-in törətdiyi xəstəlik;
1.0.3. QİÇS — qazanılmış immunçatışmazlığı sindromu (İİV infeksiyasının son mərhələsində insanın immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan xəstəlik);
1.0.4. İİV-müsbət status — insan orqanizmində yoluxma faktını təsdiq edən İİV-in və ona qarşı anticisimlərin olması;
1.0.5. İİV-lə yaşayan şəxslər — İİV-ə yoluxmuş və həm xəstəliyin əlamətlərinin olmayan mərhələsində, həm də immun sisteminin dərin zədələnməsi mərhələsində olan şəxslər;
1.0.6. İİV-ə anonim müayinə — şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədən və ya şəxsi məlumatları bildirmədən İİV-ə tibbi müayinə;
1.0.7. İİV-ə konfidensial müayinə — müayinə və onun nəticələri barədə məlumatın gizli saxlanılmasına zəmanət verməklə İİV-ə tibbi müayinə;
1.0.8. psixososial məsləhətləşmə — psixoemosional stressin aradan götürülməsi və İİV-lə əlaqədar düzgün davranış qaydalarının müəyyən edilməsi məqsədilə müayinə olunan (müayinə olunmuş) şəxslə tibb işçisi və ya sosial işçi arasında testdən əvvəl və sonra aparılan konfidensial dialoq;
1.0.9. yüksək riskli əhali qrupları — İİV-ə yoluxmaya münasibətdə riskli davranış tətbiq edən və ictimai sağlamlığa təhlükə yaradan əhali qrupları (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə tətbiq edən şəxslər, cinsi azlıqlar və s.);
1.0.10. postkontakt profilaktika — peşə fəaliyyəti ilə əlaqədar, yaxud hər hansı təsadüfi və ya zorakı seksual münasibətlər və digər riskli davranış zamanı İİV-lə yoluxma riski olduqda yoluxma ehtimalını azaltmaq məqsədi ilə tətbiq edilən yüksək aktiv antiretrovirus müalicəsi kursu;
1.0.11. antiretrovirus müalicəsi — orqanizmdə İİV-in çoxalmasının və yayılmasının qarşısını almaq məqsədilə spesifik dərman vasitələrindən istifadə etməklə aparılan müalicə;
1.0.12. İİV-in anadan uşağa ötürülməsinin profilaktikası — hamiləlik dövründə, doğuş və ana südü ilə qidalandırma zamanı İİV-in anadan uşağa keçməsinin qarşısının alınmasına yönəldilmiş kompleks profilaktik tədbirlər sistemi;
1.0.13. palliativ yardım — müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsi üzrə tədbirlər sistemi;
1.0.14. əvəzedici müalicə — opioidlərdən asılı inyeksion narkotik istifadəçilərinin ölkədə qeydiyyatdan keçmiş əvəzedici opioid dərman vasitələri ilə (qeyri-inyeksion üsullarla) müalicəsi.