Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası R. Məmmədovun sədrliyi, kollegiya üzvləri İ. Nağıyev, Z. Hüseynov və B. Əsədovun iştirakı, G. Məmmədovun katibliyi ilə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hakimi Əhmədova Svetlana Xalid qızının barəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 19 iyul 2002-ci il tarixli qərarına əsasən başlanmış intizam icraatı materiallarına baxaraq
Bakı şəhəri, Nizami rayon Məhkəməsi hakim S. X. Əhmədovanın sədrliyi ilə 2 iyul 2002-ci ildə hökmün icrası qaydasında işə baxaraq, Azərbaycan Respublikası ƏNMQİBİ-nin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əliasəf Rza oğlu Mahmudovun cəzaçəkmə müəssisəsinin növünü dəyişdirərək onu məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 25 iyul 2002-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir.
Qərarın qəbul edilməsində kobud qanun pozuntusuna yol verildiyinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri öz qərarı ilə hakim S. X. Əhmədovanın barəsində intizam icraatı başlamışdır.
Hakim S. X. Əhmədova İntizam kollegiyasının iclasında izahat verərək göstərdi ki, bu qərarı qəbul edərək o, məhkumun müsbət xarakterizə edilməsini, əməlinin az ağır cinayət olduğunu, cəzanın üçdə ikidən çox hissəsini çəkmiş olduğunu nəzərə almış, lakin bu zaman təcrübəsizliyindən səhvə yol verərək cəzaçəkmə müəssisəsinin təqdimatı olmadığına əhəmiyyət verməmiş, onların məhkum barəsində mülahizəsini öyrənməmişdir.
İntizam icraatında olan materialların öyrənilməsi göstərir ki, barəsində qərar qəbul edilən Ə. R. Mahmudov 1994-cü ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, xüsusilə ağır dövləti cinayətlər törətməkdə təqsirləndirilən bir qrup şəxslərin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılmasında və sonradan həmin şəxslərdən birinin və MTN-nin istintaq təcridxanasının əməkdaşının gizlədilməsində, onların maddi təchiz edilməsində iştirak etdiyinə, dövlət əmlakının mənimsənilməsi və digər cinayətlər törətdiyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 aprel 1998-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 88-1, 15, 170-ci maddəsinin 3-cü hissəsi, 167-ci maddənin 2-ci hissəsi, 172-ci maddə, 17, 185-ci maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək, CM-nin 38-ci maddəsinə əsasən qəti olaraq əmlakı müsadirə etməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati Hüquqpozmalara Dair İşlər Üzrə Məhkəmə Kollegiyasının 18 dekabr 2001-ci il tarixli qərarı ilə məhkum Ə. R. Mahmudovun əməlləri 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinə uyğun olaraq tövsif olunmuş və cəza müddəti 7 ilə endirilmişdir.
İntizam kollegiyasında işə baxılarkən müəyyən edildi ki, hakim müvafiq qərarı qəbul edərkən Azərbaycan Respublikasının CPM-nin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinin mənasına görə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsinin həlli zamanı məhkəmə məhkumun ərizəsi ilə yanaşı, bu məsələ barədə cəzaçəkmə müəssisəsinin təqdimatı olub-olmadığını aydınlaşdırmalıdır. Lakin Nizami rayon Məhkəməsi yuxarıda qeyd olunan məsələ ilə əlaqədar məhkum Ə. R. Mahmudovun xasiyyətnaməsində əvvəllər dəfələrlə daxili rejim qaydalarını pozmağa görə cəzalandırılmış olduğunun qeyd edildiyini nəzərə almamış, belə vəziyyətdə onun cəza çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsinin müvafiq mülahizəsini rəsmi şəkildə tələb edərək almalı olduğu halda bunu etməmiş, Bakı şəhəri 13 saylı hüquq məsləhətxanasının məktubuna əsasən 6 saylı cəzaçəkmə müəssisəsindən 23 may 2002-ci il tarixdə bu məsləhətxanaya məhkum Ə. R. Mahmudov haqqında verilmiş xasiyyətnamədə onun son vaxtlar müsbət səciyyələndirildiyinə istinad etmişdir.
Beləliklə, Nizami rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinin tələbləri pozulmaqla məhkum Ə. R. Mahmudovun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilmişdir.
Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası Nizami rayon Məhkəməsinin hakimi S. X. Əhmədovanın barəsində intizam icraatı başlanılmasını əsaslı hesab edərək, onun intizam məsuliyyətinə cəlb edilməsini məqsədə müvafiq hesab edir.
Göstərilənlərə əsasən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 111 və 112-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası
Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hakimi Svetlana Xalid qızı Əhmədovaya töhmət elan edilsin.
İntizam kollegiyasının qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyasına 10 gün müddətində şikayət verilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 5 avqust 2002-ci il